Bu gün Novruz bayramının sonuncu, İlaxır çərşənbəsidir. Bu günün özəllikləri çoxdur. İnsanlar niyyət edir, küsülülər barışır, subay qızlar fala baxır, qulaq falına çıxırlar. Məşhurlar da buna biganə deyillər. Bu gecə onlardan bəziləri qonşularına qulaq falına çıxacaq. Bəzisi evdə niyyət edib, fal açacaq. Lent. az məşhurların bayram hazırlıqları barədə kiçik sorğu keçirdi...
Türkiyədə yaşayan sənətçimiz İradə İbrahimova qapı falına çıxa bilməyəcək. Çünki Türkiyədə belə bir adət olmadığından, sənətçi fala baxmaq sevdasında deyil. Amma ailəsi ilə birlikdə qeyd edəcək:
“Anam Bakıdan şəkərbura, paxlava göndərib. Plov və müxtəlif cür təamlar hazırlayacağam. Səməni göyərtmişəm. Qızım İpəyə onun mahiyyətini başa salıram. Maraqla dinləyir”.
Müğənni Ayan Babakişiyeva hər gün bayram çəkilişlərinə qatıldığı üçün bayram ovqatındadır. Sənətçi gün ərzində canlı efirdə olacağını bildirdi. Heç vaxt fala baxmaq həvəsi olmayan Ayan, rəfiqələri baxanda, onları kənardan izləyib. Amma heç vaxt gələcəyini bu şəkildə öyrənməyə həvəsi olmayıb. Sənətçi sonda bayram günlərində Bakıdan kənarda gəzintiyə çıxacağını diqqətə çatdırdı.
Hazırda Türkiyədə səfərdə olan müğənni Rəqsanə sabah səhər saatlarında Moskvaya yola düşəcək. Bayramı ailə üzvləri ilə qeyd edəcək sənətçi, həm də son həftənin yorğunluğunu canından çıxaracaq. Sənətçi bayram axşamı milli təamlarımızdan süfrəyə düzəcək. Özü mətbəxə keçib, ailə üzvləri üçün milli yeməklərimizdən bişirəcək.
“Novruz ən çox sevdiyim bayramdır. İşlərimi yarıda qoyub, həmin günü balalarımın yanında olmaq istəyirəm. Bu ayın 25-də Moskvada konsertim olacaq”.
Gənc müğənni Aysel Əlizadə bayramı ailə üzvləri ilə birlikdə qeyd edəcək. Sənətçi adi günlərdə yeməyinə diqqət eləsə də, bayram axşamı anasının bişirdiyi milli təamlarımıza biganə qalmayacaq. Daha sonra qızlara qoşulub qapı pusacaq. Sənətçi tonqaldan atlanmağı da sevir. Belə bir imkan yaransa, sənətçi tərəddüdsüz faydalanacaq. Onun ən son seçimi evdə fala baxmaq olacaq. Sənətçi inanclara maraq göstərdiyini bildirib.
Tarzən və müğənni Humay Qədimova yaz aylarında təqdim edəcəyi yeni layihəsinin həyəcanını yaşayır, ancaq bayram günlərində istirahət edəcək. Ailəsi ilə birlikdə olacağını bildirən sənətçi ilaxır çərşənbənin ildə bir dəfə yaranan fal şansından bəhrələnəcək. Sənətçi hər il qulaq falına çıxdığını və eşitdiyi sözlərin il ərzində gerçəkləşdiyinin şahidi olub.
Gənc müğənni Günay İbrahimli üçün də Novruzun gəlişi əsl bayramdır. Necə həftədir bayram çəkilişlərində olan sənətçi axşam saatlarına kimi bayram tədbirlərində olacaq.
“İş nə qədər olsa belə, adət-ənənələrimizi unutmamalıyıq. Hər il qapı pusuram, bu gün də istisna deyil. Hətta qarşıma tonqal çıxsa tullanacağam da. Bayram çəkilişlərinin birində qızlarla fala baxdıq. Deyirlər düz çıxır” – deyən Günay fürsətdən istifadə edib hər kəsin bayramını təbrik etdi.