19 il əvvəl İspaniyanın şimalındakı bir xəstəxanada dünyaya gələn və səhvən başqa ailəyə verilən körpə, illər sonra həqiqəti öyrənib 3 milyon avro təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Bilbaonun cənubundakı Logrono xəstəxanasında doğulduqdan sonra küvəzə qoyulan iki körpə qarışdırılaraq yanlış ailələrə verilib. Hadisə atanın 16 yaşında uşağına yaxşı baxmadığını iddia edən nənənin şikayəti əsasında atadan DNT testi alınan zaman ortaya çıxıb. 2017-ci ildə edilən DNT testi, qızın atası ilə heç bir genetik əlaqəsinin olmadığını ortaya çıxarıb. Daha sonra anası ilə də bir bağının olub-olmaması araşdırılıb. Götürülən test analizləri qızın bu ailənin övladı olmadığını təsdiqləyib.
Bundan sonra yerli hökumət bunun insan səhvindən qaynaqlandığını açıqlayıb. La Rioja hökumətinin səhiyyə naziri Sara Alba mətbuata açıqlamasında, səhv edən şəxsin kimliyini müəyyən edə bilmədiklərini söyləyib. Alba, o vaxtdan bəri körpə doğuş prosedurlarının inkişaf etdirildiyini və bu gün belə bir səhvin baş verməsinin mümkün olmadığını da bildirib.
Məlumata görə, hökumət səhv ailəyə verilən 19 yaşlı qıza 215 min avro təzminat təklif edib. Amma o, bu təzminatdan imtina edərək 3 milyon avro istədiyini bildirib. Bu xanımın həqiqi ailəsinə verilən digər qız da nəticə olaraq səhv ailədədir. Ona da bu barədə məlumat verilib. Amma o şikayətçi olmayıb.
Daha sonra aparılan araşdırma nəticəsində xəstəxanada səhv ailəyə verilə biləcək yalnız bir körpənin olduğu məlum olub. Hazırda 19 yaşlı qız bioloji ailəsini öyrənmək üçün DNT testinin nəticələrini gözləyir.