Mütəxəssis qeyd edib ki, göbələklər qida maddələri ilə çox zəngindir və orqanizmə bir sıra sağlamlıq üstünlükləri təmin edə bilər.
Lent.az göbələklərin faydaları barədə məlumat verir:
Göbələklərin bir sıra faydalı xüsusiyyətləri var: iltihabla mübarizədən tutmuş bağırsaq sağlamlığının qorunmasına qədər, orqanizmi vitamin və minerallarla təmin edir. Tibb elmləri doktoru, nevroloq və beyin sağlamlığı üzrə ekspert Haydi Moavad Verywellhealth üçün yazdığı məqalədə göbələk yeməyin əsas üstünlüklərini sadalayıb.
1. İltihabla mübarizə aparır
Göbələklər iltihab əleyhinə təsirə malikdir və bu, iltihabi xəstəliklərin riskini və şiddətini azalda bilər. Onlar bir neçə bioaktiv metabolit həzm prosesində əmələ gələn maddələr – ehtiva edir və məhz bu maddələr göbələklərin iltihab əleyhinə təsirini təmin edir.
2. Antioksidantlar ehtiva edir
Göbələklər təbii antioksidant mənbəyidir. Onların müxtəlif komponentləri və törəmələri orqanizmdə antioksidant təsir göstərir.
3. Xolesterinin səviyyəsini azaldır
Göbələk yemək qanda xolesterin və lipidlərin (yağların) miqdarını azaltmağa kömək edir. Müxtəlif göbələk növlərinin kimyəvi komponentləri yağ və xolesterinlə birləşərək onları orqanizmdən xaric edə, göbələk fermentləri isə zərərli yağları parçalayaraq xolesterini azalda bilər.
4. Bağırsaq sağlamlığını dəstəkləyir
Göbələklər həzmə kömək edən lif və beta-qlükanlarla zəngindir, həmçinin qəbizliyin qarşısını ala bilər.
5. Qan təzyiqini tənzimləyir
Göbələklər pəhrizdə təbii təzyiqsalıcı kimi qəbul edilir, çünki onların tərkibində təzyiqi azaldan maddələr erqosterol, polifenollar, terpenlər, terpenoidlər, polisaxaridlər və zülallar mövcuddur.
6. Virus və bakteriyalar əleyhinə xüsusiyyətlərə malikdir
Araşdırmalar göstərir ki, göbələklər immun sistemini gücləndirə və müxtəlif infeksion xəstəliklərdən qorumağa kömək edən antimikrob xüsusiyyətlər göstərə bilər. Bu effekt qida maddələrinin təsiri ilə bağlıdır, həmçinin göbələklərdə mikroorqanizmlərin çoxalmasını ləngidən maddələr olduğu güman edilir.
7. Diabet xəstələri üçün təhlükəsizdir
Göbələklərdə qlükoza və digər şəkərlərin miqdarı çox azdır. Onlar doyumlu, faydalı qidadır və qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olmur. Bundan əlavə, araşdırmalar göstərir ki, göbələklər bəzi insanlarda qan şəkərini azalda və insulin istehsalını artıra bilər.
Göbələklər orqanizmin ehtiyacı olan bütün əvəzolunmaz amin turşularını ehtiva edir, buna görə də onlar ətə alternativ kimi və ya pəhrizə əlavə zülal daxil etmək üçün əla seçimdir. Üstəlik, göbələklər münasib qiymətə əldə edilən məhsuldur.