“Ağlıma qəlbimlə bir hicab örtdüm” – AKSARAY NAĞILI
09 yanvar 2014 17:10 (UTC +04:00)

“Ağlıma qəlbimlə bir hicab örtdüm” – AKSARAY NAĞILI

“Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” silsiləsindən

 

Dəqiqələrin, saatların necə keçib getməsinin fərqində belə ola bilmədik. Konya məftunluğu, Konya əfsunu hər anımızı, udduğumuz havanı, aldığımız nəfəsi, baxışlarımızı öz kutsal yaşantısının gül ətrinə bələmişdi. Qulaqlarımda “Məsnəvi”dən oxuduğum şah beytlər kıpır-kıpır qımıldanmaqdaydı:

 

Günlər keçdikcə

Keçib getsin, nə qəm!

Ey təmizlikdə

Bənzəri olmayan eşqimiz,

Yetər ki, sən qal...

 

Təki üzüntülərimizdən uzanmasın, vaxtsız hala gəlməsin, yanmalara yoldaş olmasın günlərimiz. Mövlananın öz istəyi, arzuları belə olub.

Günləri bu istək boyunca yaşamaq xoşdu.

Konyada olduğumuz hər dəqiqə, saat, gün çox-çox xoş olan bir səfər, səyahət anından daha çox dinləmək, yüzilliklərin bu başından o başına dinşək kəsilmək məqamı, ziyarəti oldu.

“Qurani-Kərim”in “Oxu!” hökmü “Məsnəvi”də “Dinlə” kəlməsilə təfsir olunur.  Başa düşüləni, dərk olunanı odur ki, “kəlami-ilahini dinlə! Sirlərə qulaq as! Səndə həkk olunmuş həqiqətləri dinlə!”

Konya yüzilliklərin sükut dililə danışan köklü kimidi. Sadəcə, qulaqla yox, ruhla dinlənilə bilər. Öyləcə də dinlədik.

Hər daşında, küçəsində, mədəniyyət abidəsində hökm edən sükut dünyasının yaddaşa nəql etdiklərini dinləyə-dinləyə ayrıldıq Konyadan.

Ankara-Aksarayarası ən çoxu iki saatlıq yoldur demişdilər. Ancaq o iki saatlıq məsafənin hər qədəmi bir əbədiyyət yaşamı kimi unudulmaz idi. Yol boyu lövhələrin xəbərdarlığı “yavaş sür!” deyə şəkillənmişdi.

Fikrin sürətini durdurmaq isə mümkünsüzdür. “Dur, toxta” deməyimiz mümkünsüz idi.

Abad, rahat Aksaray yolu... Karapinar-Erbil yolunun sağ səmti geniş düzənliklərlə əhatələnib. Könül kimi açıqdı dost gəlişinə. Solu təpəlikdi və yumru-yumru. Bir silsilə olaraq uzanıb gedir. Ariflər bilir ki, haradasa dağ ucalığına, qaya silsiləsinə qovuşub gedəcək yumru təpələr.

Keçib gedən anlar, rüzigarlar ömrün anları kimidi... Bir ucdan yaddaşa damır hər qədəm... Bir damcı Sultan Sarayıdı. Sonra da bir damcı – Aksaray gəlir. Varana qədər 120 km yol getməliyik hələ. Keçdiyimiz yamaclar boyu qarşıya çıxanlar xatirə bağları kimi, elə bil hər tarixi yurd yerlərini Ankara-Aksaray yolu təsbeh dənələri kimi bir səfə düzüb, keçib getdiyimiz bölgənin təbiət özəllikləri bizim Şirvan, bir az da irəlilədikcə Füzuli, Cəbrayıl bölgələrini daha çox xatırladır. Daha biçimli şəkildə Füzuli rayonunun özünəməxsus təbiəti gəlir göz önünə - torpağının kəhraba rənginə qədər. Qəribə bir sarımtıllıq, kəhraba rəngi enib göz işlədikcə uzanan çöllüklərin üzərinə.

Baxıram, Kızörəndi bu gördüyüm səmt. Yolun lap əlyetərində usta Həsənin (Həsən usta deyə yazılıb) təmir emalatxanası xidmətdə durub.

Bu səmtdə süni suvarma sistemləri təkcə evlərə, insanlara yox, torpağa, əkinçilik təsərrüfatına da modern, müasir xidmət göstərməkdədi. Baxdıqca Dədəmiz Qorqudun öyüd-nəsihəti keçir ağlımdan: “Torpağı əkib-becərməsən qorumağa, qorumasan əkib-becərməyə dəyməz”.

Bu, Yenicədi... Başlamağıyla bitməsi bir göz qırpımı qədərdi. Beşağıl kəndi də elə... Maşın nəfəsi önündə eni-uzunu nədi ki? Sevimli şairimiz Məmməd Aslan demiş:

 

Dünya dəyirmandı, Məmməd bir dəndi,

Bu başdan düşməmiş, o başdan çıxar.

 

Eşmekaya köyünün ətrafı boyunca göz yetirib baxıram. Qoyun qatığı (yoğurt deyir türk qardaşlarımız) ilə məşhurdu bu tərəflər.

Eşmekaya bötün şəkillənməsi, görünüş etibarı ilə bizim Aran köyləri kimidi. Elə bil bizim Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi çöllüklərinə səfər edibsən. Yurd-yurda, torpaq-torpağa bənzəyir. Arada ağaclar çəkir nəzəri. Seyrək, bir-birindən ayrı düşmüş adamlar kimidilər. Elə bil Şəms həzrətləri ilə Mövlana ayrılığı düşüb araya.

Sanki Mövlana anladır:

 

Mənim sirrim fəryadımdan ayrı deyildi,

Ancaq hər gözdə, qulaqda nur yox...

 

Fərqindəyəm Mövlana həzrətlərinin söz, vəsiyyət yadigarlarının: “Qəlbi təmiz, riqqətli olanlardan və həqiqətə aşina olanlardan başqalarının bu Məsnəviyə toxunmaları qadağandır”.

Konya-Aksaray arası hər cür qəlbsizlərə, həqiqətə aşina olmayanlara yasaq, qadağan olan yerlərdi. Bura munislər, mənəvi paklar məqamıdı. Gərək bu ruh təmizliyinə sahib çıxasan, özününküləşdirəsən, sonra bu yolların yolçuluğunu edəsən.

Yaddaşımda Mövlananın Şəms önündəki etirafları paklıq ilğımı kimi sayrışır: “Səni tanıdıqdan sonra insanların bildiyi mənada diri deyiləm, başqa bir diriliyə qovuşaraq öldüm...”

Konya-Aksaray arası yolçuluq başqa bir diriliyə qovuşaraq yaşamaq məqamıdı. Gərək dəmadəm bu unudulmaz münasibət dünyasının nədənliyinə könül aça biləsən:

Mövlana söylədi ki, “Bundan sonra sənin məni apardığın lədun aləmində mövqe və mənsəb axtarmağa başlayacam. Əvvəlki varlığıma aid hər şeyi tərk etdim. Onlardan xilas oldum”.

Şəmsə “qolun-qanadın var – dedi, - mən sənin qol-qanadın ola bilmərəm... Alimsən, başçısan, səltənətin var!”

- Bundan sonra zahir aləminin alimi deyiləm, başçı deyiləm, rəhbər deyiləm – dedi Mövlana. – Sənin məşəlinin işıqlandırdığı ağılüstü bir aləmdə fəqir və qərib bir səyyaham.

Şəms yenidən: - Səndə hələ də ağıl var! – dedi. – Bu səbəbdən divanə olmadığına görə bu evin də məhrəmi deyilsən!

Mövlana söylədi ki, bundan sonra ağlıma qəlbimlə bir hicab örtdüm, divanə oldum...

Heyran, divanə olmaq məqamıdı Konya – Aksaray yolları boyu göz dolusu baxdıqlarım. Hər qədəmi Mövlananın Məsnəvi diliylə sözə gələr, fikrini diktə edər.

 

Mərifət sahibi olan insanı təmsil edən

neyi dinlə

Ayrılıq şikayətlərinin həyəcanını iç.

 

“Keçdiyim hər yol, cığır, baxır, arxamca baxır... Deyir, deyir, deyir ayrılma məndən”.

Eynən bu gözəlim mahnıda deyildiyi kimi arxamızca boylanır, əl edir Yenicə, Eşme Kaya. Qarşımızda isə Yenikənddi, Akhandı. Aksaraya hələ 53 km var. Hər kilometrim də öz unudulmaz xatirə payı, yaddaş ərməğanı.

Bir ərməğan Seyid Yəhya əş-Şirvani əl-Bakuvidən gəlir:

Böyük filosofun “Şəfa əl-Əsrar” əsərində yer alan kəlamlardandı; Həzrəti Əliyə (r.a.) istinad edir: “Qulun dəstəmaz alması üçün öncə beş şeydən təmizlənməsi lazımdır; qəlbi hiylə və yalandan, təkəbbür və həsəddən, kin və ədavətdən təmizlənməsi gərəkdi, ikincisi, dilini qeybət, yalan, faydasız, kobud söz və böhtanlardan təmizləməlidi;

Bətnini haram və şübhəli şeylərdən təmizləməlidir;

Bədəni haram libaslardan təmizlənməlidi;

Beşincisi zahiri təharətdir”.

Deməli, beşdi qalanın yolları. Beşini də bir araya gətirib, beşinə də baş əyib, bağır basa-basa keçməlisən hər cür munisliyin, eyni zamanda da Aksarayın qapısından...

Şeyx Hamidi Vəli Həzrətlərinin əbədiyyət hücrəsi burda... Nəvələri Ebu Hamidi Vəlinin, Övliya şeyx Hamid Eddin-in Aksarayının məzarları burda... Müridi Şeyx Pertelfi Sultan, Şeyx Kamaləddin Sultan burada uyuyur. Hər birinin xatirəsini dərin ehtiramla anır, dualar oxuyur, səcdələrinə dururam.  

Sonuncu baba Məscidini ziyarət edirəm. Ətrafında sərgilənən qəbiristanlıqda uyuyanların ruhuna salamlar göndərirəm, Şamdan sonra ən böyük qəbiristanlıqdı deyirlər. Yeddi min behiştlik uyuyur burda.

Muzeyi Şam Beyzadi dərgahı və Qazi Rumidən dərs alma səhnəsi burada əbədiləşib. Ərdəbil təknəsi, ziyarətgah halqası burda əbədiyyət ömrü yaşayır.

Bir görünüşdə ustad Bursada Əmir Sultanın çömləyin atəşsiz fırında bişirilməsi sirrini yetirmələrinə öyrədir.

Digər bir görünüşdə ustad Bursadakı Ulu Caminin inşasında çalışan sənətkarlarla bir aradadı, onlara çörək paylayır.

Bizi qarşılayan məscid xidmətçilərindən biri bal şərbətinə qonaq edir. Etiraz etmirik. İçilən bal şərbət yox, sanki ziyarətinə gəldiyimiz böyük şəxsiyyətlərin ruhu, mənəvi paklığıdı.

Sonra bizi çörəkbişirmə sexinə dəvət edirlər. Şipşirin çörək mənəvi halallığın, dostluğun simvolu kimi təqdim edilir bizə. Yola götürmək üçün də təklif edirlər. Unudulmaz şairimiz Məmməd Arazın misraları ağlımı alıb aparır:

 

Sən arada bu yerlərə qonaq kimi gəl,

Gör atının cilovunu tutan olurmu...

Əgər varsa –

Demək burda kişi ölür,

Kişilik ölmür...

 

Əkmişdilər, biçirik

 

Sonuncu Baba türbəsi önündə mənə yaxınlaşıb “Sayın millət vəkilim, olurmu bir foto yapdıraq” – deyə ərklə azərbaycanlı qardaş-bacılarını Aksaray torpağında qutlamaqdan məmnun olduqlarını bildirən insanların davranışında, təşəbbüsündə tam bir Sonuncu Baba əxlaqı ürpərir. Elə bil Sonuncu Babanın Bursada Ulu Camenin üç qapısı önündə eyni vaxtda göründüyü məqamda ilahi görkünə iman gətirən insanların mənəvi, ruhi paklıqları üstündən heç zaman ötməyib, ruzigar əsməyib. Öyləcə Hasan dağının qarlı zirvəsi kimi əzəmətli, Aksaray Ulu Camesinin minarəsi kimi Tanrı dərgahına etinalı qalıblar.

Ən gözəli odur ki, Aksaray tarixi özəlliklərini hifz etməklə, yaşatmaqla bərabər çağdaşlığımızın inkişaf tempinə də uğurla adaptə olunur, yeniləşir. Təkcə Əyri Minarənin çevrəsini əski durumuyla hazırkı vəziyyətini göz önünə gətirmək  bəs edər ki, bu deyilənlərin nə qədər doğru olduğunu fəhm edə  biləsən. Təkcə Aksaray şəhər Meydanı boyunca Valilim binasına nəzər yetirmək bəs edər ki, şəhərsalma mədəniyyətinin özəlliyinə heyran ola biləsən. Təkcə İhlara Vadisinin tarixə yoldaşlıq edən qos-qoca durumunu yaddaşına köçürmək bəs edər ki, ruhuna Aksaray dünyası hopa.

Yusuf Həqiqi Baba türbəsini ziyarət etməyin özü bir ömrə dəyər. Qəbrimin önündə verdiyin fatehə savabın yaşadar yüzilliklərin.

Aksarayın bütün görkəmi kutsal bir halallıq, könlü-gözü toxluq qoxuyur. Hardan gəlir bu halallıq – ilk növbədə türk ruhundan. İlk növbədə Sonuncu Baba yaşamından. Bu, o Sonuncu Babadı ki, Sultan İldırım Bəyazid Bursada Ulu Cameni inşa etdirərkən orada çalışan insanların yemək ehtiyacını ona həvalə etmişdi. Bu, o Sonuncu Babadı ki, İldırım Bəyazidin yandırdığı Bursa Ulu Camenin  açılışı zamanı xütbə oxunmasını xanın kürəkəni Seyid Əmir Sultan ondan rica etmişdi.

Rəvayətə görə, Sonuncu Baba  Bursadan Aksaraya Hacı Bayram ilə birlikdə gəlmiş, Adanada ikən onunla  bərabər Həcc ziyarətinə getmiş, bir il sonra onu Aksaraya göndərmişdi. Hacı  Bayram gedərkən Ankarada nə ilə dolanacağını sormuşdu. O behiştlik də cavabında “Əkin ək!” demişdi.

Əkmişdilər; insanlıq, mənəviyyat, ruh sağlamlığı, etiqad, inam, əqidə toxumu əkmişdilər. Zəmi kimi biçirik...       

Xatirə şəkilləri çəkdiririk. Ömrümdə bir dəfə üzünü görmədiyimiz yerli sakinlər xoşluqla mənə yaxınlaşır, “millət vəkilim, xoş gəldiniz-deyirlər, - biz qardaşıq... İzninizlə xatirə foto çəkdirək...”

Bir azdan Esentepeni, Gencormanı, Əriklini keçib, Gülağacını arxada qoyub abidə şəhər Nevşəhərə doğru irəliləyəcəyik... Gülağacı və Ağgöldən sonra Nevşəhərə 68 km yol var. Buralar bizim Ağdam, Ağdərə istiqamətlərini xatırladır. Təkcə ağaclar yoxdu, çılpaqlıqdı. Bir azda bizim Göyçay bölgəsinə bənzəyir. Üstəgəl Kəlbəcərin elat yaylaq yerlərinə. İndi payızdı. Ancaq mən daha çox bu yerlərin yaz yaşamını göz önünə gətirirəm. Saratlı bələdiyyəsinin çevrəsini yaz libasında gülə-çiçəyə qərq olmuş kimi xəyal edirəm. Bizim Ağstafanın Poylu üzü, Tovuzun, Şəmşirin Küryaxası göyləri canlanır nəzərimdə.

Bircə bağlar, yaşıllıqlar gözə dəymir. Dərəli-təpəli çöllüklərsə elə bir ucdan doğma, unudulmaz görünüşüylə uzanıb gedir ey... Mənim xəyallarım kimi. Uzaqdan boylanan çinar tanışdı.

Nevşəhərə aparan yoldu bu.

Biz ol uşşaki-sehrbaziz...

İndilikdəsə sözümün-söhbətimin mövzusu Aksaraydan keçir. O Aksaraydan ki, coğrafi sınırlarına qədəm basdığımız hər məqamda fikrimiz, xəyalımız Sonuncu Babanın böyük bir ömür fəlsəfəsini öz içinə alan misraları, söz yadigarları qımıldanırdı yaddaşımızda:

 

Biz ol uşşaki-serbaziz

Akıl rüşd bize yar olmaz.

Mey-i işşk ilə sermestiz,

Bize her giz humar olmaz...

 

Bizim gülşendeki Güller

Dururlar taze, solmazlar.

Xazan olub tökülmezler,

Zemistan-ü bahar olmaz...

 

Burak, ey Hamidi, varı,

Gürem dirsən sen o yarı.

Göricek an tecellayı

Andan özgə kemal olmaz...

 

Alman filosofu Kantın söylədiyi fikirlər dolanır ağlımda-huşumda: “Bu dünyada gözəl olan niyyətdən, məramdan daha gözəl heç bir şey yoxdur”.

Bütövlükdə Sonuncu Babanın təlqin etdiyi ruhi-mənəvi paklıq dünyasını Kantın bu ibrətamiz kəlamı ilə ifadə etmək olar.

Eyni münasibət – gözəl məram, niyyət araçılığı ilə qədəm basdıq Aksaraya.

Aksarayın insana təlqin etdiyi ruh aydınlığı gözəl niyyət, məram kimidi.

 

Bu, o Aksaraydı ki...

 

Tarixə Türkiyə Səlcuqlu dövləti və Bəyliklər dövrünün önəmli mərkəzlərindən biri kimi daxil olub. Qaynaqlar şəhadət verir ki, Aksaray Səlcuqlular dönəmində başkənd (paytaxt) olan Konyanı ölkənin doğusuna bağlayan önəmli bir düzəngahda qərar tutmasından dolayı qısa vaxt ərzində inkişaf edərək önəmli bir mədəniyyət və ticarət mərkəzi halına gəlmişdir. Burada mədrəsələrin çoxluq təşkil etməsinin səbəbi də deyilən inkişafla bağlıdı. Yəni, oxumağa, öyrənməyə xüsusi önəm verilib.

Anadolu Səlcuqlu dövlətinin süqutundan sonra bölgənin idarəçiliyi Elxanilərin idarəçiliyi altına keçmiş, 1324-cü ildən etibarən isə Anadolu vilayətini Eratna bəy idarə etməyə başlanmışdır. 1232-1233-cü illərdə Aksaraya gələn İbn Batuta şəhərin Əmir Eratnanın vəkili Əxi Şərif Hüseyn tərəfindən idarə edildiyindən bəhs etmişdir. İbn Batutanın ziyarəti sırasında Aksarayın Eratna bəyin hakimiyyəti altında olması tarixin gerçəkliyidi. Bu hakimlik daxilində Sivas, Kayseri, Amasya da var idi, Toqat, Corum, Dəvəli Qarahisar, Ürgür və Nigde də...

Yolboyu lövhələrdə bu ərazi vahidlərinin adlarını sız-sıx oxuduqca, məsafə ölçüləri, əhalisinin sayı, ümumi sahələri haqqında yazılan məlumatları oxuduqca və bu məlumatları qısa şəkildə qeyd dəftərimə köçürdükcə xəyal məni çəkib həmin dönəmlərin gerçəkliklərinə aparır. 1343-cü il çevrəsində Karamanoğulları ilə Eratnalılar arasında Aksaray və ətrafı uğrunda gedən mübarizələrin tarixi vərəqlənir gözlərim önündə. Bu yollar boyunca Karamanoğullarının Eratnadan etdiyi şikayət məktublarına monqolların Kayseridən gələn cavab məktubları daşınmışdı. Bu məktublarda Eratna bəy daha çox sülhə çağırmış, “keçmişdə olub-keçənləri unudaq” demişdi. Karamanoğlu Süleyman bəy isə “Savaş!” deyib durmuşdu.

Eratna bəy Mehmet bəy və Mahmud bəy zamanlarında baş verənlərin hələ də ürəkləri qanatdığını yarırdı Karamanoğluna. Cavabında Süleyman bəy “Əgər ər isə rum əsgərin cəm edib gəl, hutbeyi sikkeyi kendi kamına okud” deyib də dururdu.

Nəticədə nə olası idi ki?... Ertana bəy monqol əsgərlərinin də yer aldığı iyirmi min nəfərlik ordusu ilə Aksaraya hərəkət etdi. Bunun qarşılığında Karamanoğlu Əhməd və Süleyman bəylər də Aksaray üzərinə yeridilər. Olan oldu, Karamanoğullularının qələbəsi tarixin gedişatını başqa bir səmtə yönəltdi. Ancaq onların hökmranlığı çox qısa oldu. 1352-1365-ci illər arası Aksaray Ertana bəy və oğlu Qiyasəddin Mehmed bəyin zamanlarında Eratnalıların idarəçiliyində qaldı.

1359-da Eratnalılardan Qiyasəddin Mehmed bəyin, 1365-1366-da Alaeddin bəyin adına pul sikkələri kəsildi.

1337-ci ildə Zinciriyyə məscidinin inşa tarixi kimi yaddaşlara həkk olundu.

1365-ci ildə  Eratna oğlu Sultan Qiyasəddin Mehmedin ölümü ölkədə xaos yaratdı.

Yerinə keçən Alaeddin Ali bəyin ağzının süd qoxusu hələ getməmişdi. Yetərsiz  idi. Ölkə qorxunc bir vəziyyətə gəlmişdi. Bu xaosdan istifadə edən Türkmən və Monqol toplumları bölgənin üzərinə ayaq açdılar. Yerli türk əhalisi Güney və Batı Anadoluya köç etmək zorunda qaldı. Kırşəhər və Aksaray bu hadisələr qovğasında daha çox zərbə aldı, daha çox sındı, əzildi...

Bu qarışıqlıqdan istifadə edən Karamanoğlu Alaeddin bəy 1366-1367-ci illərdə Konya üzərinə yürüyüb şəhəri zəbt etdi. Eratnalılar ilk dəfə olaraq torpaq itkisinə məruz qaldılar.

Konyadan sonra Karamanoğlu Alaeddin bəy Aksarayı və Nigdeni ələ keçirdi. 1367-1367-ci illər daxilində isə Sivası zəbt etdi, 9-10 il sonra Kayseri də Aksaray və Sivasın taleyini yaşadı, Alaeddin bəy onu da aldı, yatdı...

Gəldi 1378-ci il. Alaeddin bəylə Qazi Bürhanəddin arasında bağlanan müqavilə sonucunda Dəvəli, Nigedə və Ağsaraya səfərlər başladı. Bu dönəmdə Aksarayın idarəçiliyi Babukoğlu Ali Paşanın əlindəydi. Alaəddin Ali bəy şəhərin fəth işini Qazi Bürhanəddinə həvalə etdi, mühasirəyə düşdüyü, ələ keçəcəyi son məqamda Qazi Bürhanəddin tərəfindən kömək gördü, qurtuldu.

Sonra Fateh Teymurun Gürcüstana hücum xəbəri gəldi. Bu prosesləri soyuqqanlılıqla müşahidə edən Qazi Bürhanəddin Karamanoğulları üzərinə yürüşə çıxdı. İlk olaraq Aksaraya hərəkət etdi, Tumarxani yaxınlığında düşərgə saldı və şəhəri döyüşsüz olaraq təslim etdi. Oradan da Zincirli qalasına hərəkət etdi, ələ keçirdiyi çevrələri rəsmi sənədlərdə, saray dəftərlərində qeyd etdirdi...          

Bu, o Qazi Bürhanəddin idi ki, bütün savaş, çəng çəkişmələri qovğalarından vaxt tapıb öz ilham pərisi ilə baş-başa qalır, zərif, həzindən-həzin şeirlər yazırdı, “mən ölsəm arzumdu torpağım da sənə qarşı baxa dursun“ deyə könül sirdaşına vəfadarlıq duyğularını sərgiləyirdi. Şeirə-sənətə yaxın idi. Və bu səbəbdən də Aksarayı döyüşsüz-filansız, heç bir qan tökmədən alandan sonra buradakı qala və bürclərin təmir edilməsinə, yenidən qurulmasına göstəriş vermişdi. Kəndlərin inkişafı və xalqın rifah halının yüksəldilməsinə xüsusi qayğıyla yanaşmışdı. Nə yazıqlar ki, onun tarixi xidmətləri çox vaxt tarixi məxəzlərdə təhrif olunmuş, xüsusi olaraq araşdırılmamışdır.

Oğuzların Salur boyundan idi.

Sivasın naibi olmuşdu. Ağqoyunlu nəslindən yara Yoluq Osman bəyə yenilmiş, həyatını qeyb etmişdi. Ancaq bütün olacaqları, sonu əvvəldən bilib, vəsiyyət, görk olaraq yazıb qoymuşdu:

 

                   Haqq əzəldən nə yazmışsa bolur,

                   Göz nə kü görəcək isə görür.

                   İki aləmdə həqqə sığınmışıq,

                   Toxtamış nə ola, ya axsaq Temur?..

 

Ər kişilərin arzusundan agah idi Qazi Bürhanəddin. Yetərli bir dünyagörmüşlüklə bu sətirləri yazdığı vaxt ömrünün vur-tut 50-ci baharını yaşayırdı. Son günə dörd il vardı:

 

                   Həmişə aşiq könlü biryan olar,

                   Hər nəfəs qərib giryan olar.

                   Sufilərin diləyi mehrab, namaz,

                   Ər kişinin arzusu meydan olar.

 

Bir ər kişi olaraq ömrünü meydanda başa yetirdi. Ancaq sevən könlünün bitirdikləri əbədi qaldı, ömrünü çatdırdı bu günə qədər:

 

                   Ol göz ki, üzün görməyə, göz demə ona,

                   Ol yüz ki, tozun silməyə, üz demə ona.

                   Ol söz ki, içində, sənəma, vəsfin yox,

                   Sən badi-həva tut onu, söz demə ona.

 

Nə yazıqlar ki, tezliklə Mehmed bəyin komandanlığı ilə böyük bir Karaman ordusu Aksarayın üzərinə yeridi. Ancaq bu hücum nəticəsiz qaldı. Məğlub olan Karamanoğulları Hasan dağına doğru çəkildi. Bu dağ çox sərt idi. Onu zəbt etmək çətin olacaqdı. Buna görə də Qazi Bürhanəddinin ətrafı onu inandırmağa çalışmışlar ki, o, Alaeddin bəyin üzərinə yerisə daha yaxşı olar. Kahraman vilayətini yağmalamaqla Mehmet bəyə də məğlubiyyəti qəbul etdirmək fikirləri də səsləndirilirdi. Lakin Qazi Bürhanəddin bu məsləhətlərə məhəl qoymadı. Barış yolu tutdu. Bu üzdən Karamanoğlu Mehmet bəy məiyyətilə bərabər Nigediyə çəkildi. Nigedi qalasını möhkəmləndirib növbəti savaşa hazırlaşdı.

Növbəti dəfə də Qazi Bürhanəddinin savaş bəxti gətirmişdi, qarşı tərəfi yenmişdi. Ancaq qalaya daxil olmaq ona müyəssər olmamışdı. Nəticədə Mehmet bəyin elçisini qəbul etmiş, Aksaraya dönmüşdür.

Babukoğlu Ali paşa qulluq şərtlərini pozmuşdu. Aksaraya dönən kimi Qazi Bürhanəddinin ilk qərarı onu cəzalandırmaq oldu. Ali Paşa durumu anlayan kimi ailəsini və mülkünü buraxaraq Karahisar (Dəvəli) qalasına çəkildi. Ancaq burada da duruş gətirə bilmədi. Qazi Bürhanəddin onu yendi, döyüşsüz ələ keçirdiyi qalanı da Aksaray vilayətinə daxil etdi. Az sonra Sivasa döndü. Bu dönüşdən istifadə edən Karamanoğulları yenidən Aksarayın idarəçiliyini əllərinə aldılar.

Qazi Bürhanəddin yenidən Karamanoğullarının üzərinə yeridi. Bu səfər Karaman vilayəti (Konya, Nigde və Darende) böyük həcmli talana məruz qaldı, qalib tərəf zəngin qənimətlə Aksaraya döndü.

Yenə də Karamanoğulları elçi göndərdi. Qazi Bürhanəddinlə anlaşıldı. Müqavilə imzalandı. Bir az sonra Qazi Birhanəddin Kayseriyə çəkildi.

Gəldi 1397-1398-ci il...  Osmanlılarla Karamanoğulları arasında baş verən Akçay müharibəsində Karamanoğulları məğlubiyyətə düçar oldular. Osmanlılar başda Konya olmaqla Darende, Dəvəli, Aksaray və Akşehir kimi önəmli Karaman şəhərlərini zəbt etdilər.

Karamanoğlu Mehmet bəy və qardaşı Ali bəy Osmanlılara əsir düşdülər, Karaman bəyliyi süquta uğradı.

1402-ci il... Ankara savaşından sonra Teymurun oğlu Pir Mehmed Bursaya gələrək həbsdə olan Karamanoğlu Mehmet bəyi və qardaşı Ali bəyi azad etdi, Karaman bəyliyi yenidən təmin olundu. Konya, Aksaray və Antalya arası ərazilərin idarəçiliyi Mehmet bəyə tapşırıldı, ona tabe olmaqla Ali bəyə isə Nigde rəhbərliyi tapşırıldı. Zamanın  dönəlgəsi döndü. İldırım Bəyazidin oğulları arasında mövqe çəkişmələri başladı və bu zaman Karamanoğlu Mehmet bəy əvvəlcə Çələbi Mehmedi dəstəklədi, Aksaraya çəkilərək onu təqib edən Evrenoz da onun arxasınca Aksaraya gəlmişdi. Bu səbəbdən Mehmed bəy Çələbi Mehmedə məktub yazaraq ittifaq bağlamağı təklif etmişdi. Qarşılığında ona Karaman diyarının yarısı vəd edilmişdi. Süleyman Çələbiyə qarşı Aksaray-Kırşəhər arasında keçirilən görüşdə razılığa gəlinmiş, nəticədə Evrenoz bəy təqibdən çəkiləsi olmuşdur. Sonra da tarix Osmanlı-Memlük mücadiləsinə şahidlik etmişdi.

1423-cü il... Bu o zamandı ki, Dulkadıroğullarının Kayseri valisi Hasin bəy Karamanoğlu Mehmed bəyin ölümü səbəbiylə Karamanlara hücum etdi. Dəvəlini, Ortaköyü və Ürküpü tutdu. Üstəlik, Nigde və Aksaraya da daxil olaraq böyük qənimət ələ keçirdi. Zülmün ərşə dayandığını görən xalq Dəvəli yaxınlığında Hasan bəyə qarşı üsyan qaldırdı. Nəticədə Hasan bəy qaçıb canını zorla qurtara bildi. Aksaray yenidən Dulkadıroğullarının hakimiyyəti altına keçdi. Ancaq bundan sonra baş verənlər tarixin görünməzliyinə qovuşdu, qaranlıq qaldı.

Aksaray Osmanlılar tərəfindən fəthinə qədər Karamanoğulları idarəçiliyi altında olmuşdur.

XV əsrin ikinci yarısından etibarən isə Anadoluda Osmanlılarla mücadilə edən tərəf Ağqoyunlular olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsən 1464-1465-ci illər arası Karaman vilayətinə gələrək Konya, Aksaray, Dəvəli, Bəyşəhər, Kayseri və Ağşəhəri Məmlüklərin da razılığı ilə İshak bəyə təslim etdilər.

1469-1470-ci illər arasında Osmanlı dövləti yenidən Aksarayı fəth etdi. Bu tarixi 1469-1470-ci illər arası təsbit edənlər də var.

Aradan uzun əsrlər keçib.

Sultanın verdiyi əmr indi tarixin quru şərhi kimi xatırlanır: “Ankaradan ev sür, İstanbula gətir...”

Padşahın əmri yerdəmi qalacaqdı? İshan paşa əmrə müntəzir oldu. Sürdü, gətirdi. İndiki Aksaraylı məhəlləsindəki qalıbsa İshan bəyin sürüb gətirdiyi insanların törəmələridir.

Bunu Xoca Sadreddin Efendi də anladır, Mehmet bin Mehmed də, Nevzat Topal və başqaları da.

O çağların ərzi-halını Sonuncu Babanın oğlu Yusif Hakiki Baba Divanında belə ərz etməkdədi:

 

Elində Türkü tatarın zebun olub Karaman,

Yıkıldı ser-te-ser uş ser-nügün Karaman.

 

Qaynaqlarda Aksarayın fəth tarixi 1469-1471-ci illər arası da göstərilməkdədi.

Aksarayın Səlcuqlular hakimiyyəti dövründən etibarən önəmli bir elm mərkəzi olması tarixin gerçək şərhidi.

Heç unudulan tarixmidir ki, Muhiddin Arabi 1214-cü ildə Məkkədə yazdığı bir dəyərli kitabını bir il sonra Aksarayda şərh etmişdir.

Nəsrəddin Sivasi “Dakankül-Hakani” adlı əsərini 1271-ci ildə III Qiyasəddin Keyxosrov üçün Aksarayda yazmışdır.

Muhammed Mahmud ət-Hatibin bir çox əsərləri Aksarayda qələmə alınmışdı.

Seyfəddin Muhammed əl-Farganinin Aksarayda yazdığı divan zəmanəmizə qədər gəlib çatmışdır.

Bu çevrədə XIV yüzilliklərdə Evhadi dərvişləri Aksaray və onun çevrəsində fəaliyyətlərini genişləndirməyə başladılar.

Aksarayın gerçək tarixini kitaba köçürən Şəmsəddin Mehmedin məzarının Sonuncu  Babanın türbəsinin yanında olduğu söylənməkdədi. Aksaraylı şair İsa Aksarayının ömür yolu burada başa çatmışdı.

Səyahəti kimi ömrü də Aksarayda bitmişdi Seyid Hüseynin. Adını daşıyan zaviyəyə burada sahiblənib. Oğlu Kəmaləddin Əhməd əbədiyyət yuxusuna burada gedib.

Şeyx Bilgin və Xəttat kimi tanınan Aksaraylı Saidin məzarı burda... Qardaşı Mahmudun Aksaray qazisi olduğu bilinməkdədi.

Abdurrahman Yusuf oğlu, Alaeddin Ali, Sonuncu Babanın nəvəsi və Şeyx Evhadinin oğlu Bab Ekmeli, Pir Mehmed Paşanın nəvəsi və “Tuhfe-i Mir” kitabının müəllifi Mehmed Çelebi, onun qan qardaşı Piri Mehmed Paşa, Şeyxülislam Zenbilli Ali Əfəndi və başqa tarixi şəxsiyyətlərin ruhu bu yerlərdə dolanmaqdadı.

Sonuncu Baba və onun nəslindən gələnlərə aid vəqf evləri hələ də durmaqdadı.

Səlcuqlular dönəminin tarixi abidələrindən olan Məlik Qazi Xangahı hələ də tarixə yoldaşlıq etməkdədi. Vəqf dəftərlərində xangahın Həzrəti Baba Yusifin təsərrüfatına bağlılığı təsbit olunub.

Baba Yusif malikanəsi Baba Yusifin övlad vəqfi olaraq tarixə düşüb. Seyid Hamid-i Vəli Cami-məscidi və türbəsi Aksarayda...

Seyid Hamidi türbəsi Çoğlaki məhəlləsinin Ekrvah qəbiristanlığı əhatəsində diqqəti çəkməkdədi. Eyni zamanda Yusif Hakiki türbəsi.

Hər biri bir eşq məbədgahı olan şəxsiyyətlərin qərar tutduğu bir məkandı Aksaray. Eşq əndişəsi olmayanları “hayvan” deyə zikr etmişdi Aksaray dünyagörmüşləri:

 

Kimin ki, könlündə kim bi dərd yox

Kamu hayvanların kemden kemidir.

 

Can quşunun canan evinə uçduğu, qoşub da getdiyi bir cənnət məkanıdı Aksaray.

Anadolunun orta çağlardan bugünümüzə qədər tam bir övliya ocağı olaraq formalaşmasında Xorasan, İran və Azərbaycandan bu yarımadaya yolçuluq etmiş tarixi şəxsiyyətləri önəmli yeri olmaları haqqının haqlanması tarixin ədalətidi.

 

BU, İBN-BATTUMANIN “SƏYAHƏTNAMƏ”SİNDƏ DEYİLƏNLƏRDİ:

“Belə yazır, belə anladır İbn-Battuma “Böyük Dünya Səyahətnamə”sində Aksarayın 14-cü yüzillikdəki yaşamı barədə: “Sultan Bədrəddinin yanında çox az qaldıq, oradan Aksaraya hərəkət etdik... Burası Biad-Rumun ən gözəl və yaraşıqlı, sağlam şəhərlərindəndi. Hər yandan axar sular və bağlarla çevrələnib. Şəhərdən üç kanal keçir ki, elə bil evlərin içindən axır. Üzüm sahələri, bağlar və bostanlar çeşid-çeşiddi. Aksarayda qoyun yunundan toxunan zərif xalı və kilimlərin dünyada bənzəri belə yoxdur. Bunlar Şam, Misir, İraq, Çin və digər ölkələrinə ixrac edilir...”

 

BU DA EVLİYA ÇƏLƏBİNİN “SƏYAHƏTNAMƏ”SİNDƏNDİ:

“İlk düşəlgəmiz Ortaköy oldu... Buransı geniş və ürünü bol bir qəza olub çox sayda bağ-bağçası, came və məscidi öz içinə alıb. Bu şəhərə bağlı 36 nayihə köyləri var. Buradan quzey tərəfə doğru gedib kəndlərdən keçdik. Bir mənzildə Harvadal köyünə gəldik. Burası da meyvəsi bol, verimli, gözəl, sarayı, hamamı və camesi olan bir müsəlman köyüdür. Aksaray nayihəsi köylərindəndir. Buradan da quzeyə doğru gedərək Aksaray şəhərinə yetərsən...”

Ötən çağlarda sıx olaraq Bəyaz şəhər deyə nişan verdikləri Aksarayın Şemun Safanın istəyi ilə qurulduğu söykənməkdədi, hökmdardan hökmdara keçdikdən sonra Herakl adlı kralın oğlu Helenanın tabeliyində olmuşdu. Kral Herakl ərəb qövmünün üzərinə hücum açmış, buradan Şam üzərinə yürümüşdü.

569-cu ildə ilə Safraz deyilən yerdə məğlubiyyətə uğramış, şəhadətə qovuşmuşdu. Yerinə oğlu Mikale kral olmuşdu. 569-cu ildə isə Məlik Məsudun oğlu İzzedin Kılıc Arslan idarəçiliyi ələ almışdı.

Akşəhər Hititlər dönəmində Kurşura, Orta Çağda Garsaura olaraq anılıb. Kapadokya kralı Heraklusun zamanında yenidən inşa edilərək Archelaks adı verilmişdir. Türklərin Anadoluya gəlişilə şəhərin adı da türkcəyə uyğunlaşdırılaraq Aksaray adı almışdı. Eyni zamanda, əksər Osmanlı arxivlərindən şəhərin adı Aksaray olaraq keçmişdir.

Aksarayın Bizanslarla müsəlman ərəblərin öz aralarında dəfələrlə bölüşdürülərək əldən-ələ keçdiyi məlum tarixdi.

Aksarayda günümüzə qədər gəlib yetişməyən Danişmeid abidələri haqqında hələ də söhbət açılmaqdadı. Danişmeid pulu həmin zamanlarda dövriyyəyə buraxılmışdı. Bekar Sultan Türbəsinin tarixi o dönəmdən gəlir. Bu o zamanlardı ki, Aksaray ərəb axınlarının ayağı altında qalaraq viranəyə döndərilmişdi.

 

Ancaq hər qaranlığın bir aydınlığı da var

 

I Kılıç Arslan məğlub, yıxıq şəkildə olan Aksarayı islam şəhəri olaraq yenidən qurdu, camelər, mədrəsələr, bazar, hamam və s. yaradıldı.

Bu tarixi inkişafın ana xəttindən “Azərbaycan” adı xüsusi bir özəlliklə keçir.

Ticarət yolunun üstündə olması Aksarayı Anadolun Səlcuqlu dövlətinin önəmli  mərkəzlərindən birinə çevirdi.

 

Nağıla dönmüş həqiqət

 

Kılıc Arslanın taxt sahibi, mərkəzi olması səbəbiylə ona böyük bir saray yapırlar. Sarayın giriş qapısının sağında və solunda iki qorxunc aslan heykəli yapıblarmış. Bu saraya hər hansı bir pislik etmək istəyənlərin üstünə onların ağzından alov püskürürmüş.

Zamanın bir çağında Aksaray Karamanoğlu Yaqub bəyin əlinə keçmiş, az sonra İldırım Bəyazidin tabeçiliyini qəbul etmişdi.

 

“Yol ki var, gedənindi...”

 

Belə deyib könül dostlarımız. “Tapdanmaq yolların yaşamağıdı” diriliyinə səsləyiblər bizi. “Gedə bilənindi yollar” söyləyiblər. Biliblər ki, qalanlardan aşil olmaz.

Aksaray çevrəsi boyu fikrimi, düşüncəmi addım-addım izlədi bu unudulmaz deyimlər. Bu duyğulu gedişin, səyahətin qarşılığı olaraq Aksaray çevrəsi də öz təbii gözəlliklərini açdı üzümüzə. Sonuncu Babanın əbədiyyət hücrəsini qədəm-qədəm ziyarət etdikcə ruhumuz pakdan da pak olub durdu. Ruhi paklığını, kutsallığını düşüncələrimizə köçürdü Aksaray çevrəsi. Doyunca baxmağa, şəklini könlümüzə, gözümüzə köçürməyə imkan verdi. Bütün özəlliklərindən könül dolusu pay götürməyimizə qızırğalanmadı. Qıydı o xoş günün qənimətini... Aldıq! Götürdük... Bu yaxşılıq misra-misra axdı könlümə. Deyənlər düz deyib, yazanlar gözəl yazıb:

 

Ver ki, qəlbin açılsın,

Alandan aşiq olmaz.

 

Elə hey düşündüm, düşündüm ki:

 

Yol yoxdu bu yol kimi,

Gül yoxdu bu gül kimi.

Nazil, süzül bal kimi,

Qalından aşiq olmaz.

Nazikdən nazik aldıq.

