Amerikanın Utah əyalətində dini lider olan və özünü “peyğəmbər” adlandıran Uorren Ceffslə bağlı qalmaqallı faktlar ortaya çıxıb.
Lent.az xarici KİV-ə istinadən bu faktları sizə təqdim edir.
1929-cu ildə Amerikanın Yuta ştatında “İsa Məsihin son fundamentalist kilsəsi” quruldu. Bu kilsə özlərini xristianlığı ən doğru şəkildə yaşayanlar kimi təsvir edən Mormon təriqətinin “İsa Məsihin son müqəddəsləri” kilsəsinə bağlı idi. Amma bir müddət sonra onlar çoxarvadlılığı rədd etmədikləri üçün əsas kilsə tərəfindən xaric edildilər.
Hazırda hələ də fəaliyyət göstərən bu təriqət həbsdə olan Uorren Ceffs tərəfindən idarə olunurdu. Ceffs təriqət daxilində “peyğəmbər” olaraq qəbul edilirdi. Belə ki, icmaya 1986-cı ildən “ruhani” adlandırılan Rulon Ceffs rəhbərlik edirdi. Amma onun 2002-ci ildə vəfat etməsi ilə oğlu Uorren Ceffs onun yerinə keçdi. Çoxarvadlılığı çox radikal şəkildə dəstəkləyən bu təriqətin hansı inanca sahib olduğu dəqiq bilinmir. Bu təriqət üzvlərinin həyatı ilə bağlı məlumat demək olar ki, yoxdur. Ancaq topluluğa üzv olanlar tərəfindən “The Creek” kimi bilinən bölgədə onlara mənsub 10 min insanın olduğu düşünülür. Buna baxmayaraq dəqiq bir rəqəm demək çox çətindir.
93 ildir varlığını davam etdirən təriqətdə Uorren Ceffsin liderliyə keçməsi ilə bir çox şey dəyişdi. Belə ki, onun hakimiyyəti illərində itlər, oyuncaqlar, televiziya, qəzetlər, internet, ad günü və Milad bayramları, festivallar, paradlar, düşərgə və balıq ovu daxil olmaqla, yaşamaqla bağlı əksər fəaliyyətlər topluluq daxilində qadağan olundu. Burada qadınlar tamamilə bağlı, boydan ayaqlara qədər örtülü geyimlərdən istifadə edirdilər. Qadağalar arasında qadınların saç kəsdirməsi də var idi.
Ceffsin idarə etdiyi bu topluluqda 12 yaşlı uşaqlarla edilən evliliklər də normal qəbul edilirdi. 78-dən çox həyat yoldaşı olduğu iddia edilən Uorrenun, onları kilsədə həbs etdiyi düşünülür. Yalnız 54-ün 17 yaşdan yuxarı olduğu bildirilən bu qadınların statusu təriqət üzvü kimi sayılırdı.
Ötən günlərdə “TikTok” platformasında bir qız tərəfindən paylaşılmış video izlənmə rekordları qırıb. Belə ki, həmin təriqətin içində böyümüş və daha sonra oradan necə ayrıldığı barəsində məlumat olmayan bu qız 24 yaşlı Rubi Stid idi. Onun sözlərinə görə, azadlığına qovuşan kimi bir peşəyə yiyələnib. Təriqət haqda sualları cavablandıran Rubi orada heç bir sosial həyatının olmadığını dilə gətirib. Karyera qurmaq, dünyanı gəzmək, hətta kimlərsə dostluq etmək kimi ehtiyaclardan belə məhrum olduğunu bildirib. Amma buna baxmayaraq o və anası bu qorxunc topluluqdan qurtulub özlərinə yeni bir həyat qurmağı bacarıblar. Təriqətdən ayrıldıqdan sonra azadlığın nə qədər dəyərli olduğunu dərk edən gənc qız əvvəlcə Amerikanın bütün ştatlarını piyada gəzib, daha sonra isə bir il Avstraliyada yaşayıb və burada çoxlu dostlar qazanıb.
Qeyd edək ki, Uorren Ceffs 2006-cı ildə təcavüz, uşaqları “yalançı peyğəmbər” adı altında aldadaraq evliliyə məcbur etmə faktları ilə həbs olunub. Ceffs həbsdə olsa da, cəmiyyətin böyük bir hissəsi onun hələ də təriqəti uzaqdan idarə etdiyinə inanır.