Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) stilist Samir Əliyevin (Samiraldo) həyatından bəhs edən “Samir” romanının təqdimatı olub. Lent.az-ın məlumatına görə, kitabı Əhməd Şahidov yazıb. Stilist romanla bağlı bunları deyib: “Çoxları bilir ki, uşaq evində böyümüşəm. Orada həmişə azadlıq haqda düşünürdüm. Zaman gəldi böyüdüm, uşaq evindən ayrılmalı oldum. Elə bilirdim ki, azadlığa çıxmışam. Amma sonra bunun yanlış olduğunu gördüm. Məni sıxışdırırdılar, tənqid edirdilər. Özümə qapandım, amma əzilmədim. Özümə necə həyat quracağım barədə düşündüm və stilist olmağı qərara aldım. Danışdıqlarımı kitabdan oxuya bilərsiz. Əsil Samiri onda tanıyacaqsız. Amma qorxuram ki, mənimlə bərabər Ə.Şahidovu da qınaq obyektinə çevirərlər. Daxilimdə iki Samir var: Samir və Samiraldo. Bunların hər ikisini sevirəm”.
Müəllif isə kitab haqqında bunları bildirib: “Samiri 10 ildir tanıyıram. Onun necə kövrək, təmiz qəlbli insan olduğunu bilirəm. Bu romanı yazmaq mənim üçün asan olmadı. Çünki Samirin özündən heç bir məlumat toplamadan bu qərarı qəbul etdim. Bir çox məqamları və faktlar tapdım. Hətta Facebookda Samir barədə yazılan tənqidi şərhləri də kitabda görə biləcəksiniz”.