Türkiyəli məşhur müğənni Bülent Ersoyun 1984-cü ildə çəkildiyi “Acı çörək” filmində qucağına aldığı və ssenariyə uyğun olaraq əmizdirdiyi körpənin kimliyi illər sonra yenidən gündəmə gəlib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin körpənin Serkan Eruysal olduğu məlum olub.
O, böyüdükdən sonra musiqi sahəsinə üz tutub. Eruysal karyerasının bir hissəsini Rumıniyada davam etdirib və rumıniyalı müğənni Aleksa Nikulae ilə birgə layihə həyata keçirib. Daha sonra Türkiyəyə qayıdan Eruysal “Leyla” adlı mahnısını təqdim edib.
Beləliklə, 42 il əvvəl Bülent Ersoyun qucağında kamera qarşısına keçən körpə illər sonra özü də musiqi dünyasında tanınmağa başlayıb.
Bülent Ersoy 1984-cü ildə rejissor Yılmaz Durunun çəkdiyi “Acı çörək” filmində baş rolu canlandırıb. Filmdə onunla yanaşı Fikret Hakan, Yılmaz Duru, Oktay Gürsel, Nur Ergin və Havva Gani kimi aktyorlar da rol alıblar.
Dram janrında çəkilən ekran əsərində maddi çətinliklərlə mübarizə aparan qadının həyatından bəhs olunur. Bülent Ersoyun canlandırdığı obraz varlı ailənin körpəsinə süd anası olduqdan sonra tamamilə fərqli həyatla qarşılaşır.


