Zaman keçdikcə bu növ süjetlərə maraq azalmayıb və bu gün də qorxu filmləri tamaşaçılar və tənqidçilər tərəfindən aktiv şəkildə müzakirə olunmağa davam edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, reytinqdə birinci yeri Entoni Hopkins və Codi Fosterin baş rollarda oynadığı 1991-ci il istehsalı olan "Quzuların sükutu" filmi tutub. Nəşr bu filmi dəqiq nəql tempinə və aktyor oyununa malik, lentin uğurunu böyük ölçüdə müəyyən edən kriminal triller adlandırıb.
İkinci yerdə rejissor Con Karperterin 1982-ci ildə çəkdiyi "Şey" filmi qərarlaşıb. Süjet digər orqanizmlərin formasını ala bilən yadplanetli varlıqla qarşılaşan bir qrup alimdən bəhs edir.
Üçüncü pilləni isə Stiven Spilberqin 1975-ci ildə ekranlara çıxan "Çənələr" filmi tutub. “Collider”in qiymətləndirməsinə görə, bu ekran əsəri blokbasterlərin inkişafına təsir göstərib və tamaşaçıların köpəkbalıqlarına münasibətini dəyişib, bundan sonra kinoda bu növ süjetləri əhatə edən ayrıca qorxu filmi alt-janrı yaranıb.
İlk beşliyə həmçinin Ridli Skottun 1979-cu il istehsalı olan "Yadplanetli" və Cordan Pilin 2017-ci ildə çəkdiyi "Qaç" filmləri daxil olub. Sonrakı mövqelərdə Stenli Kubrikin "Parıltı", Con Karperterin "Hellouin", Alfred Hiçkokun "Psixo", habelə "Texas mişarı qətliamı" və "Şeytanı qovan" filmləri yer alıb.
Reytinqin ikinci hissəsinə isə "28 gün sonra", "Qışqırıq", "Günahkarlar", habelə "Amerikalı psixopat", "Ev", "Yaşayan ölülərin gecəsi", "İblis tərəfindən ələ keçirilmiş", "Mizeri", "Milçək" və "Doktor Kaliqarinin kabineti" kimi filmlər daxil edilib.