Fulyanın gəzdirdiyi kəlağayını ona kim bağışlamışdı?
05 noyabr 2021 19:19 (UTC +04:00)

Fulyanın gəzdirdiyi kəlağayını ona kim bağışlamışdı?

“Fulya xanımla dostluğumuz indi də davam edir. Tez-tez əlaqə saxlayıb danışırıq”.

Bu sözləri Pərvin Babayeva deyir. O Pərvin ki, türkiyəli müxbir Fulya Öztürkə qırmızı rəngdə kəlağayı hədiyyə etməsi ilə yaddaşlarda qalıb. 44 günlük Vətən Müharibəsində Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistan silahlı qüvvələrinin törətdikləri terror hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə görə Fulya Öztürk xalqımızın böyük rəğbətini və sevgisini qazandı. Onu yaxından tanımaq istədi hər kəs. Elə Pərvin də. Bəs, bu necə baş verib? Özü danışır bizə...

“Vətən müharibəsi başladığı gün mən Türkiyədə idim. Keçirtdiyim hissləri heç bir zaman unutmayacam. Həmin vaxt koronavirusa yoluxmuşdum və karantindəydim. Vətənimin ağır günləri idi. Çox istəyirdim ki, həmin günlərdə Azərbaycanda olum. Karantinim bitəndən sonra vətənə geri döndüm. Döndüyüm gündən etibarən cəbhəyə dəstək kampaniyası başladaraq cəbhə bölgəsinə getdim. Gəncəyə raket atılan gün bir neçə saatdan sonra yola düşdüm. Həmin gün Fulya Öztürkün Gəncədə hadisə yerindən çəkdiyi reportajı izlədim və o xanıma sözün əsl mənasında rəğbətim artdı. Fulya xanımın 44 günlük müharibə zamanı vətənim üçün göstərdiyi mərdlik, fədakarlıq danılmaz bir faktdır. Mən də Azərbaycan qadınları adından, milli dəyərimiz olan kəlağayını ona hədiyyə etmək istədim. Görüşümüz elə Gəncə şəhərində baş tutdu. Çox gülərüz, şən və mehriban xanımdır. Səmimiyyətinə heyran qalmamaq mümkünsüzdür. Elə bil illərdir tanıyırdıq bir-birimizi. Elə o vaxtdan əlaqəmiz də yarandı. Dostluğumuz davam edir”. 

36 yaşı var Pərvinin. Bakı şəhərində doğulub, böyüyüb. İlk təhsilini də bu şəhərdə alıb elə. Azərbaycan Texniki Universitetində ali təhsil alır. Amma bununla yekunlaşmaq istəmir və təhsilini Moskva Texnologiya Universitetində davam etdirir. Hazırda kiçik sahibkarlıla məşğul olur. Eyni zamanda da xeyriyyəçilik edir. Həm də lap gənc yaşlarından. Nə az, nə çox düz 16 il....

“Bəli, 16 il. Allah güc, imkan, ömür verərsə, son nəfəsimə qədər bu işi görəcəm. 44 günlük müharibə dövründə, hospitalda müalicə alan yaralı zabit və əsgərlərimizə, qazi, hərbiçi ailələrimizi bacardığım qədər dəstək olmağa çalışmışam. Müharibə bitdikdən sonra da onlardan bəzilərini tez-tez ziyarət edirdim. Çünki özümü onların qarşısında borclu bilirəm”. 

Pərvin hazırda Türkiyədə yaşayır. “Türkiyə mənim üçün heç bir zaman yad bir ölkə olmayıb.cHər zaman mən qardaş ölkəmizi ikinci evim hesab etmişəm. Bir anlıq qərarla bura köçdüm. Hazırda Türkiyədə şəxsi işimlə məşğulam. Buranı çox sevirəm. Düzdü, vətənim üçün də darıxıram. Amma burada o qədər mehriban insanlarla dost olmuşam ki, özümü elə vətənimdəki kimi hiss edirəm. Gələcəyə dair çox planım var. Onlardan biridə yaxın gələcəkdə yaşadığım şəhərdə dəstəyə ehtiyacı olan həmvətənlərimizə dəstək olmaqdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7545
avatar

Oxşar yazılar