Bir öpüşün  TARİXÇƏSİ   - Səbuhi Məmmədli YAZIR
17 may 2022 14:01 (UTC +04:00)

Bir öpüşün TARİXÇƏSİ - Səbuhi Məmmədli YAZIR

1983-cü ildə bütün SSRİ bu albomdan, “Milyon qızıl gül”dən danışırdı. İlkin olaraq 12 milyon tirajla buraxılmışdı. Hələ pirat nüsxələri demirəm. Sovet televiziya və radiosunun əvəzolunmaz xitinə çevrilmişdi o il. Mahnının ifaçısı 33 yaşlı Alla, bəli, düz tapdınız, Borisovna Puqaçovanı deyirəm, artıq sovetlərin şəksiz estrada ulduzuna çevrilmişdi.

Puqaçova sonralar bu mahnıyla SSRİ-nin əksər şəhərlərinə qastrollara da çıxdı. Eləcə də Bakıya. Sonradan, daha doğrusu 2009-cu ildə deyəcəkdi: “Yaradıcılığımın ən gözəl çağları məhz Bakı ilə bağlıdır. Burda çoxlu dostlarım var. İnanmaq istəmirəm ki, bu, Bakı səhnəsində son çıxışımdır. Amma bu həqiqətdir. Bundan sonra Bakıya ancaq qonaq kimi gələcəyəm. Bu şəhərdə keçirdiyim hər bir an, hər bir dəqiqə mənim üçün əzizdir”. 

Hə, Puqaçova həm sovet, həm də müstəqillik dövrundə bir neçə dəfə Bakıda olub, konsert verib. Yeri gəlmişkən, həmin konsertlərdən birindən sonra Qubanın Qrız kəndindən olan xalçaçılara onun portreti sifariş verilibmiş. Həmin xalçanı isə Alla üçün Gülağa adlı bir tanışı xalçaçılardan xahiş etmişdi. Təbii ki, çox yaxşı pula. Gülağa buzovnalıydı, Leninqradda gül alveri ilə məşğul olurdu. Puqaçova ilə də münasibətləri olub. Bu həmin Gülağa idi ki, Bakıda qastrolu zamanı Allanın “Milyon qızıl gül” mahnısına görə onun ayaqları altına o qədər qızıl gül tökdürdüyü barədə şayiələr dolaşırdı. 

Təkcə şayiə yox, həqiqətlər də vardı axı. Bəs nə idi o həqiqətlər? Deyim, bir Pirosmani, Niko Pirosmani həqiqəti. Gürcü rəngkarlığının xaç atası. Aclıq və səfalət içində ölən dahi. Onun haqqında əfsanə dolaşırdı. Guya o, Tanrını görür. Onun fırçası isə özü-özünə çəkir. 

 


Heç bir rəssamlıq məktəbində təhsil almasa da, qeyri-adi rəsmləri ilə qısa zamanda məşhurlaşır. Bəzən rəsmlərini bir şüşə şəraba, bir qarın yenməyə çəkir. Onun “Maral”, “Beş zadəganın şənlənməsi”, “Çariça Tamara”, “Kaxetiya çaxırı”, “İnək sağan”, “Müqəddəs Qeorqi”, “Bulağa gedən ana” əsərləri dünyan muzeylərinin bəzəyidir.

Günlərin bir günü isə, lap dəqiqi 1905-ci ilin aprelində Tiflisə qastrol səfərinə fransızlar gəlirlər. Onların arasında Marqarita de Sevr adlı aktrisa da olur. Afişada onun şəklini görən Niko dəlicəsinə aşiq olur. Tamaşalarını buraxmır. Amma bütün cəhdlərinə baxmayaraq, de Sevr onu heç vecinə də almır. Bu zaman rəssam nə etsə yaxşıdır? Sahibi olduğu ərzaq dükanını, onlarla rəsmini satır, saysız-hesabsız qızıl güllər alır. Və aktrisanın yaşadığı evin həyətinə və pilləkənlərinə düzür. Özü isə küçədə durub, boynu bükülü aktrisanın heç olmasa evdən çıxıb ona baxacağına ümid edir. 
İnanılmaz baş verir, Marqo evdən çıxır, düz Nikonun yanına gəlir və…dodaqlarından öpür... 

Tezliklə fransız teatrının qastrolu başa çatır. Onlar Parisə qayıdırlar. Niko isə Marqonu unutmur, 4 il onun rəsmi üzərində çalışır. Nəhayət, ərsəyə gətirir.

***

Zaman  1968-ci il. Məkan Paris, Luvr muzeyi. Pirosmani artıq 50 ildir ki, dünyada yoxdur. Dünyaca məşhur bu muzeydə onun rəsmlərinin sərgisi keçirilir. Sərgidə nümayiş olunan əsərlərdən biri də “Aktrisa Marqarita”dı. 

Həmin tabloya yaxınlaşan qoca qadın bir müddət heyranlıq və çaşqınlıqla ona baxır. Baxır, baxır və birdən hönkürüb ağlayır. Muzeyin əməkdaşları onu güclə sakitləşdirirlər. Qoca qarı isə onlardan bircə xahişdə bulunur: “Mənim fotomu çəkin bu rəsmin qarşısında”. Elə də edirlər. Həmin qadın Marqarita de Sevr idi. Həmin Marqo. 

Elə həmin sərgidən qayıdandan bir neçə gün sonra vəfat edəcəkdi Marqo. 

Bu kədərli hekayədən təsirlənən məşhur şair Andrey Voznesenski “Milyon qızıl gül” şeirini yazacaqdı. Əfsanəvi Raymond Pauls isə  mahnı bəstələyəcəkdi. Bu şedevri isə Alla Puqaçova bütün dünyada oxuyacaqdı... 

Yeri gəlmişkən, Pirosmaninin məşhur rəsmlərindən biri də Zaqatalaya həsr olunub. Əsər “Zaqatala meyxanəsi” adlanır. 

Bu gün isə onun 160 illik yubileyidir. Bu dərviş, sufi, dahi Pirosmaninin...

# 5550
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar