Lent.az “Ömrün bir anı” rubrikasında məşhurların həyatındakı maraqlı hadisələrdən bəhs edir. Bu dəfə Türkiyə kinosunun unudulmaz ulduzlarından biri olan Tarık Akan barədə bir xatirəni bölüşürük.
Tarık Akanın yaşadığı məhəllədə bir gənc ona yaxınlaşaraq yalvarır.
“Tarık abi, sənətini çox sevirəm, səni Türkiyədə sevməyən tapılmaz, mənə yardım əlini uzat. Sevdiyim qız kasıb olduğum üçün üzümə baxmır. Ona səninlə çox səmimi olduğumuzu demişəm. Bir azdan birlikdə bu küçədən keçəcəyik. Nə olar, onun yanında mənimlə dost kimi davran”.
Tarık Akan gəncin xahişini yerə salmır. Bir neçə dəqiqə sonra həmin gənc sevgilisi ilə qol-qola küçədən keçir. Tarık Akan söz verdiyi kimi çox mehribanlıqla onu salamlayır.
“Salam Ali, necəsən, işlər necədir?”.
Həmin gənc Tarık Akana yuxarıdan aşağı bir nəzər salıb, “ulan Tarık, yenə gəlmisən? Lap zəhləmi tökdün, çıx get. Axı telefonda dedim, sənlə görüşməyə vaxtım yoxdur, sevgilimləyəm”, - deyir.
Bu kobud cavabın qarşısında Tarık Akan çox pərt olur və bir daha tanımadığı adamlarla səmimi olmamağa söz verir.