Müasir dövrdə hətta meyvə yemək kimi sadə bir mövzu belə saysız-hesabsız mif və yanlış düşüncələrlə əhatə olunub.
Lent.az meyvələrlə bağlı geniş yayılmış 4 yanlış inancı təqdim edir:
1. Meyvəni acqarına yemək olmaz
Çoxları düşünür ki, xüsusən turş meyvələr (sitruslar, kivi və s.) acqarına yeyildikdə mədəni zədələyir. Lakin bu iddia elmi cəhətdən əsaslı deyil. İnsan mədəsinin özünü qoruyan selikli qatı var və o, hətta mədə turşusuna (HCl) dözə bilir – hansı ki, meyvə turşularından qat-qat güclüdür.
Nəticə: Səhər alma və ya portağal yemək mədəyə zərər vermir, əksinə – faydalıdır.
2. Axşam meyvə yemək piylənməyə səbəb olur
Doğrudur, meyvələrdə təbii şəkərlər var və onlar orqanizmə enerji verir. Amma gecə saatlarında da bu enerji beyin və qan dövranı sistemi üçün vacibdir.
Məsələn, böyük bir alma təxminən 20 qram şəkər ehtiva edir, amma insan beyni gecə ərzində 30 qramdan çox qlükoza sərf edir.
Nəticə: Axşam meyvə yemək sizi kökəltmir. Əgər istəyirsinizsə, rahatlıqla yeyə bilərsiniz.
3. Meyvə qəlyanaltı üçün pis seçimdir
Bəzi fikirlər var ki, alma kimi meyvələr iştahı daha da artırır. Amma bu da əsaslı deyil. Meyvələr az kalorili, liflə zəngin qidalar sırasındadır və toxluq hissini artırırlar.
Yüngül, faydalı və rahat qəlyanaltı olaraq əla seçimdir.
4. Meyvələrdəki fruktoza qaraciyərə zərərlidir
Bu iddiada müəyyən həqiqət payı var: çoxlu miqdarda fruktoza, xüsusən həddindən artıq qida qəbulunda qaraciyərə yük sala bilər. Amma gündə 1–2 porsiya meyvə yemək sağlamlıq üçün təhlükə yaratmır.
Əsas olan müvazinət və ölçüdür. Normal miqdarda meyvə yemək qaraciyərə zərər vermir.
Yekun olaraq
Meyvələrlə bağlı aşağıdakı miflərə inanmağa dəyməz:
Acqarına yemək zərərlidir
Axşam meyvə piyə çevrilir
Qəlyanaltı üçün uyğun deyil
Fruktoza qaraciyəri zədələyir