"Yuxu kimi"nin rejissoru: “Evdə görmədiyim iş qalmadı”  - VİDEO
22 aprel 2020 11:36 (UTC +04:00)

"Yuxu kimi"nin rejissoru: “Evdə görmədiyim iş qalmadı” - VİDEO

 Lent.az evdə karantin vaxtında olan sənət adamlarının vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edir. Budəfəki müsahibimiz “Vicdan haqqı”, “Yuxu kimi”  reytinqli serialların rejissoru Rövşən İsaxdır.

Karantin başlayandan evdə olduğunu deyir: “Vallah, görmədiyim iş qalmayıb. Əvvəl evdə xanıma kömək etməklə başımı qatdım. Gəncə mətbəxindən bilmədiklərimi də öyrəndim. Daha hardasa tək olsam, başımı saxlaya bilərəm, yəni, o qədər bişirib-düşürə bilirəm. Yır-yığışa, sil-süpürə də əl atdım hətta. Bunları eləyəndə beyin də bir az dincəlmiş olur və başlayır daha yaxşı düşünməyə, daha yeni ideyalarla dolur.

Bu minvalla keçdim yaradıcılığa. Dostum Vüqar Əmirovla birgə ürəyimə yatan, ruhumu oxşayan şeirləri seçib onları oxudum, yazdıq. Yəni bədii qiraətlə başımızı qatdıq. Bir silsiləni sosial şəbəkələrdə paylaşdıq, yaxşı da reaksiya oldu. Görən-bilən “yaxşıdır” dedi, biz də həvəslənib bir az da irəli getdik, yazdıq yenə”.

Rejissor bir-neçə ssenari üzərində yaradıcı qrupu ilə fikir mübadiləsi apardığını da dedi: “Yuxu kimi” serialının çəkilişlərini karantin vəziyyətinə görə dayandırmışıq. Amma beynimiz, işimiz dayanmayıb. Ssenarini yazır, onlayn məşqlər edirik ki, işə başlayana qədər bu məsələlər hamısı çəkilişə hazır olsun, daha vaxt itirmədən çəkə bilək”.

 

Rövşən İsax deyir ki, evdə qalmaqla da iş görmək mümkündür: “Yetər ki, işini sevəsən, həvəsin və istedadın olsun. Mən həm də qanuna tabe adamam, deyilir evdə oturmaq lazımdır, demək bizim üçün, ölkə üçün belə gərəkdir. Oturaq, özümüzü qoruyaq da, başqa nə deyilir ki, bizə”.

Rejissorun fikrincə, hərdən kənara çəkilib gördüyün işlərə, keçənlərə, həyatına baxmağın da xeyri var: “ Sonra format olunmuş kompüter kimi tərtəmiz, yeni enerjiylə başla da işə”.

Rövşən İsax uşaqlarıyla keçirdiyi vaxtdan zövq aldığını da vurğulayıb: “Bəzən onlar böyüyür, amma sən işdə olursan, İndi gözümün önündə böyüyürlər, müşahidə edib ondan da zövq alıram. Onda adam özünün qocalmasının kədərini yaşamır, uşağın böyüməsinin sevinci onu üstələyir. Bu qədər. Nə qədər əyləncəli, lazımlı olsa da, evdə oturmaqdansa, işə getmək daha yaxşıdır, ümid edirəm ki, tezliklə bu koronavirus deyilən əngəl yaxamızdan əl çəkər, başlayarıq aktiv fəaliyyətimizə. Bunun üçün bir qədər səbr edib, evdə oturub gözləməliyik, daha doğrusu, evdən işləyib gözləməliyik”.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6440
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar