LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 25-Cİ YAZINI TƏQDİM EDİR.
Tarix: 29 yanvar 1964-cü il.
Şəkidə yanvar ayında havanın necə olduğu barədə geniş danışmağa lüzum yoxdur. Qar yağdıqdan sonra gələn şaxta isə buranın havasını Sibirə bənzədir.
Lent.az-ın xəbərinə görə, belə bir soyuq qış günündə Şəkidə indiyədək çoxlarının bixəbər olduğu aviaqəza baş verib. Sovet mənbələrində qəza barədə az da olsa məlumat tapmaq mümkün olub.
Bakı-Nuxa-Zaqatala-Balakən* reysini yerinə yetirən Li-2T tipli təyyarə geri qayıdarkən Nuxa aerodromuna plan üzrə eniş edir. Sərnişinləri və yükləri götürən təyyarə saat 13.23-də starta keçir. Yandan əsən küləyin sürəti saatda 5 metr idi. Şaxta qılınc kimi kəsirdi.
124 mert yürüdükdən sonra komandir təyyarənin arxa təkərini qaldıraraq sürət yığmaq istəyir. Bu anda təyyarəni sağ təkəri 25 sm qalınlığındakı qar yığınına girdiyindən hava gəmisi 20 dərəcə sola dönür. Gəmi komandiri uçuşu dayandırmaq və təyyarənin kursunu düzəltmək yerinə uçuşu davam etdirir. Hava gəmisi getdikcə sola meyllənir. Yerdən aralanmanı sürətləndirmək üçün pilot təkrarən arxa təkəri endirir. Nəticədə qəza şəraiti yaranır və təyyarə böyük bucaq altında hərəkətə keçir. Kiçik sürətdə və böyük bucaq altında hava gəmisi gah zolaqdan aralanır, gah da zolağa toxunaraq hərəkət edir. Start xəttindən 433 metr məsafədə təyyarənin qabaq təkərləri yerdən aralanır və uçuş 117 metr məsafədə arxa təkər üstündə davam edir. 550 metrdən sonra təyyarə yerdən 3 metr aralanaraq böyük bucaq altında uçuşa davam edir. Havada 220 metr gedən və artıq aeroderomu tərk etmiş təyyarənin sol təkəri yerə çırpılaraq qopur, 18 metr sonra isə sağ şassi yerlə toqquşaraq 30 metr kənara düşür. Bu vəziyyətdə belə mühərrikləri işləyən təyyarə arxa təkər üzərində 70 dərəcə bucaq altında hərəkətə davam edir. Start xəttindən 900 metr məsafədə təyyarənin burnu 7 metr dərinlikdə Qurcanaçayın keçdiyi yarğanla toqquşur. Hava gəmisi qanadları və burun hissəsi ilə yarğanın kənarına dirənərək sudan 3 metr yüksəklikdə asılı qalır. Qəzada ikinci pilot ölür, komandir, rabitəçi və 2 sərnişin xəsarət alır. Digər 17 sərnişin qəzadan salamat qurtarır.
Komissiyanın rəyinə görə, qəzaya komandirin qeyri-peşəkar davranışı səbəb olub. O, uçuşdan qabaq aerodromu və təyyarəni yoxlamayıb, bütün işlıəri ikinci pilota həvalə edib. Bu aerodroma gün ərzində ikinci eniş edən komandir özünə arxayın olaraq heç təyyarədən enməyib. Uçuş zolağında qalan qarı şaxta vurduğu üçün bərkiyərək təyyarənin kursdan yayınmasına səbəb olub.
*Yer adları sənəddə olduğu kimi saxlanılıb.