Atasına görə  məktəbdən çıxarılan,   qızının qollarında can verən  müğənni
15 oktyabr 2026 17:09 (UTC +04:00)

Atasına görə məktəbdən çıxarılan, qızının qollarında can verən müğənni

0

Azərbaycan musiqi tarixində elə sənətkarlar var ki, onların səsi milyonların yaddaşına həkk olunsa da, özləri zaman keçdikcə unudulublar. Bəziləri şöhrətin zirvəsində olarkən səhnədən uzaqlaşıb, bəziləri isə şəxsi həyatında yaşadığı çətinliklər səbəbindən istedadını tam nümayiş etdirə bilməyib.

Onun da taleyi belə olub. Uşaqlığında atasına vurulan "xalq düşməni" damğasının ağrısını yaşayıb, gəncliyində sevgisi uğrunda çətinliklərlə üzləşib, ailə qurduqdan sonra isə səhnənin parlaq işıqlarından uzaqlaşıb. Maraqlıdır ki, 30 ilə yaxın sənətdə olmasına baxmayaraq, bir dəfə də olsun solo konsert verməyib. Bununla belə, məlahətli səsi ilə minlərlə insanın qəlbində yer qazanıb. 

Lent.az-ın "Unudulan sənətkarlar" rubrikasının budəfəki qəhrəmanı Azərbaycan musiqisinin unudulmaz səslərindən biri, müğənni Nərminə Məmmədovadır.

Dəyişən ad

Nərminə Ağası qızı Məmmədova-Qiyasbəyli 1932-ci il avqustun 16-da Qazaxda dünyaya gəlib. 

Atası Ağası Məmmədbəyli əslən Göyçaydan olan tanınmış ailənin nümayəndəsi idi. O, Qazax rayon Partiya Komitəsinin birinci katibi işləyib. Anası Şəfiqə xanım isə Azərbaycanın tanınmış Qiyasbəylilər nəslindən olub və müəllimə işləyib.

Gələcəyin məşhur müğənnisinin ilk adı Nərminə olmayıb. Valideynləri ona türk yazıçısı Rəşad Nuri Güntəkinin məşhur "Çalıquşu" romanının qəhrəmanının şərəfinə Fəridə adını veriblər. Sonralar bu ad dəyişdirilib. Bəzi xatirələrdə anasının roman qəhrəmanının ağır taleyindən təsirlənərək qızının adını dəyişmək istədiyi bildirilir. Qızının sözlərinə görə, Nərminə adı rəsmi sənədləşmə zamanı qəbul edilib.

Atasının həbsi

Nərminə Məmmədovanın uşaqlıq illəri sovet repressiyalarının ən ağır dövrünə təsadüf edib.

1937-ci ildə atası Ağası Məmmədbəyli həbs olunaraq sürgünə göndərilib. Ona sovet hakimiyyətinə qarşı fəaliyyətdə iştirakla bağlı ittihamlar irəli sürülüb. Atasının həbsindən sonra ailənin həyatı tamamilə dəyişib. Bakıdakı evlərindən çıxarılan ana və qız İçərişəhərdə kiçik bir evdə yaşamaq məcburiyyətində qalıblar.

Nərminə həmin illərdə 132 saylı məktəbdə oxuyub. Lakin atasının "xalq düşməni" elan edilməsi onun təhsilinə də təsir göstərib.

Məktəb rəhbərliyi ailəyə qızın bir müddət dərslərdən uzaqlaşdırılmasını məsləhət görüb. Beləliklə, gələcəyin müğənnisi təhsilini yarımçıq qoymalı olub. Yeniyetmə yaşlarından işləməyə başlayan Nərminə sonralar məktəbə qayıdaraq təhsilini başa vurub.

Atasının təxminən 20 il sürgündə qalması onun həyatında dərin iz buraxıb. İllər sonra atası bəraət alaraq geri qayıtsa da, uşaqlıqda yaşadığı qorxu və məhrumiyyətlər yaddaşından silinməyib. 

Həmçinin, Ağası bəy sürgündə olduğu müddətdə başqa qadınla ailə qurub. Vətənə qayıdarkən həmin qadın da onun yanında olub. İllərlə atasının yolunu gözləyən Nərminə və anası bu vəziyyəti qəbul etməkdə çətinlik çəkiblər. 

Musiqiyə gəlişi

Bütün çətinliklərə baxmayaraq, Nərminənin musiqiyə marağı uşaqlıqdan özünü göstərib.

O, Pionerlər Evində musiqi və rəqs məşğələlərində iştirak edib. Qızı Sevinc Qiyasbəylinin xatirələrinə görə, 1942-ci ildə bəstəkar Səid Rüstəmov onu uşaq xoruna qəbul edib. Nərminə 15 yaşında ilk dəfə radioda mahnı oxuyub. Onun məlahətli və həzin səsi qısa müddətdə diqqəti cəlb edib.

Sənətə başladığı dövrdə Azərbaycan musiqisində Şövkət Ələkbərova, Sara Qədimova və Rübabə Muradova kimi güclü ifaçılar var idi. Belə bir mühitdə fərqlənmək asan deyildi. Lakin Nərminə Məmmədova özünəməxsus ifa tərzi ilə dinləyicilərin rəğbətini qazana bilib. Onun səsini bəzən Şövkət Ələkbərovanın səsi ilə qarışdırırdılar. Hətta yayılan xatirələrdən birinə görə, Şövkət xanım özü də radioda Nərminənin ifasını eşidərkən bir anlıq öz səsi ilə səhv salıb.

Bir mahnı ilə məşhurlaşmaq

Nərminə Məmmədovanın yaradıcılığında xüsusi yer tutan ifalardan biri "Evlərinin önü yonca" mahnısıdır. Bu mahnını o, əslən İraqın Kərkük bölgəsindən olan Sinan Səidlə duet şəklində ifa edib. 1960-cı illərdə lentə alınan mahnı böyük populyarlıq qazanıb. 

Mahnının yaranma tarixçəsi də maraqlıdır. 1963-cü ildə Sinan Səid Kərkük mahnılarından birini duet şəklində lentə yazdırmaq istəyirmiş. Lakin ifa üçün uyğun qadın səsi tapa bilmirmiş. Bir gün televiziyanın dəhlizindən keçərkən xorda oxuyan Nərminə Məmmədovanın səsini eşidib. Onun ifası Sinan Səidin o qədər xoşuna gəlib ki, duet ortağını tapdığına qərar verib. Beləcə, Azərbaycan musiqi tarixində iz qoyan məşhur duet yaranıb. Mahnı 1967-ci ildə çəkilmiş "Sən niyə susursan?" filmində də səslənib.

Nərminə Məmmədovanın repertuarında "Ay işığında", "Pıçıldaşın ləpələr", "Qərənfil", "İlk xatirələr", "Hardasan yar", "Alagöz", "Sirrimi bilmədin", "Aman ovçu", "Nar-nar" və digər mahnılar da yer alıb.

O, Cahangir Cahangirov, Tofiq Quliyev, Səid Rüstəmov, Qənbər Hüseynli, Ramiz Mustafayev, Əşrəf Abbasov və başqa bəstəkarların əsərlərini ifa edib.

Sevgisi uğrunda yaşadığı çətinliklər

Müğənninin şəxsi həyatı da kifayət qədər mürəkkəb olub. Müğənninin həyat yoldaşı Ramiz Qiyasbəyli tanınmış ziyalı ailəsinə mənsub olub. Onun ailəsinin Nərminə ilə evliliyinə əvvəlcə razı olmadığı, buna səbəblərdən birinin müğənninin atasının repressiyaya məruz qalması olub.

Həmin dövrlə bağlı xatirələrdə Ramiz Qiyasbəylinin bir müddət Xalq şairi Səməd Vurğunun qızı Aybəniz Vəkilova ilə nişanlı olması barədə də məlumatlar var. Bu nişan sonradan pozulub. Ramiz Qiyasbəyli daha sonra başqa qadınla ailə qursa da, həmin evlilik də uzun sürməyib. O, Nərminə Məmmədova ilə ailə həyatı qurub.

Nərminə Məmmədova Ramiz Qiyasbəyli ilə ailə qurduqdan sonra həyatının böyük hissəsini ailəsinə həsr edib.

Ramiz Qiyasbəyli mühəndis olub, rəhbər vəzifələrdə, o cümlədən zavod direktoru işləyib. Eyni zamanda musiqiyə böyük maraq göstərib, tarda və pianoda ifa etməyi bacarıb. Cütlüyün Sevinc adlı bir qızı dünyaya gəlib. 1966-cı ildə doğulan Sevinc Qiyasbəyli sonralar həkim-onkoloq olub, tibb elmləri doktoru və professor elmi dərəcəsinə yüksəlib.

Konsertsiz 30 il

Nərminə Məmmədovanın sənət həyatının ən maraqlı məqamlarından biri onun uzun illər məşhur olmasına baxmayaraq, solo konsert verməməsidir.

Onun ifaları əsasən radio və televiziya vasitəsilə dinləyicilərə çatıb. Halbuki səsi və repertuarı böyük konsert salonlarında çıxış etməsinə imkan verirdi. Müğənninin səhnədən uzaq qalması həyat yoldaşının qısqanclığı ilə əlaqələndirilir.

Müğənni Azərbaycan Televiziyasına qısa müddətlik işə gedir, sonra isə evə qayıdaraq qızı ilə məşğul olurmuş.

Hər fəsil üçün xüsusi ayaqqabı

Nərminə Məmmədova yalnız səsi ilə deyil, zahiri görünüşü və geyim zövqü ilə də diqqət çəkirmiş.O, hər il, hər fəsil üçün ayrı ayaqqabı tikdirirmiş. Geyiminə xüsusi diqqət edən müğənninin maraqlı və qeyri-adi ayaqqabıları olub.

Son illəri və ölümü

Nərminə Məmmədovanın həyatının son illəri səhhətində yaranan problemlərlə müşayiət olunub. Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən müğənninin vəziyyəti getdikcə ağırlaşıb. O, son illərdə hərəkət etməkdə çətinlik çəkib.

Ömrünün son illərində səhhətinə məhz həkim qızı nəzarət edib. 

Nərminə Məmmədova 1997-ci il martın 27-də qızının yanında vəfat edib.

Müğənni Bakıda, Yasamal qəbiristanlığında dəfn olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar