Azərbaycanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova aprelin 20-də Moskvada müsabiqədən əvvəl keçirilən ənənəvi gecədə çıxış edəcək. Lent.az-ın məlumatına görə, Rusiya paytaxtı Dilarənin Avropa promo-turu çərçivəsində səfər etdiyi dördüncü şəhər olacaq. Gecə Moskvanın “Karlson” restoranının damında keçiriləcək. Bu ilki tədbirdə bir sıra Avropa ölkələrinin Eurovision təmsilçiləri - Firelight (Malta), Teo (Belarus), Valentina Monetta (San-Marino), Kristina Skarlat (Moldova) və Mey Faynqold (İsrail) iştirak edəcəklər. Onlar bu il Rusiyanı “Eurovision”da təmsil edən Tolmaçova bacıları ilə birlikdə çıxış edəcək. Dilarə gecədə müsabiqə üçün nəzərdə tutulan “Start a Fire” kompozisiyasını və oynaq “Mercy” mahnısını ifa edəcək.
Dilarə Moskvadan sonra Gürcüstana və Maltaya gedəcək.
Qeyd edək ki, Dilarə Kazımova “Start a Fire” mahnısını mayın 6-da Kopenhagendə “Eurovision-2014” müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.