Gənclər festivalına hazırlıqlar gedir -
15 noyabr 2012 18:06 (UTC +04:00)

Gənclər festivalına hazırlıqlar gedir -

“Bizə ideya lazımdır” devizi ilə keçirilən "Gənclərin II Ümumrespublika Teatr Festivalı"na ssenari qəbulu artıq başa çatıb. Lent.az-ın xəbərinə görə, bununla əlaqədar olaraq festivalın yaradıcı heyəti mətbuat konfransı keçirib. Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə çıxış edən festivalın rəhbəri millət vəkili Jalə Əliyeva, festivalın mövzusunun ekologiyaya həsr olunmasına münasibət bildirib: “Ötən il 12 iyulda Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “ İDEA-Ətraf mühitin müdafiəsi üzrə Beynəlxalq Dialoq” təşəbbüsü irəli sürülüb. Biz də düşündük ki, teatra gələn gənclərimiz vətəni sevməyin yolunun vətənin hər daşını, küçəsini, hər guşəsini, hər ağacını, hər çiçəyini sevməkdən başladığını səhnədən gözləri ilə görsünlər. Festivalın keçirilməsində məqsəd həm gəncliyi yaradıcı dialoqa cəlb etmək, həm də gənc teatr kollektivlərinin hər üzvünü ekoloq-səfir olmağa həvəsləndirməkdir. Bu festival əslində qiymətli priz ya pul uğrunda gərgin rəqabət xarakteri daşımır. Festival daha çox gənclərin arasında fikir mübadiləsi, ideyalar toplusu, yaradıcı laboratoriya kimi nəzərdə tutulub”.

Layihənin icraçı direktoru Ramil Ağasiyev bildirib ki, festivalda nümayiş olunan tamaşalar hələlik adları açıqlanmayan münsiflər tərəfindən xüsusi blanklarda qeyd etməklə qiymətləndiriləcək. Onun sözlərinə görə, festival 3 mərhələdə həyata keçirilib: “I mərhələ - 12 iyul - 30 avqustda pyes-ssenarilərin qəbulu və seçimi aparılıb. Publisist-jurnalist Yaşar Əliyev, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın xan Əbilov və gənc yazar Qaraqan tərəfindən 5 ballıq sxem üzrə qiymətləndirmə olub. 35 ssenaridən 13-ü seçilib.

II mərhələdə( 30 avqust-24 noyabr) seçilən yaradıcı heyətlərə tamaşaları hazırlamaq üçün vaxt verilib.

III mərhələ -24-30 noyabrda olacaq. Bu zaman 13 gənc truppası Bakıda toplaşacaq və Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan tamaşalara baxış keçiriləcək.

Festivalda birinci yeri qazanan komanda 3 min manat, ikinci yer 2 min, üçüncü yeri qazanan komanda isə min manat məbləğində mükafatlandırılacaq. Habelə ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı kişi və qadın rolları seçilərək qiymətləndiriləcək.

Beləliklə, 8-i Bakıdan olmaqla, Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən artıq gənc qatılaraq, 13 maraqlı, aktual mövzulu tamaşalar hazırlayıb. “Zibil düşüncə”, “13 yaşlı qızın gündəliyi”, “Ekosit”, “Qoy nəfəs alım”, “Zibilə düşdük”, “Oksigen balonu” və sair tamaşalar 4 gün ərzində tamaşaçıları, xüsusən də gənc auditoriyanı teatra səsləyəcək festival zamanı tanınmış sənət adamlarının iştirakı ilə usta dərslərinin yer aldığı 3 günlük Art Kamp keçiriləcək.

Festivala Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan-Amerika Alyansının dəstək verir.

Qeyd edək ki, layihənin informasiya dəstəyi AZTV, Araz FM radiosu, Lent.az və Güney.az xəbər saytlarıdır.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1381

Oxşar yazılar