Dünyaca məşhur   film haqqında 6 maraqlı fakt
14 mart 2026 16:38 (UTC +04:00)

Dünyaca məşhur film haqqında 6 maraqlı fakt

0

"Taleyin ironiyası" onlarla dəfə izlədiyimiz bir filmdir. O, çoxdan sadəcə komediya olmaqdan çıxıb: bu, həm Yeni il ritualı, həm də spesifik bir "yaş yoxlanışı" testidir. Maraqlıdır ki, illər keçdikcə film bizimlə bərabər dəyişir. Vaxtilə İppolitə gülürdüksə, sonra ona rəhm etməyə başladıq. Lukaşin artıq ideal görünmür, Nadya isə o qədər də birmənalı deyil. "Taleyin ironiyası"nın əsas sirri də yəqin budur: o, tamaşaçı ilə birlikdə yaşlaşır.

Lent.az hekayəni daha canlı və insani edən 6 ən maraqlı faktı təqdim edir.

1. Hekayə real hadisələrə əsaslanır

Bəli, süjet uydurma deyil. Əsasında real bir hadisə dayanır: bir kişi bayram gecəsi içkini çox edərək səhvən başqa şəhərdə və özgə mənzildə ayılır. Dostları zarafatı sona qədər "oynamaq" qərarına gəlirlər və nəticələr demək olar ki, kinematoqrafik olur. Lakin Ryazanov dərhal anladı ki, bundan lətifə yox, iki insanın taleyi, tənhalıq və hər şeyi həll edən təsadüflər haqqında gözəl bir hekayə çıxacaq.

Əvvəlcə bu bir pyes idi, sonra tamaşa qoyuldu, lakin tənqidçilər onu ciddi qəbul etmədilər. Kino rəhbərliyi də narazı idi: "çox yüngülmövzulu" hesab edirdilər. Çəkilişlər bitəndə isə filmin "əxlaqsızlığa" görə qadağan ediləcəyi şayiələri yayıldı. Lakin Leonid Brejnev filmi çox bəyəndi və nəinki yaşıl işıq yandırdı, hətta partiya qurultayındakı məruzəsində filmdən bəhs etdi.

2. Nadya dərhal tapılmadı — həm də SSRİ-də yox

Lüdmila Qurçenko, Svetlana Nemolyayeva, Alisa Freyndlix — Nadya rolu üçün aktrisa uzun müddət axtarıldı. O dövrün ən parlaq sovet ulduzları sınaqdan keçsə də, Ryazanova nəsə çatmırdı. Və birdən — polşalı aktrisa Barbara Brilska. Eldar Aleksandroviç bu cazibədar aktrisanın bir neçə kadrını gördü və anladı: budur.

Düzdür, səsini "borc almalı" oldular — qəhrəmanı Valentina Talızina səsləndirdi, mahnıları isə Alla Puqaçova oxudu. Nəticədə obraz üç qadının vəhdətindən yarandı və tamamilə canlı alındı. Maraqlıdır ki, diqqətsizlik ucbatından titrlərdə hər kəsin adı qeyd olunmadı, bu isə Valentina Talızinanı incitdi.

3. Lukaşini Andrey Mironov oynaya bilərdi

Təəccüblənəcəksiniz, amma əfsanəvi Andrey Mironov Jenya Lukaşin rolunu arzulayırdı. Lakin Ryazanov haqlı olaraq hesab edirdi ki, tamaşaçı onu "əbədi uğursuz" obrazında qəbul etməz. Aktyor İppolit rolundan isə özü imtina etdi. Vəziyyət kritikləşəndə rejissorun köməkçisi o vaxtlar heç kimin tanımadığı dostu Andrey Myaqkovu təklif etdi. Sakit, yöndəmsiz, utancaq... İlk sınaqlardan sonra Ryazanov tərəddüdsüz dedi: Jenya Lukaşin məhz belə olmalıdır.

4. İppolit — yaşlaşdıqca anlamağa başladığımız qəhrəman

İlkin olaraq İppoliti Oleq Basilaşvili oynamalı idi, lakin atasının qəfil vəfatı aktyoru layihəni tərk etməyə məcbur etdi. Ryazanov cəld hərəkət etməli oldu və yerinə dərhal xarakteri "yaxalayan" Yuri Yakovlev gəldi. Yakovlev öz İppolitini karikatura deyil, canlı, qəlbi qırılmış bir insan etdi.

Filmdə ilk İppolitdən kiçik bir "iz" qalıb. Fotoşəkil olan səhnədə ən diqqətli tamaşaçılar "dəyişikliyi" görə bilərlər: Lukaşin Yakovlevin fotosunu pəncərədən atır, amma Nadya yerdən Basilaşvilinin fotosunu qaldırır. Sadəcə epizodu yenidən çəkməyə vaxt yox idi.

5. Film Leninqradda yox, Moskvada çəkilib

Sankt-Peterburqda (o vaxtkı Leninqrad) həmin o "İnşaatçılar küçəsi" (ulitsa Stroiteley) heç vaxt olmayıb. Çəkiliş qrupu Moskvada — Vernadski prospektindəki iki binada işləyib. "Tipik çoxmərtəbəli binalar" əfsanəsinin əksinə olaraq, bu binalar xüsusi, eksperimental memarlıq layihəsinin bir hissəsi idi. Bu səbəbdən o vaxt üçün nadir idilər, bütün şəhərdə onlardan cəmi üç dənə var idi.

6. Ən yaxşı replikalar təsadüfən doğulub

İppolitin məşhur replikaları — "Sizin bu jelye balığınız nə qədər də iyrəncdir!" və "Ooo, isticə su gəldi..." — əvvəlcə ssenaridə yox idi. Bu frazalar Yuri Yakovlevin improvizasiyası sayəsində meydançada yarandı. Aktyor sonralar deyirdi ki, rekvizit kimi gətirilən balıq həqiqətən yeyilməli deyilmiş, "Mosfilm" pavilyonunda qəfil isti suyun gəlməsi isə onu səmimi şəkildə təəccübləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar