Evdə almaları soyuducuda  düzgün saxlamağın YOLLARI
08 oktyabr 2025 18:08 (UTC +04:00)

Evdə almaları soyuducuda düzgün saxlamağın YOLLARI

0

Sadə qaydalara əməl etməklə almaları bir neçə həftə, hətta bir neçə ay ərzində şirəli və xırtıldayan halda saxlamaq mümkündür.

Lent.az bu üsulları təqdim edir:

Niyə almanın saxlanması çətindir?

Ən uzunömürlü almalar ticarət məqsədli xüsusi soyuducu anbarlarda “nəzarət olunan atmosfer mühitində” saxlanılır. Belə şəraitdə meyvələr bir ilədək təravətini və dadını itirmədən qala bilir. Amma mütəxəssislərin sözlərinə görə, ev soyuducusunda da almaları bir neçə həftə ərzində təzə saxlamaq mümkündür əsas odur ki, düzgün şərait yaradılsın.

Əsas qayda: düzgün yer və hava dövranı

Bildirilir ki, almaları meyvə-tərəvəz üçün nəzərdə tutulmuş bölməyə, deşikli və ya bir qədər açıq polietilen torbada saxlamaq lazımdır. Bu üsul hava dövranını təmin edir və rütubət səviyyəsini tənzimləyir ki, alma nə qurumasın, nə də tez yumşalmasın.

Fermalarda almalar adətən -1°C - 4°C temperaturda, 85-95% rütubət şəraitində və az oksigenli mühitdə saxlanılır. Bu texnologiya sayəsində supermarketlər ilboyu alma sata bilirlər. Maraqlıdır ki, bu şəkildə saxlanmış almanın neçə ay öncə yığıldığını dadına baxmaqla demək mümkün deyil.

Almanın yetişməsi niyə davam edir

Hətta yığıldıqdan sonra da, xüsusilə qış sortları, yetişməyə davam edir. Bu müddətdə hüceyrələr yumşalır, nəm azalır və alma quruyur.

Əgər belə alma dişlənərsə, xırtıltı əvəzinə un kimi quruluq hissi yaranar. Düzgün saxlanmış almada isə hüceyrələr ağızda qırılaraq şirəsini buraxır bu da çoxlarının sevdiyi o təravətli xırtıltını yaradır.

Ev şəraitində uzunömürlü saxlama üçün

Kaliforniya Alma komissiyasının sədri və Lodi Farming Inc. şirkətinin prezidenti Ceff Kolombini məsləhət görür ki, yalnız bərk və qüsursuz almaları seçəsiniz. Məşhur atalar sözü “bir pis alma bütün səbəti xarab edər” burada tam mənasında doğrudur: çürük və zədələnmiş meyvələr etilen qazı buraxır bu qaz isə digər meyvələrin yetişməsini sürətləndirir və nəticədə hamısı tez xarab olur.

Almaları yumaq olmaz?

Almaları saxlamazdan əvvəl yumaq olmaz. Çünki çoxu üzərində təbii mum təbəqəsinə malikdir bu təbəqə almaların rütubət itirməsinin qarşısını alır və onları daha uzun müddət təzə saxlayır.

İdeal temperatur

Almalar soyuducunun ən soyuq hissəsində saxlanmalıdır. İdeal temperatur təxminən +1°C-dir. Lakin çox soyuducular standart olaraq +4°C-də işlədiyindən, almaları ən aşağı temperaturlu rəfə yerləşdirmək lazımdır.

Doğru qablaşdırma

Mağazalarda almalar çox vaxt deşikli (perforasiyalı) torbalarda satılır bu torbalar evdə saxlamaq üçün də ən uyğundur. Belə qablaşdırma havalandırmanı təmin edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar