Bütün dövrlərin ən yaxşı  MİLAD   filmi
05 yanvar 2026 16:46 (UTC +04:00)

Bütün dövrlərin ən yaxşı MİLAD filmi

0

Dünya kinosunun ən dəyərli Milad filmlərindən biri hesab olunan “Bu möhtəşəm həyatdır” (It’s a Wonderful Life) XX əsrin ən təsirli ekran əsərlərindən biri kimi qəbul edilir. Filmin rejissoru Frank Capra tərəfindən 1946-cı ildə çəkilən bu ekran işi maraqlı və ziddiyyətli bir yol keçərək kassadakı uğursuzluqdan ümumdünya kino klassikasına çevrilib.

Lent.az xəbər verir ki, bu gün film bütün zamanların ən yaxşı Milad filmləri siyahısında mütəmadi yer alır, ən ilhamverici ekran əsərləri arasında ön sıralarda göstərilir və bayram mövsümündə izlənilməsi tövsiyə olunan filmlərdən biri sayılır. Eyni zamanda onun fenomeni ondadır ki, bu film sadəcə bayram filmi olmaqdan daha geniş məna daşıyır.

Əsərin yaranma tarixi

Filmin əsasında amerikalı yazıçı Filipp Van Doren Sternin 1939-cu ildə yazdığı “Ən böyük hədiyyə” adlı hekayə dayanır. Müəllif hekayəni uzun müddət çap etdirə bilmədikdən sonra 1943-cü ildə onu 24 səhifəlik Milad broşürü kimi öz hesabına nəşr etdirərək yaxınlarına göndərib. Məhz insanın özünün olmadığı bir dünyanı görməsi ideyası sonradan kino tarixinin ən məşhur filmlərindən birinə çevrilib.

1944-cü ildə RKO Pictures studiyası hekayənin ekranlaşdırma hüquqlarını alıb. Ssenari üzərində bir sıra tanınmış müəlliflər çalışsa da, hekayənin əsl potensialını məhz Frank Kapra görüb. İkinci Dünya müharibəsindən sonra Kapra öz studiyasını yaradıb və “Bu möhtəşəm həyatdır” həmin studiyanın buraxdığı ilk və yeganə film olub.

Süjet və əsas obraz

Filmin baş qəhrəmanı Corc Beylidir. Bu rolu məşhur aktyor Ceyms Stivart canlandırıb. Corc kiçik bir şəhərdə yaşayan, böyük arzuları olan, lakin həyatını daim ailəsi və ətrafındakı insanlar üçün qurban verən sadə bir insandır. Milad axşamı ağır borclar və uğursuzluqlar fonunda ümidsizliyə qapılan Corc intiharı düşünür. Elə bu anda onun həyatına qoruyucu mələk Klarens daxil olur və ona özünün heç vaxt mövcud olmadığı alternativ bir dünyanı göstərir.

Bu sarsıdıcı təcrübə Corca onun həyatının başqaları üçün nə qədər dəyərli olduğunu anlamağa kömək edir. Filmin finalı kino tarixinin ən duyğulu səhnələrindən biri hesab olunur.

Uğursuzluqdan əfsanəyə

Film 1946-cı il dekabrın 20-də Nyu-Yorkda nümayiş etdirilsə də, kassada gözlənilən nəticəni verməyib. Bir neçə “Oskar” nominasiyasına baxmayaraq, film studiyanın maliyyə iflasına səbəb olub və Frank Kapranın karyerasına ciddi zərbə vurub.

Əsl tanınma isə 1970-ci illərdə, müəllif hüquqlarının bitməsindən sonra baş verib. ABŞ televiziya kanalları filmi Milad ərəfəsində mütəmadi yayımlamağa başlayıb və bu, onu ailəvi Milad ənənəsinə çevirib.

Qlobal tanınma

Zamanla film ABŞ-ın Milli Film Reyestrinə daxil edilib, AFI tərəfindən ən ilhamverici Amerika filmləri siyahısına başçılıq edib, IMDb və BBC reytinqlərində yüksək yerlər tutub, populyar mədəniyyətdə saysız-hesabsız istinadlara səbəb olub.

Tanınmış kino tənqidçisi Roger Ebert filmi zaman keçdikcə dəyəri artan nadir ekran əsərlərindən biri kimi qiymətləndirib.

Niyə bu gün də aktualdır?

“Bu möhtəşəm həyatdır” filmi tamaşaçıya sadə, görünməz həyatların belə başqaları üçün böyük mənaya sahib ola biləcəyini xatırladır. Məhz bu mesaj onu zamansız və universal edir.

Bu film təkcə Milad hekayəsi deyil, hər bir insanın dəyəri haqqında çəkilmiş dərin kinopritçadır. Onilliklər keçsə də, hər il bayram günlərində yenidən ekranlara qayıdan bu film həyatın bütün çətinliklərinə baxmayaraq gözəl ola biləcəyini xatırlatmaqda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 692

Oxşar yazılar