Duş qəbul etmək artıq sadəcə gigiyenik bir vərdiş deyil bu həm də rahatlamaq, stressi azaltmaq və enerjini bərpa etmək üsuludur. İlıq su əzələləri boşaldır, sinir gərginliyini azaldır və təravət hissi bəxş edir. Lakin, mütəxəssislərin fikrincə, bu xoş vərdiş düzgün yerinə yetirilmədikdə dərinin sağlamlığına ciddi zərər verə bilər.
Lent.az bu səhvləri təqdim edir:
Ən çox rast gəlinən səhv çox isti və uzun müddətli duş qəbuludur. İnsanların çoxu səhvən düşünür: “Nə qədər isti və uzun duş qəbul etsəm, dərim bir o qədər təmiz olacaq". Halbuki bu, tam əksinə nəticələnə bilər. Uzun müddət ərzində isti suyun altında qalmaq dərinin təbii qoruyucu qatını lipid təbəqəsini zədələyir. Bu təbəqə xüsusi yağlardan ibarətdir və onun əsas vəzifəsi dəridəki nəmi saxlamaq və zərərli bakteriyaların daxil olmasının qarşısını almaqdır.
Niyə isti su dərimizə zərər verir?
İsti su dərinin üst qatında yerləşən təbii yağları əridir və onları yuyur. Nəticədə:
Dəri nəmini itirir,
Quruluq, qaşınma, qabıqlanma yaranır,
Dəridə mikroçatların əmələ gəlməsi asanlaşır,
Bu çatlar vasitəsilə mikroorqanizmlər daxil olaraq iltihab və infeksiya yarada bilər. Bu balansın pozulması nəticəsində dərinin elastikliyi azalır, o, kobud və mat görünür.
Aqressiv yuyucu vasitələr vəziyyəti pisləşdirir
Daim güclü ətirli və çox köpüklənən duş gelləri, skrablar və şampunlar istifadə etmək dərinin vəziyyətini daha da ağırlaşdırır. Bu məhsullar tərkibindəki sərt kimyəvi maddələr səbəbindən lipid təbəqəni tamamilə məhv edə və dermatit, qızartı və çatların yaranmasına səbəb ola bilər.
Düzgün duş qəbul etməyin qızıl qaydaları
Mütəxəssislər aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:
1. İlıq sudan istifadə edin, çox isti sudan uzaq durun.
2. Duşda qalma müddətini 5-10 dəqiqə ilə məhdudlaşdırın.
3. Yumşaq, neytral tərkibli yuyucu vasitələr seçin güclü ətirli və parabenli məhsullardan uzaq durun.
4. Duşdan sonra dəriniz hələ bir qədər nəm ikən nəmləndirici krem və ya losyon çəkin.
Duş qəbul etmək həm zövq, həm də fayda gətirə bilər, lakin burada miqdar deyil, düzgünlük vacibdir. Hər gün uzun müddət isti suyun altında qalmaq və dərini çox yumaq onun təbii qoruma mexanizmini zəiflədir. Əgər məqsədiniz dərini sağlam, yumşaq və parlaq saxlamaqdırsa, qısa, ilıq və balanslı duş rejimi ən doğru seçim olacaq.