Sofi Loren, aktrisa
30 mart 2021 16:36 (UTC +04:00)

Sofi Loren, aktrisa

Sevgidən doğulan möcüzə, zindana aparan şöhrət, “seks-simvol”un qürubu... – HƏYAT HEKAYƏTİ

Bədən quruluşu taleyin hədiyyəsidir, məlahətli və cazibədar olması isə üstəlik. İndinin özündə görünüşü ilə yaşlı qadının necə gözəl qalmasının ustad dərsini verir. 

İctimai yerdə görünməsi kifayətdir ki, ətraf yalnız ona diqqət kəsilsin. Hələ də ona vurulan, öz aləmində xəyal qurub ailəsini dağıdan kişilər var. Söhbət dünya ulduzu Sofi Lorendən gedir.

Lent.az onun həyat hekayətini təqdim edir.

Gənc Sofi

2 “Oskar”dan, 5 “Qızıl qlobus”dan, dünya kinoforumlarının möhtəşəm mükafatlarından başqa, həm də “Dünya gözəllərinin seks-simvolu” və “Dünyanın birinci gözəli” rütbələrinə sahibdir.

1934-cü ilin payızında doğulan qızının adını Sofi qoyan italyan gözəli Romilda, əslində, Romaya aktrisa olmaq arzusu ilə gedib. Qretta Qarbonun dublyoru olmaq iddiası ilə aktrisalıq həvəsinə düşən qadın mühəndis Rikkardo Şikalone adlı mühəndisə aşiq olur.  Bütün arzuları da elə bu eşqin güdazına gedən qız bir də baxır ki, hamilədir.

Sofi dünyaya gələndə isə mühəndis qızına sahib çıxsa da, anası ilə evlənə bilmir, evli olduğunu etiraf edir.

Sofi tənha analar üçün sığınacaqda dünyaya gəlib. Üç il sonra həmin elə orda Sofinin bacısı da dünyaya gəlir, Romilda elə düşünürdü ki, bu yolla onların atasını tutub saxlaya bilər.

Sonunda iki qızını da götürüb, ata yurduna - ailəsinin yanına qayıtmalı olur, məyus halda. Bundan sonra Romilda heç vaxt ailə qurmur ki, iki qız övladına elə sahib çıxsın, onun yaşadıqlarını deyil, xoşbəxt həyat yaşasınlar.

Ana piano dərsləri verir, axşamlar yerli kafedə ifa edirdi, amma yenə pul çatdırmaq olmurdu. Qızlar bir yataqda, bir yorğan altında yatmalı olurdular. İkincini almağa pul olmurdu.

Sofinin məktəbə getməsi ailənin ən böyük sevinci idi. Məktəbdə qızın uzun boğazı, iri ağzı lağ yeri idi, sinif yoldaşları onu ələ salırdılar – “Doydaq” adlandırırdılar.

Romilda isə qızının böyüdükcə gözəlləşdiyini görürdü. Ona görə də qızını gözəllik müsabiqələrində iştirak etməyə razı sala bildi. 

Sofi Loren, aktrisa

“Dəniz şahzadəsi” müsabiqəsinin ilk üçlüyünə düşən Sofinin yol pulunu da ödəməklə, Romaya “Miss İtaliya-1950”-də iştirak etməyə göndərirlər.

Tezliklə Sofi jurnalların üz qabığına düşdü. Fotomodel oldu, hətta erotik dərgilər üçün yarıçılpaq şəkillər çəkdirdi.

1952-ci ildə isə “Miss Roma” müsabiqəsinin gümüş mükafatını qazandı.

Müsabiqənin gedişində italyan kinoprodüser Karlo Pontini valeh etməyi də bacarmışdı.  İlk kinomüsabiqədə Karlo Ponti hiss etdi ki, Sofidə aktrisaya çox gərək olan özgüvən var. Sofi plastik əməliyyatlarla özünü dəyişməyəcəyini, onu olduğu kimi qəbul edəcəkləri təqdirdə filmə çəkiləcəyini bildirmişdi.

Karlo gələcək aktrisanı yalnız Loren təxəllüsünü və filmlərə çəkilməsi üçün yeddi illik müqavilə imzalamağa razı sala bilib. Sofi qadın hissiyyatı ilə duyurdu ki, prodüserini yalnız aktrisa kimi valeh etməyib.

Karlonun prodüserliyi ilə Sofi ilə ən yaxşı mütəxəssislər işləməyə başlayır. Etiket, davranış manerası, danışığı, nitq mədəniyyəti, dizaynerlər, vizajistlər hamısı Sofinin üzərində işləyirdi.

Rəqs müəllimi yerişini nizamlayırdı. Sofi klassik ədəbiyyat oxumağa başlamışdı. Dramaturgiyanı öyrənirdi. İngilis və fransız dilləri kursuna gedən aktrisanı prodüseri yalnız italyan filmləri üçün hazırlamırdı. Onu dünya ulduzu edə biləcəyinə əminliyi vardı. 

Tezliklə Sofi dünya kinosunu fəth edəcək səviyyəyə çatır. Həmin vaxt Klement Frakassi “Aida” operasını kinoya gətirməyə hazırlaşırdı. Sofi Aida roluna məmnunluqla çəkildi.

Sofi Loren

Sofi Lorenin kinoaktrisa olduğunu eşidən atası həmin vaxtlar gəlib onu tapır. Loren isə atasını axtarırdı, çünki bacısı Anna-Mariya attestatını ala bilmirdi, uşağın atası olmadığından heç bir sənədi yox idi. Atası Sofidən pul alıb, ikinci qızına öz soyadını verməyə razılıq verir. Sofi kinodan aldığı ilk qonorarı ilə atasından bacısı üçün atalığı satın alır. Eyni vaxtda ata soyadını Lorenə dəyişməyin də razılığını əldə edir.

Vitoriya De Sikanın “Çoçara” filmi Sofi Lorenin “Oskar” aldığı filmdir. Tərəf müqabili isə ilk dəfə Jan Pol Belmando oldu bu filmdə. Sofi Loren bu film haqqında yazır: “Siz o filmə baxanda mənim qəhrəmanıma qoşulub ağlayırsınız. Mən isə bu filmə qədər yalnız rol oynayan idim, bu film məni aktrisa etdi”.

“Oskar”ın mükafatlandırılmasına belə getməmişdi Sofi, heç ağlına da gəlməzdi ki, ona verilər. Namizədlər arasında Odri Hepbern olduğundan buna ümid edə bilməzdi.

Aktrisa indiyə qədər də düşünür ki, Hollivudda davam etsəydi, “Oskar” almayacaqdı, “Mənim yerim italyan filmidir” - deyir.

Həmyerlisi Marçello Mastroyanni ilə tərəf müqabili olduğu filmlər İtaliya kinosunun şedevrləri hesab edilir. Sofi Loren etiraf edir ki, Marçello ilə tərəf müqabilliyi dostluğa çevrilmişdi: “Onunla birlikdə başgicəlləndirici uğurlar qazandıq”. O vaxtlar hamı iki gözəl və istedadlı insanın həm də necə gülüş yarada bildiyindən danışırmış. Axı gözəl, cazibədar insan gülüş doğurmamalıdır.

Şəxsi həyatı

Sofi Loren özünün əsl məhəbbətinin hər zaman Karlo Ponti olduğunu vurğulayır.

Uzun illər Karlonun boşanıb onunla evlənəcəyini gözləyib, hərçənd anasının həyatını təkrar etmək istəməyib. Nəhayət, 1966-cı ildə rəsmən Ponti soyadını daşıyıb. Karlo Sofidən 20 yaş böyük olsa da çox xoşbəxt yaşayıblar. Təkcə övladlarının olmaması həyatlarının rəngini qaralayırdı. Hormonal pozğunluqdan Sofinin iki uşağı bətnində tələf olub. Bundan sonra uzun zaman Sofi Loren dərin depressiyada olub.  

Sofi Loren 

Uzun müalicədən sonra aktrisa üçüncü dəfə hamilə qalır. 9 ay yataq şəraitində, övladı düşər deyə, az qala nəfəs almağa da ehtiyat edərək keçirməli olur.

Nəhayət, 1968-ci ildə oğlu dünyaya gəlir, adını atasının şərəfinə Karlo qoyurlar.

Ailə xoşbəxtliyin ən son həddini yaşayırdı. Dörd il sonra ikinci oğlu Eduardo olur.

Romanın kənarında villada yaşayırdılar.

1977-ci ildə ailənin xoşbəxt həyatına elə bil günün ortasından ildırım çaxdı. Karlonu vergiləri ödəməməkdə və İtaliyanın kapitalını ölkədən kənara daşımaqda günahlandırıb, villalarını və bütün əmlaklarını müsadirə edirlər.

Sofi Loren rəsm kolleksiyasını xilas etmək üçün onları Parisdəki evlərini aparmaq istəyəndə yaxalanır.

Sofi 17 gün həbsdə yatmalı olur, Karlonu dörd il bütün işlərindən kənarlaşdırırlar.

13 il sonra onların əmlakı geri qaytarılır. Mətbuat onların halını belə şərh edirdi ki, İtaliya hökuməti onların timsalında ölkənin sahibinin kim olduğunu – hər kəsin həddini göstərdi. 

Çəkdikləri Karlonun səhhətində öz izini qoyduğundan ciyərlərinin soyuqlaması diaqnozu ilə xəstəxanada dünyasını dəyişəndən sonra Sofi Loren bütün meylini, yaşam həvəsini uşaqlarında tapır. “Onun ölümündən illər keçib, amma onsuz mənə çox çətindir, unuda bilmirəm, düşüncələrimdədir. Darıxıram onun üçün, fikrimdə hər zaman onunla danışıram”.

Aktrisa memuarlarında özündən çox ərindən bəhs edib. Kitabda bir şəkil var, Karlo Sofinin saçlarını darayır. “Bu şəkil bizim məhəbbətimizin rəmzidir, min sözü əvəz edir”-deyir Sofi.

90 yaşını haqlamış aktrisa indi Cenevrədə yaşayır. Böyük oğlu Karlo Vyano operasında dirijordur. Eduardo rejissordur. Anası sonuncu dəfə onun filminə çəkilib. Oğulları və nəvələri hər həftə sonu onun yanına gəlirlər.

Sofi Loren

Nənə isə evdə oturub həftəni onları gözləməklə keçirsə də hələ də gözəl və baxımlıdır. İdmanı, rəqsi öz yerində, sağlam qidalanır. Hərdən Romaya bacısına qonaq gedir. Çox mütaliə edir, filmlərə baxır.  

Bütün dövrlərin ulduzu Sofi Loren ömrünün qürubunu bax, beləcə yaşayır...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11586
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar