Sietse Bekker: ”Fərid Məmmədovun ifası rəğbətlə qarşılanıb” - MÜSAHİBƏ
16 may 2013 16:32 (UTC +04:00)

Sietse Bekker: ”Fərid Məmmədovun ifası rəğbətlə qarşılanıb” - MÜSAHİBƏ

“Eurovision” müsabiqəsinin icraçı direktoru Sietse Bekkerin APA-nın Malmöyə ezam olunmuş əməkdaşına müsahibəsi.


 

- “Eurovision – 2013” mahnı müsabiqənin təşkilinə nə qədər pul xərclənib?

 

- İsveçin Malmö şəhərində keçirilən müsabiqənin büdcəsi elə də yüksək deyil. Bakı ilə müqayisədə bu ölkə müsabiqəyə elə də çox böyük məbləğ ayırmayıb. Bundan əlavə müsabiqə başa çatmamış bu barədə danışmaq hələ tezdir. Ancaq onu da deyə bilərəm  ki, bu il hansı ölkə qalib gəlsə, bu müsabiqəni keçirmək elə də çətin olmayacaq.

 

- Artıq ilk yarımfinal başa çatıb, bununla bağlı nə deyə bilərsiniz?

 

- Nəticələr çox ürəkaçan oldu. Birinci yarımfinal şousu bütün Avropa ölkələrində yüksək reytinqlər qazandı. Yarımfinalda ifa olunan bütün mahnılara Avropa ölkələrindən yüksək səslər gəldi. Bunun da nəticəsində layiqli və güclü mahnılar  finala vəsiqə  qazandı. Bu da lazımlı faktordur. Gözəl şounun olması üçün bizə gözəl mahnılar lazımdır.

 

- Final şousu neçə ölkədə yayımlanacaq?

 

- Ümumilikdə final şousu 45 ölkədə yayımlanacaq. Müsabiqə 39 iştirakçı ölkə ilə yanaşı, bu il həm də Qazaxıstan, Kosovo, Bosniya, Portuqaliya və Avstraliyada da yayımlanacaq. Bu il Çin vətəndaşları da bu şounu izləmək şansını əldə edəcəklər. Düzdür, şou Çində canlı yayımlanmayacaq, lakin onlara da yayım hüququ verilib.

 

- Bu il yarışmanı işıqlandırmaq üçün təxminən  nə qədər jurnalist akkreditədən keçib?

 

- 70 ölkədən 2500-dən çox jurnalist akkreditədən keçib və onların üçdə ikisi artıq Malmödədir. Avropadan isə 400-dən çox pərəstişkar yarışmanı canlı izləmək üçün akkreditədən keçib.

 

- Ötən ilki yarışmanı “Baku Crystall Hall”da 25 min tamaşaçı izləyirdi. Bu il isə Malmödə müsabiqəni 15 min tamaşaçı izləyəcək. Belə bir mötəbər yarışma üçün tamaşaçı zalı kiçik sayılmır?

 

- Yarımfinal və final konsertlərindən savayı tamaşaçılar həmdə əsas məşqləri zaldan izləmək imkanı əldə edirlər. Hər bir şouya biletlərin satılması o deməkdir ki, bu müsabiqəyə tamaşaçı marağı hələ də böyükdür. 15 min tamaşaçı sayının az olduğunu düşünmürəm. Bir neçə illər bundan əvvəl bu şouları cəmi 1000-3000  tamaşaçı canlı izləyirdi. 1998-ci ildə keçirilən müsabiqənin konsert şousunu cəmi 900 tamaşaçı zaldan izləyib. Buna görə də müsabiqəni 10 min, 15 min tamaşaçı amili ilə ölçmək olmaz.

 

- Konsertlərə bilet satışı hansı səviyyədə aparıldı? 

 

- İkinci yarımfinal şousunun biletləri artıq satılıb qurtarmaq üzrədir. Final konsertinin biletləri satışa çıxarıldıqdan sonra 20 dəqiqə ərzində satılıb qurtardı.

 

- İsveçin bu ilki müsabiqədəki təşkilatçılığı ilə bağlı nə deyə bilərsiniz?

 

- Bu il İsveçin təşkilatçılığı olduqda mükəmməldir. Çünki onlar uzun illərdir ki, bu müsabiqədə qalib gəlmək istəyirdilər. Onlar artıq Bakıda olarkən qalib olacaqlarını bilirdilər. Buna görə də elə o vaxtdan müsabiqənin keçirilməsinə hazırlaşırdılar.

 

- Jurnalistlər ikinci yarımfinalın məşqlərini izləyə bilmədilər. Media mənsubları hansı səbəbdən arenaya buraxılmadı?

 

- Bu il kiçik bir yeniliyimiz oldu. Hazırda ikinci yarımfinalın məşqini “Malmo Arena”da 10 min məktəbli canlı izləyir. Bu şou onlara təqdim edildi. Bu müsabiqənin uşaqlar tərəfindən izləməsi artıq məktəb proqramlarına daxil edilib. Ona görə də bugünkü məşqlərdə operator və fotoqrafların arenadan çəkiliş etməsinə məhdudiyyətlər qoyduq. Lakin bunun əvəzi olaraq bütün mətbuat nümayəndələri xüsusi olaraq ilk dəfə şounu canlı olaraq izləyə biləcəklər. Bunun üçün bütün mətbuat nümayəndələrinə biletlər paylanacaq.  

 

- Bakıda ötən il keçirilən “Eurovision-2012” müsabiqəsi yaddaşınızda hansı izlər buraxıb?

 

- Bakıda keçirilən ötən ilki  “Eurovision” xatirəmdə çox yaxşı hisslərə qaldı. Təbii ki, Bakıdakı “Crystal Hall” çox böyük olduğu üçün orada iş daha çox idi. Lakin mən Azərbaycandan olan komanda ilə çox böyük bir işin öhdəsindən gələ bildim. Buna görə də Bakıda keçirilən “Eurovision-2012”  müsabiqəsi uzun illər çoxlarının xatirəsindən silinməyəcək.

 

- Azərbaycanı bu il müsabiqədə təmsil edən iştirakçımız Fərid Məmmədovla bağlı nə deyə bilərsiniz?

 

- Etiraf etməliyəm ki, bu ilki “Eurovision” şounuzla bağlı sizi təbrik etməliyəm. Bildiyim qədər Fərid Məmmədovun ifa etdiyi “Hold me” mahnısı həm pərəstişkarlar, həm də bukmekerlər arasında rəğbət qazanıb. Mahnı çox güclü, səhnə şousu isə yada qalandır. Təbii ki, Azərbaycanın bu il finala çıxıb-çıxmayacağına bu axşam, Avropada müsabiqəni izləyən tamaşaçılar qərar verəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052
avatar

Oxşar yazılar