Alimlər orta əsrlərə aid qədim əlyazmalarda qoyun çiçəyi virusunun DNT-sini aşkar ediblər. Tapıntılar bu virusun tarixini minilliklər əvvələ aparmağa imkan verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Tədqiqatçılar qoyun çiçəyi virusunun 21 qədim genomunu əldə ediblər. Bunların indiyədək aşkar edilmiş ən qədim poksvirus genomları arasında olduğu bildirilir.
Virusun DNT-si Avropanın müxtəlif kitabxana və arxivlərində saxlanılan 17 perqament vərəqində aşkarlanıb. Onların arasında təxminən 990-1020-ci illərdə Kenterberidə hazırlanmış və hazırda York Minsterdə saxlanılan “İncil”in səhifələri də var.
Bundan əlavə, təxminən 800-cü ilə aid latın lüğətində, həvari Pavelin məktublarının surətlərində və digər orta əsr sənədlərində virus izlərinə rast gəlinib. XV əsrə aid kağız vərəqdə də müsbət nümunə müəyyən edilib.
Araşdırma çərçivəsində qədim qoyun qalıqları və tarixi perqamentlər də daxil olmaqla ümumilikdə 754 nümunə tədqiq olunub. Əlyazmalara zərər verməmək üçün mütəxəssislər səhifələrin səthini xüsusi pozanla yüngülcə silib, yaranan tozdan DNT nümunələri əldə ediblər.
Qoyun çiçəyi heyvanlarda ağır xəstəliyə səbəb olan virus infeksiyasıdır və insanlarda çiçək xəstəliyinə səbəb olmuş variola virusu ilə eyni böyük poksviruslar ailəsinə daxildir. Xəstəlik heyvandarlıq təsərrüfatlarında ciddi iqtisadi itkilərə səbəb ola bilər.
Araşdırmada maraqlı məqamlardan biri virus DNT-si aşkarlanan 17 perqament vərəqinin hamısının qoyun dərisindən hazırlanmaması olub. Onlardan 10-u dana, dördü keçi, yalnız üçü qoyun dərisindən hazırlanıb.
Alimlər bunun səbəbini hələ dəqiq müəyyən edə bilməyiblər. Virusun başqa heyvanlarda da mövcud olması, dərilərin emalı zamanı DNT-nin bir materialdan digərinə keçməsi və ya perqamentlərin hazırlanması və təmiri zamanı qoyun mənşəli materiallardan istifadə edilməsi ehtimallar arasındadır.
Virusun ən qədim izləri isə kitablarda deyil, qoyun dişlərində tapılıb. Nümunələrdən biri Qazaxıstandakı Tunc dövrünə aid Mırjık yaşayış yerindən əldə edilib və eramızdan əvvəl təxminən 1875-1645-ci illərə aid edilir. Digər qədim nümunə isə Rusiyanın Altay bölgəsində aşkarlanıb.
Bu nəticələr qoyun çiçəyi virusunun ən azı 3500-3800 il əvvəl mövcud olduğunu göstərir. Genetik təhlillər virusun minilliklər ərzində nisbətən az dəyişdiyini də üzə çıxarıb.
Tədqiqatçılar hesab edirlər ki, qədim kitabxanalar keçmişdə yayılmış infeksiyaların bir növ genetik arxivi rolunu oynaya bilər. Çünki heyvan dərisindən hazırlanan perqamentlər mətnlərlə yanaşı, həmin dövrdə heyvanlar arasında yayılan xəstəliklərin DNT izlərini də min illərlə qoruyub saxlaya bilir.
Alimlər gələcəkdə eyni üsulla keçi çiçəyi və iribuynuzlu heyvanlarda düyünlü dermatit kimi digər qohum virusların da qədim genomlarını aşkar etməyə ümid edirlər.