Türkiyənin tanınmış müğənnisi Emre Kaya noyabrın 10-da Bakıda verəcəyi konsert öncəsi mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, jurnalistlərlə görüşən ifaçı bildirib ki, o, əslən azərbaycanlıdır: “Mən burada özümü çox doğma hiss edirəm. Çünki yad bir ölkəyə səfər eləməmişəm. Bura mənim doğma vətənimdir. Soy-kökümüz illər öncə Azərbaycandan Türkiyəyə köçüb. Xeyli müddət idi ki, Azərbaycana gəlməyi düşünürdüm. Amma qismət belə oldu. Burada özümə qarşı diqqət hiss elədim. Çox mehriban və diqqətcil insanlarsınız. Bakıya səfərim sırf yaradıcılıq işlərimlə bağlıdır. Bildiyiniz kimi, noyabrın 10-da solo konsertim olacaq. Konsertdə tək çıxış etməyəcəm. Mənimlə birgə eyni səhnəni çox istedadlı bir azərbaycanlı müğənni Sevinc Ağaşirinova bölüşəcək. Onunla duet oxumağı düşünürəm”.
İfaçının bu sözlərindən sonra onunla eyni gecədə səhnə alacaq S. Ağaşirinova danışıb: “Düzdür, bu, Emre Kaya ilə ilk tanışlığımdır. Amma mətbuat konfransından öncə mənə duet oxumağı təklif etdi. Razılaşdıq. Konsertə gəldikdə isə sevilən mahnılarımla yanaşı, yeni mahnılar da ifa edəcəm”.
S. Ağaşirinova daha sonra Türkiyə şou-biznesinə qoşulmaq istədiyini deyib: “Mən də Türkiyə şou-biznesində tanınmaq istəyərdim. Niyə də yox?! Bu barədə düşünəcəm. Bu barədə özümə inamlıyam".
Xatırladaq ki, E. Kaya “Apayrı”, “Sorma”, “Ayna”, “Teşəkkür edərim”, “Yaz yağmuru” kimi sevilən mahnıları ilə tanınıb.
Qeyd edək ki, noyabrın 10-da “The Public” klubda baş tutacaq konsertin informasiya dəstəkçisi Lent.az internet portalıdır.