Ötən həftə dünyasını dəyişən Britaniya kraliçası 2-ci Yelizaveta kifayət qədər rekorda imza atıb.
Lent.az Avropa mətbuatına istinadla bəzi rekordları təqdim edir.
Beləliklə, 2-ci Yelizaveta 70 il 4 ay taxtda olub. Britaniya tarixində bundan əvvəlki rekord elə onun ulu nənəsi kraliça Viktoriyaya mənsub olub: 63 il, 7 ay, 2 gün (1837-1901).
96 yaşlı 2-ci Yelizaveta dünyanın vəzifədə olan ən yaşlı monarxı idi. Ondan daha uzun müddət hakimiyyətdə olmaq yalnız 2 nəfərə müəssər olub: Fransa kralı XIV Lüdoviq (72 il) və Tailand kralı Bumibol Adulyadej (70 il 4 ay).
Yelizaveta ən çox xarici səfər etmiş Britaniya hökmdarı kimi tarixdə qaldı. O, 100-dən çox ölkəyə səfər edib – Millətlər İttifaqına, yəni özünün rəhbər olduğu ölkələrə isə ümumi səfər sayı 150-ni keçir. Onun ən çox getdiyi ölkələr isə Kanada (22 dəfə) və Fransa (13 dəfə) olub. Monarx xarici səfərləri 2015-ci ildə 89 yaşında dayandırıb. Onun xarici səfərlərdə qət etdiyi yolun ümumi uzunluğu Yer kürəsinin ətrafına 42 dəfə dolanmağa kifayət edər. 1953-cü ilin noyabrından 1954-ün mayınadək 168 günlük turne zamanı o, 13 ölkəyə səfər etmişdi.
Yelizavetanın hakimiyyəti dövründə Britaniyada 15 baş nazir dəyişib. O, son 14 ABŞ prezidentindən 13-ü, Roma papalarının əksəriyyəti görüşüb.
Kraliçanın 7 yaşından ömrünün sonunadək 200-dən çox portreti çəkilib. O, 73 il ailəli olmaqla da rekord sahibidir.
Kraliçanın texnikaya da marağı yüksək olub. O, ilk e-mailini 26 mart 1976-cı ildə Britaniya Müdafiə Nazirliyinin yeni açılmış mərkəzində göndərib. Kraliça 2014-cü ildə ilk tiviti atıb, 2019-da isə İnstaqramda ilk paylaşımını edib.