Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, fanatları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.
Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?
“Görəsən, dadı da var?”
Nadirlə görüşümüz ənənəvi alış-veriş etdiyi marketin qarşısında oldu. Söhbət əsnasında öyrənə bildim ki, bir neçə gün qabaq bazarlıq edib və özü çox nadir hallarda alış-verişə çıxır.
Marketə daxil oluruq. Bizi marketin rəhbərliyi qarşılayır. Çəkilişin nə məqsədlə olduğunu öyrənir, məmnuniyyətlə razılıq verir.
- Yalçın, əslində bilmirəm nə alım. Amma ən əsası daimi istifadə etdiyimiz məhsulları alacam. Başlayım ətdən.
Keçirik ət satılan şöbəyə. Satıcı ilə söhbətindən məlum olur ki, ət seçimindən anlayışı var.
- Qoyun əti, ya mal əti?
- Elə hər ikisindən istəyirəm. Amma qoyun ətindən çox götürəcəm. Hələ kənd toyuğunda götürəcəm. Görünüşü xoşuma gəldi. Görəsən dadı da varmı? Elə iki dənə də toyuq çəkin.
4 kiloqram qoyun əti, 2 kiloqram 700 qram mal əti, 2 kiloqram toyuq əti alıb, keçirik süd məhsulları satılan şöbəyə. Ordan da bir kənd qatığı, 12 ədəd yoğurt, 2 ədəd kəsmik, 3 ədəd də xama alır.
“Baxıb, gördüm vaxtı keçib”
Üz tuturuq su almağa.
- Nadir, deyəsən spirtli içki içənsən? Yoxsa, sən də bəzi sənətçilər kimi spirtli içki içib, veriliş xətrinə “içmirəm” deyənlərdənsən?
- Yox. Özün də bilirsən ki, mən daim düzünü deyirəm. Ona görə də adım qalıb qalmaqallı müğənni. Əksinə mən qalmaqal yaratmıram. Hər zaman ilk olaraq mənə, nəsə deyirlər, məndə cavablarını vermək məcburiyyətində qalıram. Keçək içki söhbətinə. Mən evdə dostlarımızın və öz ailəmiz olanda qədərində içirəm. Amma çöldə-bayırda içməklə aram yoxdur. Mən sənət adamıyam. Öndə olan, nümunə olan insanlardanam. Ona görə hər addımıma diqqət etməyi sevirəm.
- Belə çıxır ki, bu gün spirtli içki almıyassan?
- Yox, almayacam. Evdə məndə hər növ spirtli içkinin kolleksiyası var. Müxtəlif ölkənin spirtli içkilərini bu kolleksiyada görmək olar. Sadəcə mineral su və təbii şirələr alacam.
7 ədəd meyvə şirəsi, 3 ədəd kompot, 2 ədəd də mineral su alır.
- Məhsulun keyfiyyət nişanına baxmırsan?
- Mən bu marketdən tez-tez bazarlıq edirəm. Demək olar ki, yaşadığım binanın düz qarşısındadır. Məni tanıdıqlarına görə, zay məhsul verməzlər. Əslində bir dəfə belə bir hal olmuşdu. Amma bu marketdə yox. Tanımadığım bir market idi. Oradan nə idisə alıb, evə gəldim. Sonra baxıb görürəm ki, vaxtı keçib. İndi bazarlıq etdiyimiz yerdə belə bir şeylə rastlaşmamışam. Amma düz qeyd edirsən. Mən keyfiyyət nişanına diqqət etmirəm.
Keçirik un məhsulları və şirniyyat satılan yerə.
- Şirniyyatı çox sevirəm. Əslində çox yemək də yeyən deyiləm. Axşamlar yalnız yoqurt və şirniyyatla başımı qatıram. Kökəlməmək üçün, bunu etmək məcburiyyətindəyəm. Səhnə adamı olduğumuza görə, özümüzə diqqət etmək məcburiyyətindəyik.
Burdan müxtəlif növ makaron, konfet, keks və şirniyyatlar alıb, keçirik parfümeriya şöbəsinə.
- Baxıram ki, bu bölmədə mənim alacağım nəsə yoxdur. Bircə saç şampunu götürüm. Alış-verişi yekunlaşdıraq. Çünki çox məhsul aldım.
Bazarlıq edib, kassaya yaxınlaşarıq. Satıcı bizi mağazadakı kampaniya ilə tanış edir. Sən demə, bu mağazadan 19 manatdan çox məhsul alana, bir uduş kuponu hədiyyə edilir. Bu uduş kuponunda isə hər hansısa bir məhsulun adı yazılıb. Uduşda avtomobil, paltaryuyan maşın, kompüter və bir sıra yeyinti və içki məhsulları var. Elə bunu öyrəndikdən sonra gedirik kassada məhsulları hesablatdırmağa.
- Səncə bazarlığa nə qədər pul xərclədin?
- Dəqiq deyə bilmərəm. Məncə aşağısı 200 manatı keçəcək. Onsuz da hamısını evə alıram.
Kassir xanım malları bir-bir hesabladıqca müğənni pul kisəsinin ağzını açır, ödənişi də nağd pulla edir.
***
Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 286 manat, 71 qəpik...
Məlum olur ki, Nadir 286 manat, 71 qəpiklə 15 kupon əldə edib.
Əlini salır lototronun içinə, kuponları çıxardır. Özü də çox maraqla kupondan nə çıxacağına diqqət edir. Beləliklə Nadir 15 ədəd kuponundan qazandığı 2 qutu çay, 1 ədəd bakal, saç şampunu və bir neçə yeyinti məhsulu olur.
- Deyəsən kupondan qazandığın məhsullar ürəyincə olmadı?
- Əslində çox maraqlı idi. Həm alış-veriş, həm də bu loto oyunu.