Əməkdar artist Tünzalə Ağayeva mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, ifaçının tədbirinə İtaliya və Fransanın tanınmış müğənnisi Kelly Coys da qatılıb. “Baku smiles” adlı musiqi layihəsi çərçivəsində həyata keçirilən konfransda çıxış edən T.Ağayeva K.Coysla birgə duet ifa etdiyini deyib. “Baku-2015” ilk Avropa oyunlarının ulduz elçisi olan ifaçı bildirib ki, ifa etdikləri mahnı Avropa oyunlarına həsr olunub: “Kelly Coysla birgə həyata keçirdiyimiz iş beynəlxalq layihədir. Kelly İtaliya və Fransada tanınmış bir sənətçidir. Həm bəstəkar, həm də müğənnidir. Ona çox maraqlıdır ki, Azərbaycanda Avropa oyunları necə keçəcək. Ona belə bir təklifim oldu ki, Azərbaycana bağlı hisslərini bir mahnıda cəmləşdirək. Beləcə, “Bakımın üzü gülür” adlı bəstəni ifa elədik. Bu gün də fərqli təqdimat mərasimi keçirməyi düşündük. Mahnı ilə birgə klip də təqdim etdik. Bu gözəl mahnı klipsiz ola bilməzdi. Avropa oyunlarında hər bir azərbaycanlının üzərinə missiya düşür. Mən də bir müğənni kimi Avropa oyunlarına dəstək olaraq bu mahnını Kelly Coysla oxudum”. Daha sonra tədbirə qatılan K. Coys öz təəssüratlarını bölüşüb: “Azərbaycana gəldiyimə görə çox xoşbəxtəm. Bura bir neçə dəfə gəlmişəm. Musiqidən sonra yemək bişirməkdən zövq alıram. Azərbaycan mətbəxini çox bəyənirəm. Xüsusi ilə də plovu bəyənirəm”.
T. Ağayeva sonra bildirib ki, mayın 22-23-ü Heydər Əliyev Mərkəzində solo konsert verəcək.
Qeyd edək ki, “Bakımın üzü gülür” mahnısının sözləri İsmayıl Dadaşova (Azərbaycan dilində), Zəhra Bədəlbəyliyə (ingilis dilində), musiqisi Tünzalə Ağayevaya, aranjemanı isə Emin Kərimova aiddir.
Fotolar müəllifə məxsusdur.