“Peşman deyiləm” - 100 yaşı tamam olan diktor Lent.az-a DANIŞDI
25 avqust 2023 17:26 (UTC +04:00)

“Peşman deyiləm” - 100 yaşı tamam olan diktor Lent.az-a DANIŞDI

Bu gün peşəkar diktorluq sənətinin canlı əfsanəsi, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri, ölkəmizdə idman ustası adını almış ilk qadın, Azərbaycan Respublikası əməkdar artisti, SSRİ idman ustası, gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu, Prezidentin fərdi təqaüdçüsü Züleyxa Hacıyevanın 100 yaşı tamam olur. 

Züleyxa xanım düz 50 il Azərbaycan radiosunun əvəzolunmaz diktorlarından biri olub, ötən əsrin ortalarında keçirilmiş bütün bayram və parad tədbirləri onun səsi ilə təqdim olunub. Bu xanım bu gün də həyatdadır, sevənlərinin əhatəsindədir. Səsi ilə bir nəsil böyüsə də üzünü heç kim görməyib, tanımayıb.  Bu gün o sehirli səs sahibi barədə danışacağıq.

O, 1948-ci ildə  Azərbaycan Sənaye İnstitutunu bitirib, 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub. Azərbaycan radiosunda “Səhər gimnastikası”, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s. Verilişlərə aparıcılıq edib.

Lent.az-ın əməkdaşı bu canlı əfsanə ilə görüşüb, onun ürək sözlərini sizlərə də çatdırır.

Züleyxa xanım onu xatırlayan, sevən insanlara minnətdarlığını bildirdi.

“Mən diktorluğa təsadüfən gəldim. İdman nailiyyətlərimlə bağlı radioya qonaq  kimi dəvət olunmuşdum. O vaxt lent yazısı yox idi, hər şey efirə canlı gedirdi, səhvsiz, düzgün diksiya ilə danışmağımı bəyəndilər, soruşdular ki, diktor olarsanmı? Mən də razılaşdım. Bu sənətə tam təsadüfən gəldim, ömrümü həsr etdim, peşman deyiləm” dedi.

Bu gün Züleyxa xanımın evində onun 100 illiyi ilə bağlı qonaqlar olacaq deyə şirin bir təlaş var. Qızı Gülnarə xanımın dediyinə görə, əslində böyük bir banket planlanırdı, lakin isti havalara görə, anası özünü bir qədər narahat hiss edib, buna görə, məclisi evdə qeyd etməyə qərar veriblər. 

Züleyxa xanımla uzun müddət çiyin-çiyinə işləmiş, özünü onun tələbəsi adlandıran qocaman radio diktoru Əli Məhəmmədoğlu onun barəsində  Lent.az-a maraqlı faktlar danışdı.

“Çox sadə, mehriban insan idi. Biz uzun illər onunla birlikdə Sovet dönəmində keçirilən nümayişləri, bayram tədbirlərini səsləndirirdik. Züleyxa xanımın qaltanı səsi var idi, onu bu mənada heç kim əvəz edə bilməzdi.

O zamanlar radioda möhtəşəm bir beşlik var idi. İlk nəsil diktorlar, mogikanlar deyə bilərəm. Aydın Qaradağlı, Züleyxa Hacıyeva, Fatma Cabbarlı, Sabutay Quliyev, Ramiz Mustafayev. Mənim indi 85 yaşım var. Özümü bu nəslin nümayəndələrinin tələbəsi hesab edirəm. Züleyxa xanım həm də gözəl evdar qadın idi. Radioda ənənəmiz var idi, kimin ad günü olardısa dəhlizdə uzun bir süfrə açar, toplanardıq. Yeməkləri həmişə Züleyxa xanımla Fatma xanım hazırlayar, maşınla evdən gedib o yeməkləri gətirərdik. Heç unutmuram, mənim evim radioya uzaqda idi. Növbə ilə məzuniyyətə çıxırdıq, o vaxtlar diktorların məzuniyyəti 45 gün olurdu. O həmin müddətdə bağda qalacaqdı. Evinin açarını verdi mənə, dedi bizdə qal, uzaq yol gedib-gəlmə. Mən 45 gün yayda onların evində yaşadım.

Bir dəfə redaksiyamıza mərhum müğənnimiz Ruhəngiz Quliyeva gəlmişdi. O bildirdi ki, bəstəkar Tofiq Quliyev Züleyxa xanıma mahnı həsr edib. Mahnının adı Züleyxa xanım idi. Özü oxudu, sonra o mahnı radioda da səsləndi. Nə münasibətlə yazılmışdı, bunu xatırlamıram. Amma gözəl bir melodiya idi. Hərdən nəvələrimə deyirəm ki, mən yuxu kimi, nağıl kimi gözəl bir ömür yaşayıb, indi oyanmışam. Radio mədəniyyət beşiyi idi və biz bu insanlardan əsl mədəniyyəti öyrəndik. O dövr Azərbaycan mədəniyyətinin intibah dövrü oldu. Hərdən zəng vururam ona. Yaddaşı da, diksiyası da yerindədir. Heç nəyi unutmayıb. Əlbəttə 100 yaş özünü göstərir. Amma Züleyxa xanımın o daxili mədəniyyəti, zənginliyi qorunub” - deyə qocaman diktor bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 42600
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar