Bu gün saat 11:00-dan xalq artisti İlhamə Quliyevanın 40 mərasimi başlayıb. Lent.az-ın məlumatına görə, Təzə Pir məscidində keçirilən 40 mərasiminə mərhumənin yaxınları, sənət dostları da qatılıb. Onların sırasında xalq artistləri Amaliya Pənahova, Faiq Sücəddinov, Fatma Mahmudova, əməkdar artistlər Firuzə İbadova, Nahidə Orucova, Gövhər Rzayeva, müğənni Xatun Əliyeva, Natavan Həbibi olub. Bundan başqa yas mərasimində İ.Quliyevanın illərlə küsülü olduğu aktyor-aparıcı Sərxan Kərəmoğlunu da görmək olardı.
İ.Quliyevanın 40 mərasimi qarşıdurmasız ötüşməyib. Belə ki, xalq artistinin sənətinin heyranları olan adi insanlar yas mərasiminə qatılmaq istəsələr də bu istəkləri gerçək olmayıb. Əvəzində qapıçı həmin şəxslərə bildirib ki, kənar şəxslərin zala buraxılmaması barədə ona tapşırıq verilib.
İ.Quliyevanın oğlu Lent.az-a açıqlamasında anasının 40 mərasiminə gələnlərə minnətdarlığını bildirib: “Bu gün anamın 40 mərasiminə ailəmizə yaxın olan insanlar, sənət adamları gəlib. Ölüm elə bir şeydir ki, bu hamının qapısında ola bilər. Anamın ölümündən sonra bir çox iddialar irəli sürənlər oldu. Anamın ruhuna hörmət edib, hamısına susdum. Bu 40 mərasimini gözləyirdim. Yaxın günlərdə bütün iddalara cavab verəcəyəm”.