Pomidor 1500-cü illərə qədər zəhərli bitki sayılırdı. Onun mətbəxə “ayaq açmasının” maraqlı tarixçəsi var.
İlk dəfə pomidoru Boliviya, Peru, Meksika kimi ölkələrdə bəzək bitkisi kimi yetişdirirdilər. O əvvəlcə yabanı halda sarı rəngdə olurdu. Peruda onu "tomatl" -"böyük giləmeyvə" adlandırırdılar. Bir çox Avropa ölkələrində domates, tomat adı belə verilib pomidora. Xristofor Kolumbun Amerikanı kəşf etməsindən sonra o Cənubi Amerikadan Avropaya, kral sarayına gətirildi.
1500-cü illərin ortalarına qədər o zəhərli bitki sayılıb. XII Lüdovikin sarayında sarı parlaq meyvələri olan bu bitki bəzək bitkisi kimi sevilsə də, kimsə ona toxunmur, zəhərlənməkdən qorxurdular. Bir gün Lüdovik edam olunacaq köləsini dar ağacına göndərmək əvəzinə pomidorla zəhərləmək əmri verdi. Kölə isə ölmək əvəzinə yediyi ləzzətli tərəvəzdən sonra barmaqlarını da yalamışdı. Bax beləcə pomidor qida kimi kəşf olundu.
Lap əvvəllər onu qızardaraq və ya qaynadaraq yeyirdilər. Pomidorun çiy şəkildə istifadə edilməsi bir aşpazın salatlarda istifadəsindən sonra başlanılıb. Avropalılar pomidoru sevgi bəxş edən tərəvəz kimi qəbul edərək, ona “məhəbbət alması” deyirdilər. Bizim ölkəmizdə isə ilk dəfə 1862-ci ildən becərilməyə başlanıb.
Antioksid tərkibə malik olan pomidor orqanizmə yığılan zəhərli maddələri təmizləyir, qanın durulmasına kömək edir. Mədə-bağırsağın fəaliyyətinə, böyrək daşlarının düşməsinə müsbət təsir göstərir. Ondan kosmetik vasitə kimi də istifadə etmək olar, dəriyə təmizlik və gözəllik verir. Yanıq zamanı və həşərat dişlədiyi yerlərin müalicəsində çox faydalıdır.
Meyvəsinin tərkibində orta hesabla quru maddə 6-7%, zülal 0,8-1%, mineral maddələr 0,5-0,6%, şəkər 4,0-5,0%, sellüloza 0,8-0,9%, C vitamini 25-27 mq%, A,B1, B2,PP vitaminləri vardır.
Bir neçə əsr ərzində seleksiyaçılar sarı, çəhrayı, bənövşəyi, rənglərdə də pomidor yetişdirməyə nail olub və bitkinin görkəmini dəyişərək çoxlu yeni sortlar yaradıblar. 1970-ci ildə İspaniyada təbiətdə yabanı yetişən qara pomidor tapıldı. Qara pomidor ən güclü antioksidantdır. Hazırda qara pomidor ən çox Rusiyada və Türkiyədə yetişdirilir.