Azərbaycanda universitetə qəbul olmayan onlarla şəxs xarici ölkələrdə bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil almağı seçir. Əyani təhsil zamanı həmin şəxslərə hərbi xidmətdən müəyyən dövr üçün möhlət verilir. Son bir ildir bir çox ölkələr Şimali Kipr universitetlərində doktorantura təhsili vədi vətəndaşlarını oraya sövq edir. Bu universitetlərdə oxuyan tələbələr isə adətən ilin müəyyən bir qismini həmin ölkədə keçirirlər, dərslərdə demək olar ki, iştirak etmirlər.
Bəs bu cür təhsil alan şəxslərə hərbi xidmət üçün verilən möhlət ləğv edilə bilərmi? Ümumiyyətlə, möhlət hansı hallarda ləğv olunur?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, çağırışçının təhsilalmasını təsdiq edən arayış hər növbəti tədris ili üzrə yenilənməlidir:
“Müddətli həqiqi hərbi xidmətdən təhsilə görə möhlət yalnız əyani formada təhsil alan tələbələrə verilir. Xüsusən xarici ölkələrdə təhsil alan və ya müvafiq təhsil səviyyəsi üzrə təhsilini davam etdirən, bununla əlaqədar qeydiyyatda olduqları Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təhsilalma barədə arayış təqdim edən çağırışçıların diqqətinə çatdırmaq istərdik ki, təhsilə görə möhlət üçün müraciət etdikdə həmin şəxs təhsil almasına dair sənədi çağırışa cəlb edildiyi ayadək (yanvar, aprel, iyul və oktyabr aylarının 1-dək) təqdim etməlidirlər. Əks təqdirdə həmin şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bununla yanaşı xaricdə təhsil alan çağırışçılar təhsil almaları barədə sənədləri leqallaşdırmalı və ya onlara apostil verilməlidir. Bundan sonra həmin sənədlər Azərbaycan dilinə tərcümə edilməli və tərcümə natorial qaydada təsdiq olunmalıdır.
Onu da qeyd edək ki, xaricdə təhsil alan çağırışçılara təhsil almasına görə verilən möhlət onların təhsil aldığı müddətdə qüvvədə olur, lakin bunun üçün çağırışçının təhsilalmasını təsdiq edən arayış hər növbəti tədris ili üzrə yenilənməlidir”.