Qədim Hollandiyada dörd yaşından kiçik uşaqlar  işə götürülürdü
12 sentyabr 2026 10:00 (UTC +04:00)

Qədim Hollandiyada dörd yaşından kiçik uşaqlar işə götürülürdü

0

Leyden Universitetinin alimləri XVII-XIX əsrlərdə Niderlandda yaşamış 143 uşağın qalıqlarını araşdırıblar.

Tədqiqat göstərib ki, erkən yaşlardan ağır fiziki əmək onurğa sütununda zədələnmələrə səbəb olub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu problem xüsusilə kənd yerlərində yaşayan uşaqlarda daha çox müşahidə edilib.

Keçmişdə Niderlandda uşaqlıq bugünkündən tamamilə fərqli idi. Uşaqlar artıq 4-6 yaşlarından işləməyə başlayırdılar. Onlar kənd təsərrüfatında, fabriklərdə və emalatxanalarda çalışırdılar.

Oyun və təhsil əvəzinə uşaqlar gündə 12-17 saat əmək sərf edirdilər. Kəndlərdə təsərrüfat işlərinə kömək edir, inəkləri sağır, ağır süd vedrələri daşıyır, pendir hazırlayır və ot yığırdılar. Şəhərlərdə isə tekstil fabriklərində, tütün və kərpic istehsalında işləyirdilər.

Alimlər ağır əməyin böyüməkdə olan uşaq orqanizminə necə təsir etdiyini müəyyənləşdirmək üçün 1650-1850-ci illər arasında yaşamış 143 uşaq və gəncin skelet qalıqlarını araşdırıblar.

Tədqiqat zamanı üç fərqli ərazi müqayisə edilib: kənd təsərrüfatının üstünlük təşkil etdiyi Middenbemster, sənaye şəhəri Arnhem və varlı əhalinin yaşadığı Delft.

Delftdə əsasən imkanlı insanlar dəfn olunurdu və onların uşaqları nadir hallarda işləyirdi. Arnhem və Middenbemsterdə isə vəziyyət tam əksinə idi. Buradakı uşaqların əksəriyyəti yoxsulluq şəraitində böyüyür və erkən yaşlarından işləməyə məcbur qalırdı.

Kənd uşaqlarının onurğası daha çox zədələnirdi

Ən ciddi nəticələr Middenbemsterdə yaşayan uşaqlarda müəyyən edilib. Onlarda onurğa sütununun zədələnmələri daha çox müşahidə olunub.

Bunlara osteoartroz, Şmorl düyünləri və fəqərələrin kənarlarında yaranan deformasiyalar daxil idi.

Alimlər bu dəyişiklikləri daimi fiziki yüklə, ağır əşyaların qaldırılması, uzun müddət əyilmiş vəziyyətdə işləmək və onurğaya davamlı təzyiqlə əlaqələndirirlər.

Zədələnmələr əsasən döş və bel nahiyəsində qeydə alınıb. Bu hissələr ağır süd qablarının qaldırılması və pendir hazırlanması zamanı ən çox yükə məruz qalırdı.

Kənd təsərrüfatında işləmək daha ağır nəticələrə səbəb olurdu

Araşdırmaya görə, kənd yerlərində yaşayan uşaqlarda sümük və onurğa zədələnmələri şəhər uşaqları ilə müqayisədə daha çox olub.

Halbuki şəhərlərdə işləyən uşaqların əməyi də olduqca ağır idi.

Tədqiqatçılar hesab edirlər ki, fermalarda daimi şəkildə ağırlıq qaldırmaq və əyilmiş vəziyyətdə işləmək böyüməkdə olan sümüklərə toxuculuq, sap əyirmə və ya tikiş kimi şəhər işlərindən daha çox təzyiq göstərirdi.

Alimlər hər bir zədənin yalnız əmək fəaliyyəti ilə bağlı olduğunu dəqiq söyləməyin mümkün olmadığını bildirirlər. Çünki sağlamlığa genetika, qidalanma və bədən quruluşu da təsir edir.

Bununla belə, üç qrup arasındakı fərqlər və zədələnən nahiyələrin həmin dövrün tipik əmək hərəkətləri ilə uyğunluğu ağır uşaq əməyinin həqiqətən də sümüklərin inkişafına təsir etdiyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 142

Oxşar yazılar