Hind quşları  Ağ Evə necə ayaq açdı? - Şükran gününün  qanlı tarixçəsi
09 noyabr 2024 16:35 (UTC +04:00)

Hind quşları Ağ Evə necə ayaq açdı? - Şükran gününün qanlı tarixçəsi

Hər il  ABŞ-da noyabr ayının 4-cü cümə axşamı Şükran günü kimi qeyd edilir. Həmin gün prezidentə bir diri hind quşu gətirilir, o da həmin quşun buraxılmasını tələb edir.

Bəs bu bayram necə yaranıb, hind quşunun Ağ Evə ayaq açmasının tarixçəsi nə ilə bağlıdır?

Lent. Az “Belə yaranıb” rubrikasında bu barədə məlumat verir.

Öz ölkələrindəki dini təzyiq və zülmlərdən qaçan İngiltərədəki prostestant-puritan kilsəsinin radikal qoluna mənsub bir qrup ingilis 1620-ci ildə Amerikanın cənub-şərqindəki Plimut məntəqəsinə ( Massaçuset ştatında şəhər) pənah gətirmişdilər. Buradakı ilk qış çox ağır keçdi, aclıq və xəstəlikdən yüzlərlə protestantın yarıdan çoxu qırıldı.

1621-ci ilin yazında ingilislər “hindu” adlandırdıqları yerli tayfaların köməyinə möhtac qaldılar. Hindular avropalılara o torpaqlarda hansı bitkiləri yetişdirmək və ov etməyin qaydalarını öyrətdilər. Gəlmələr torpağı əkib-becərməyə başladılar. Nəhayət, 1621-ci ilin payızında zəhmətlərinin bəhrəsi olaraq bol məhsul əldə etdilər. Plimutda Şükran günü məhz həmin vaxt Amerika qitəsinə ilk ayaq basan bir neçə ingilis müstəmləkəçisinin hindularla birgə ova getməsi ilə başladı. Bir gün o qədər çox heyvan və quş tutdular ki, təxminən 50 adamlıq qrupa bir həftə kifayət etdi. Əfsanəyə görə, bunlar əsasən, hazırda hind toyuğu, hind quşu, yaxud hinduşka adlanan quşlar olub. 

Birgə ovdan sonra, təxminən, 90 nəfərlik bir yerli hindu qrupu düşərgəyə gəldi. İngilis mühacirlər əvvəl narahat olsalar da, sonradan qruplar qaynaşdı və bir neçə gün davam edən bir mərasim təşkil edildi. Dil maneəsi səbəbi ilə bir-birini çox da yaxşı anlamayan bu iki qrup arasında oyunlar və müsabiqələr təşkil etdilər. Bu hadisə iki tərəf arasında 1670-ci illərdəki Kral Filip döyüşünə qədər davam edəcək bir sülhün təməlini qoydu. Plimut koloniyasının ilk qubernatoru U.Bledford həmin günü onlara bolluq yetirdiyinə görə Tanrıya şükür etmə günü kimi qeyd etməyi təklif etdi. Eyni zamanda, o gün ingilislərlə hindular bundan sonra bir-birlərinə dəstək vermək barədə qardaşlıq andı içdilər.

Təəssüf ki, ingilislər hinduların bu yardımına minnətdar olmaq yerinə, sonradan güc toplayıb, öz andlarını pozdular və bütün Amerikadakı aborigen tayfaların kökünü kəsməyə başladılar. 1675-1676-cı illər arasında baş verən döyüşlərdə yüzlərlə koloniyaçı və minlərlə hindu həlak oldu.

Buna rəğmən, əsasən, protestant avropalılar Şükran gününü unutmadılar. 1789-cu ildə ABŞ-ın ilk prezidenti Corc Vaşinqton hər il noyabrın 26-nı Şükran günü kimi keçirməyi təklif etdi. 

Şükran gününün ertəsi günü isə ABŞ-da qeyri-rəsmi olaraq “qara cümə” adlanır. O gün bütün ölkədə yüksək endirim kampaniyaları həyata keçirilir. Şükran və Milad bayramlarında diri hind quşunun prezident masasına gətirilməsi ənənəsi çoxdan yaranıb. 

Hinduşkanı əfv etmək ənənəsinin əsasını isə 1963-cü il noyabrın 21-də ölümündən bir gün öncə Con Kennedi qoyub. Onun masasına gətirilən və boynuna “Nuş olsun, cənab prezident” sözləri yazılmış hinduşkaya baxaraq deyib: “Biz bu quşun böyüməsinə imkan verəcəyik. Qoy, bu, Şükran günü ilə bağlı ona hədiyyəmiz olsun!”.

Maraqlıdır ki, hind quşunu əfv edən ABŞ prezidenti ertəsi gün – “qara cümə”də özü sui-qəsdin qurbanı olub. Kennedi öldürülsə də, ondan sonra Ağ Evə gətirilən hind quşlarının əfv edilməsi ənənəsi davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1857
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar