Gecə yaxşı yatmaq üçün nələri yemək olar?
Lent.az bununla bağlı maraqlı məlumatları təqdim edir:
Son tədqiqatlar göstərib ki, pendir qəbulu yuxuda nəfəsin müvəqqəti dayanması və ya səthi nəfəs alma kimi yuxu apnoesi adlanan pozuntu riskinin azalması ilə əlaqəli ola bilər.
Alimlər hesab edirlər ki, pendirin tərkibindəki bəzi komponentlər sidik cövhəri (urea) və testosteron səviyyələrinə təsir edə bilər, bu isə bu vəziyyətin inkişafında rol oynayır. Bununla belə, mütəxəssislər gözləntilərin həddindən artıq olmasından çəkindirirlər.
Dietoloq Endjel Plannells qeyd edir ki, pendir yuxu pozuntularına qarşı bir dərman deyil və onun qəbulu vəziyyətin mütləq yaxşılaşmasına zəmanət vermir. Yuxu İnstitutunun direktoru Tomas Maykl Kilkenni isə bildirir ki, tədqiqat yalnız bəzi biokimyəvi əlaqələri göstərir, lakin pendirin yuxu apnoesi riskini birbaşa azaltdığını sübut etmir.
Əgər siz yuxu keyfiyyətinizi yaxşılaşdırmaq istəyirsinizsə, başqa məhsullara da diqqət yetirmək lazımdır. Məsələn, isti südə bal əlavə edib içmək sakitləşdirici təsir göstərir və yuxuya getməyə kömək edir – bu, 2018-ci ildə ürək xəstələri arasında aparılan bir araşdırma ilə təsdiqlənib. Həmçinin 2014-cü ildə alimlər müəyyən ediblər ki, fiziki aktivlik və süd məhsulları yaşlı insanların yuxuya getməsinə yardım edir.
Süd məhsulları triptofan adlı amin turşusu ilə zəngindir – bu maddə melatonin və serotonin hormonlarının istehsalına yardım edir, hansılar ki, sağlam yuxu üçün vacibdir. Süd və pendirdən əlavə, ispanaq, badam, banan və tünd şokolad da triptofanla zəngindir. Digər faydalı məhsullar isə yağlı balıq, bütöv taxıllar, şirin kartof və kinoa sayılır – bunlar sinir sistemini rahatlaşdıran maqneziumla zəngindir.
Lakin, pendirin bütün növləri orqanizmə eyni təsir göstərmir. Məsələn, dor blu və bri kimi yetişdirilmiş pendirlər tərkibində tiramin adlı maddə saxlayır – bu maddə beyinin aktivliyini stimullaşdırır və yuxuya getməni çətinləşdirə bilər. Buna görə də, pendir sağlam rasionun bir hissəsi ola bilər, amma yuxunun yaxşılaşdırılması üçün universal həll yolu deyil.