Bu aksiyadan yığılan vəsait Silahlı Qüvvələrə Yardım Fonduna bağışlandı
02 dekabr 2020 12:41 (UTC +04:00)

Bu aksiyadan yığılan vəsait Silahlı Qüvvələrə Yardım Fonduna bağışlandı

Türkiyədə iki qardaş ölkənin rəssam və heykəltəraşlarının əsərlərindən ibarət “Bir millət, iki dövlət” şüarı altında keçirilən onlayn satış aksiyası başa çatıb.

Lent.az-ın məlumaatına görə, noyabrın 12-dən dekabrın 1-dək davam edən yardımlaşma kampaniyasına rəngkarlıq, qrafika, heykəltəraşlıq, keramika üzrə 86 mütəxəssisin ümumilikdə 140 əsəri təqdim edilib. Bu müddətdə 26 rəssamın 38 əsəri satılıb. Satışdan əldə edilən 88 min 700 Türkiyə lirəsi məbləğində vəsait tarixi Azərbaycan torpağı olan Qarabağın erməni işğalından azad edilməsi uğrunda şəhid olan və yaralanan hərbçilərimizin ailələrinə, eləcə də müharibədən zərər çəkənlərə verilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna bağışlanıb. Vəsaitin bağışlanmasına dair qəbz Azərbaycanın Türkiyədəki səfirliyinə təqdim edilib.

Aksiyada Azərbaycanın və Türkiyənin rəsm sənətinin dünyaca məşhur adları Özdemir Altan, Devrim Erbil, Zahit Büyükişleyen, Yalçın Gökçebağ, Resul Aytemür, Mustafa Özel, Hüseyin Elmas, Tahir Çelikbağ, Gültekin Özkan, Ezgi Gökçe, Filiz Piyale, Rəhim Məmmədov, Faiq Aqayev, Assim Rəsuloğlu, Lətafət Məmmədova, Teymur Rzayev, Nazim Məmmədov, Günəş Abbas, Əbülfəz Fərəcoğlu, Ümbülbanu Həmidova, Elnur Kərimli, Cəmilə Əlizadə, Vaqif Zeyidquliyev, Leyla Əlizadə Önen, Pərvanə Əlizadə və Yusif Əlizadənin əsərləri satılıb.

Kampaniya Türkiyənin Yəditəpə Universitetinin Gözəl Sənətlər fakültəsinin müəllimi, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayev və Bilecik Şeyx Edebali Universitetinin Gözəl Sənətlər fakültəsinin müəllimi Elçin Mustafayevin təşəbbüsü ilə reallaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1687

Oxşar yazılar