- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Ən son ifa etdiyim sözləri və musiqisi Muxtar Abhüseynova məxsus olan mahnıya rejissor Ülviyyə Könül vasitəsi ilə ekran həyatı verdim. Bu klip gecə saatlarında çəkilib. Klipdə süjet xətti yoxdur və çəkilişlər yalnız Bakının gözəl məkanlarında və dəniz kənarında aparılıb. Sözügedən klipə təqdimatı keçirməyi də düşünmürəm.
- Dünyaca məşhur Uitni Hyustonun heyranı olduğunuz heç kəsə sirr deyil. Bu yaxınlarda eşitdim ki, o dünyasını dəyişəndə günlərcə ağlamısınız...
- Ağlamaq nədir? Matəm saxlamışdım. Onun dünyasının dəyişməsi, mənim ikicanlı vaxtlarıma təsadüf etmişdi. Elə o ərəfələrdə xəbəri eşidəndə çox pis oldum. Özümə gələ bilmirdim. Hər səhər açılanda özümü cilovlayırdım ki, olmaz axı, mən ikicanlıyam. Uşağa pis təsir edər...
- Bəs onun xatirəsini yad etməyi düşünürsünüz?
- Mən keçən ilin mart ayında onun xatirəsini yad etmək üçün konsert proqramı ilə çıxış etdim. Ancaq yenə konsert verəcəm. Yeni ideyalar da var. Mən onu özümə bir vizual müəllim seçdim. Məhz bu üzdən mənə belə əzizdir. Sadəcə son dövrlər uşağıma başım qarışmışdı. Amma gələcəkdə onu yad etmək üçün Amerikaya da gedəcəyəm. Bu mənim arzumdur.
- Əcnəbilərdən kimi dinlədiyiniz bəlli. Bəs öz müğənnilərimizdən kimə qulaq asırsınız?
- Hər kəsi dinləyə bilərəm. Yetər ki, gözəl səs eşidim. Bizimkilərdən Sevda Ələkbərzadə, Tünzalə Ağayevaya qulaq asıram.
- Siz adını söylədiyiniz müğənnilərin ifa tərzləri müzakirəsiz ötüşmür. Xüsusi ilə də Sevda Ələkbərzadənin...
- Bu, zövq məsələsidir. Zövqlər müxtəlifdir. İndi tamaşaçı istəyir ki, daha asan musiqi dinləsin. Elə özüm də 10 il bundan qabaq ifa etdiyim mahnıları indi oxuya bilmərəm. İldən ilə tamaşaçı zövqü dəyişir. Ona görə bu müzakirələrə nəsə deyə bilmərəm. Hazırda müasir musiqidən daha çox retro mahnılara qulaq asıram. Avtomobildə retro mahnılardan ibarət albom var. Vaxt olan kimi dinləyirəm.
- Nə vaxtsa kiminləsə duet oxuduğunuza görə peşman olmusunuz?
- Yox, belə bir şey olmayıb. Hələ ki, peşman olmamışam. Mən Tünzalə Ağayeva, Röya, Samir Bağırov və Elşad Xose ilə duet oxumuşam. Çalışıram ki, hər kəslə məsafə saxlayım. Heç vaxt həddimi aşmıram ki, kimsə mənə nəsə söyləsin. Ya da mən kiməsə nəsə deyim.
- İllərdir eyni imicdəsiniz. Bəlkə imicinizdə yeniliklər edəsiniz?
- Yox. Bir ara saçımın rəngini dəyişdim. Amma mənə gəlir ki, əsas sənətimi göstərməliyəm. İmic mənim üçün elə də önəmli deyil. Heç zaman moda dalınca qaçmamışam. Samira illər keçsə də, elə eyni cins şalvarda olacaq.
- Samiranın kompleksi varmı? Nədən kompleks keçirir?
- Bəli, mənim kompleksim var. Bir də görürsən ki, qəşəng geyinib, saçlarımı ustaya düzəltdirib harasa gedirəm. Getdiyim yerdə mənə baxan insanları görəndə dərhal kompleksə düşürəm. Elə həmin an istəyirəm ki, saçımı dağıdam, geyimimi dəyişib, adi görsənim.