Telefon zənginə necə cavab verməyiniz qarşınızdakı insanda sizin haqqınızda müəyyən təəssürat yarada bilər. Xüsusilə işgüzar danışıq zamanı söhbətə hansı sözlə başlamaq ünsiyyətin tonuna təsir edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, gündəlik həyatda insanların əksəriyyəti telefon zənginə avtomatik olaraq “alo”, “bəli” və ya “eşidirəm” sözləri ilə cavab verir. Lakin etiket baxımından bu variantların hamısı hər vəziyyət üçün eyni dərəcədə uyğun hesab edilmir.
Mütəxəssislər bildirirlər ki, “alo” demək dil və ya ünsiyyət səhvi deyil. Bu söz uzun illərdir telefon danışığında qarşı tərəfə zəngin qəbul edildiyini və onu eşitdiyinizi bildirmək üçün istifadə olunur. Ancaq rəsmi və işgüzar ünsiyyətdə təkcə “alo” demək bir qədər qeyri-rəsmi səslənə bilər.
Telefonu “bəli” sözü ilə açmaq isə daha az məqsədəuyğun sayılır. Çünki zəng edən şəxs doğru nömrəyə düşüb-düşmədiyini və danışmağa başlaya biləcəyini dərhal anlamaya bilər.
Etiket mütəxəssisləri tanımadığınız nömrədən gələn zənglərdə “Salam, sizi dinləyirəm” ifadəsinin daha nəzakətli və neytral olduğunu bildirirlər. Təkcə “dinləyirəm” demək isə bəzi hallarda sərt səslənə bilər.
Şəxsi və qeyri-rəsmi zənglərdə yaxın insanlara “alo” və ya “bəli” demək normal hesab olunur.
İşgüzar zənglər zamanı isə daha aydın təqdimat tövsiyə edilir. Məsələn, “Salam, ... şirkətidir, sizi dinləyirəm” və ya şəxsi nömrədə “Salam, mən Viktoriya, sizi dinləyirəm” formasında cavab vermək mümkündür.
Mütəxəssislər həmçinin telefon açılan kimi “Kimdir?” sualını verməməyi məsləhət görürlər. Daha nəzakətli variant əvvəlcə salamlaşmaq, sonra qarşı tərəfin özünü təqdim etməsinə imkan yaratmaqdır.