Sentyabrın 24-də “Azərbaycan kino günləri” çərçivəsində Özbəkistanın Almalıq şəhərində yerləşən Metallurq Mədəniyyət Sarayında Azərbaycan nümayəndə heyəti ilə özbək tamaşaçılarının görüşü keçirilib.
Lent.az-n məlumatına görə, şəhər rəhbərliyi ilə birgə təşkil olunan tədbirdə Özbəkistanın elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, kinosevərlər iştirak ediblər.
Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, Əməkdar İncəsənət xadimi, kinoşünas-kinorejissor Ayaz Salayev, kinorejissor Şamil Əliyev çıxış edərək Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, ölkələrimiz arasında mədəniyyət, o cümlədən kino sahəsindəki əlaqələrdən danışıblar.
Sonra müasir Azərbaycan kinematoqrafçılarının çəkdiyi “Çölçü” bədii filmi nümayiş olunub və tamaşaçılar böyük maraqla qarşılayıb.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan kinosu günləri” Daşkənd, Səmərqənd və Almalıq şəhərlərində keçirilir.