Alimlər insanlarda beş əsas hissdən əlavə, orqanizmin daxili vəziyyətini duymağa imkan verən daha bir hissin mövcud olduğunu bildiriblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu qabiliyyət elmdə interosepsiya adlanır və insanın ürək döyüntüsünü, nəfəs almasını, aclıq hissini və bədən temperaturunu qavramasına kömək edir.
Mütəxəssislərin sözlərinə görə, interosepsiya orqanizmdən gələn daxili siqnalların beyin tərəfindən qəbul və şərh edilməsi prosesidir. Bu qabiliyyət insanın həm fiziki vəziyyətini hiss etməsində, həm də emosiyalarını tənzimləməsində mühüm rol oynayır.
Araşdırmalar göstərir ki, daxili siqnalların qavranılmasındakı pozuntular narahatlıq, depressiya və digər psixi sağlamlıq problemləri ilə əlaqəli ola bilər. Lakin bu əlaqələrin səbəbləri hələ tam aydınlaşdırılmayıb.
Alimlər interosepsiyanın insan həyatındakı əhəmiyyətinə baxmayaraq, onun bütün xüsusiyyətlərinin hələ öyrənilmədiyini vurğulayırlar. Xüsusilə qadınlarla kişilərin daxili bədən siqnallarını fərqli şəkildə hiss edib-etmədiyi barədə araşdırmalar ziddiyyətli nəticələr verib.