 

Bal kimi süzülüb axdı ruha düşüncəyə Aksaray şəhəri, çevrəsi, çiçəyi, gülü o ki,  var.

Fəna durumundan Qılınc Arslanın şücaətilə ayağı duran Aksaray... O çağdan bu çağa bir İslam şəhəri olaraq qurula-qurula getməkdədi.

Behiştlik Qılınc Arslan Azərbaycandan gətirdiyi, dəvət etdiyi din, elm xadimlərini, tüccarlı Aksaraya yerləşdirib bölgəni zinətləndirdiyi tarixin gerçək üzüdü. Bura bir ticarət yolu qovşağı idi ki, alış-verişi ələ düşməzdi. Anadolu Səlcuqlu dövlətinin önəmli şəhərlərindən biri olmasını əvvəldən demiş, yaddaşlara köçürmüşük. Bir dövr Eretna Bəyliyinin idarəçiliyində olduğunun fərqindəyik, 1396-cı ildə İldırım Bəyazid tərəfindən zəbt edilsə də, Teymur istilasından sonra yenidən Karamanoğullarının idarəçiliyinə keçdiyini bilirik. 1467-ci ildə Fateh Sultan Əhmədin zabitəsiylə Osmanlı torpaqlarına qatıldığı heç unudularmı? Cümhuriyyət dönəmində vilayət vəziyyətinə gətirildiyi xoş bir zamandı. 1923-cü ildə çıxarılan qərarla qəza olaraq nə gətirildiyi xoş bir zamandı. 1933-cü ildə çıxarılan qərarla qəza olaraq tanındı, Nigdeyə bağlandı. 1989-cu ildə yenidən vilayət adını bərpa etdi...

Ərazisi toplam olaraq 7.626 kvadrat kilometrə yaxındır. Əhali sayı 379915 nəfər olmaqla hesaba alınır.

Mərkəzi qəzayla bərabər 7 qəzanı, 39 bələdiyyəni, 151 kəndi öz içinə alıb. Bir yanından Gülağac, Gözəlyutla, bir yandan Sarıyaşıl, o biri səmtdən Ağacörən, Eskil çevrələyir.

Hələ bir geniş bir alanda, böyük bir çay kənarında dörd köşəli, daş hörgülü, illərin bilçisini mərdliklə sinə gərək Aksaray qalasından söz açmaq istəyəcək...

Hələ bir Karamanoğlu İbrahimbəy Camesinə (Ulu Cameyə) nəzər yetirib, səcdəyə əyiləsən...

Şeyx Hamid Vəli Camesinin ziyarətinə yürüyəsən; Dəbbaqlar Camesində ziyarətçilərə qoşulub ibadətə durasan;

El-hac Seyid Həsənəfəndi Camesinə, Yılançık mədrəsəsinə, Sulu mədrəsəyə, Karamanoğlu Cami-Mədrəsəsinə baş çəkəsən... Birini qoyub, o birinə üz çevirməkmi olar. Hər birinin xətri əziz, ruhu, tarixi qədimliyi doyulmazdı.

Rum diyarı irfan əhlinin başı kimi anılan Şeyx Hamidi Vəli, Seyid Kamal Sultan – cənnətlik olasınız, sizinlə bir adada yer alan Şeyx Pertevi Sultan, Şeyx Qəznəvi Sultan, Şeyx Həqiqi bin Hamid Vəli heç unudulmadı, uyuduqları məqamları, hücrələr əziz tutuldu, gələcəyə daşındı, örnək olaraq tanıdıldı. Hələ Bayrami təriqətinin böyük siması Şeyx Həmzə, hələ Şeyx Xızır Əfəndi...

Bu böyük simalar haqqında Övliya Çələbi “Səyahətnamə”sində dönə-dönə bəhs edib. Aksaraydan Muşkaraya, oradan da Kayseri qalasına səfər etdiyini tarix səhifəsinə nəqş edib.

İlk tunc çağında Aksaray Asur ticarət gəlişmələrinə şahidlik edib. Vilayətin 46 km. Məsafə uzaqlığındakı İhlara Vadisində xristianlıq dönəmini özündə ehtiva edən memarlıq abidələri hələ də qalmaqdadı.

Səlimə qələbəsi yaxınlığındakı kiçik kilsə qalıqları, Heyvadərədəki yunan xaçı planlı Kəmərli kilsəsi də bu dönəmlərə aiddi.

Hər qədəmində çeşidli bir tarix yaşayır Aksarayın. Karvan yolları üstündəki vilayətdə Sultan saraylarının, düşərgələrinin qalıqları diqqət çəkməkdədi. Kayseri yolundakı Alayhan, Səlcuqlu Sultan xanlarının önəmli örnəkləri hələ də hər qədəmdə tarixə yoldaşlıq etməkdədi.

Aksaray muzeyi, Aşıqlı höyük, Acem höyük, Antik Nora şəhəri, Monast vadisi, İhlara vadisi, Musular tarixin əmanətləri kimi boylanır zamanın, vaxtın üzünə.

Əyri minarə var, Qaya Cami, Səlimə Sultan türbəsi, Kilsə Camesi var, Sivişli kilsə var Aksaray elində. Yüksək kilsə, Qızıl kilsə, Pirenli Səki kilsəsi, Kokar kilsəsi, Əyridaş kilsəsi, İlanlı kilsəsi bu diyardadı.

Bağdad Fatehi Gənc Osman bu torpağın tarixi şəxsiyyətlərindəndi.

Qədim ibadət yerləri hər addım başında sənə səslənir. Təkcə Başkörpü yanından keçsən nə deyir camelər sənə. Aksarayın təkcə 98 məscidi var.

Belədi tarixin bu gözəl anı, hər qədəm ruhuna qədimlik qoxusu əkdirir.

Bizdə qədim bir el mahnısı var, gözəl olan oymaqları, diyarları bircə cümlə ilə ifadə edər:

“Ölüm, qalım bu yerdə...”

Gözəllik, kutsallıq önündə xalq heyrətinin ifadəsi belədi.

Aksarayda olduğumuz hər bir məqamda o gözəl xalq mahnısının daşıdığı əxlaq, düşüncə yaşamı bizimlə oldu, hər qədəmdə xoş sədalarını eşitdim.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1835
avatar

Qənirə Paşayeva

Oxşar yazılar