Çörçil, Marks, Çinarə Vüqar və “ağlamalınski” - SORĞU
28 dekabr 2012 12:53 (UTC +04:00)

Çörçil, Marks, Çinarə Vüqar və “ağlamalınski” - SORĞU

Azərbaycanın şou biznes nümayəndələri müxtəlif tədbirlərinə həvəslə qatılsalar da, onları kitab təqdimatlarında görmək mümkün deyil. Bəzən məlum olur ki, onların çoxu ümumiyyətlə sonuncu dəfə nə vaxt kitab oxuduğunu belə unudub. Düzdür, istisna hallar da var. Məsələn, xalq artisti Faiq Ağayev kimi şəxsi kitabxanası olanlar da var. Yeri gəlmişkən, müğənni bu yaxınlarda oxuduğu 600 kitabın bir qismini pentensiar müəssisəyə hədiyyə etmişdi. Onun həmkarı Nadir Qafarzadə isə televiziya efirlərinin birində  öz səviyyəsini belə nümayiş etdirmişdi: müxbirin “Mütaliə edirsinizmi?” sualına “Oxumuram. Amma siz gedin mənim “xolodilnik”imə də baxın, kitab oxuyanların da “xolodilnik”inə!” deyə, cavab vermişdi.

 

Bəs görəsən, şou biznes nümayəndələrimiz, teleaparıcılarmız arasında kitabsevərlər kimlərdir? Lent.az bu məqsədlə sorğu keçirib. Elə həmin sorğulara aldığımız cavabları sizlərə təqdim edirik.

 

“Anamın qarnında kitab oxuya-oxuya doğulmuşam”

 

Müğənni Elariz Məmmədoğlu: “Çingiz Abdullayevin kitablarını oxuyuram. Çörçilin də kitablarına üstünlük verirəm. Adamlar Moskvaya gedəndə, birinci özünə geyim alanda, mən kitab alıram. Demək olar ki, hər gün mütaliə edirəm. İşdən çox yorğun gəlirəm. Musiqinin səsi beynimdən getməsi üçün yatmaqdan qabaq 10-15 dəqiqə kitab oxuyuram”.

 

Əməkdar artist Tünzalə: “Türkiyə ədəbiyyatında Camal Sürəyya və İsgəndər Palanı oxuyuram. Azərbaycan yazarlarından çox oxumuram. Yalnız bizim ailənin sevimli yazarı Çingiz Abdullayev istisna olmaqla” .

 

Elza Seyidcahan: “ Mən elə anamın qarnında kitab oxuya-oxuya doğulmuşam. Vaxtım olanda indi də oxuyuram. Maşınımda  Ramiz Rövşənin şeirlər kitabı var.  Qənirə Paşayevanın şeirlər kitabını oxuyuram. Masamın üstündə həmişə kitablar olur. Onları oxumasam da , açıb şəkillərinə baxıram”.

 

Xalq artisti Aygün Kazımova: “Məndə fitri istedaddır. Havadan gəlir (?)”.

 

Aygün Kazımovanın qızı İlqarə : “Bu, “ne obiçnıy ( qeyri-adi)  sualdır!”.

 

“Kitab oxuduğum yadıma gəlmir”

 

Pişik Günel: “Axırıncı dəfə nə zaman kitab oxuduğum yadıma da gəlmir. Amma tələbəlik vaxtı bir az oxuyurdum. Əsasən, sevgi romanlarına üstünlük verirdim”.

 

Müğənni Elnarə: “ Son günlər dini kitabları daha çox sevirəm. Quranı oxuyuram. Dostlar arasında müzakirə edirik”.

 

Müğənni Xuraman Şuşalı: “Hər iki uşağıma hamilə olan zaman onlara kitab oxuyurdum. Əsasən, dini kitablar oxuyurdum ki, qulaqları yaxşı kəlamlar eşitsin”.

 

Teleaparıcı İlkin Həsənli : “Deyim ki, hər gün mütaliə edirəm, bu, yalan olar. Ancaq kitab mütləq oxuyuram. Sonuncu dəfə Den Braunun rus dilində bir kitabını oxudum. Elektron variantda da oxuyuram. Amma kitabın yerini heç nə vermir. Daha çox detektiv və real hadisələrin əks olunduğu əsərləri oxumağa üstünlük verirəm. Sonuncu dəfə aldığım kitab Elçin Səfərlinin kitabı olub”.

 

Teleaparıcı Elgiz: “Bir ilə qədər klassik əsərlər oxuyurdum. İndi daha çox Cek Londonu oxuyuram. Onun heyvalarla bağlı əsəri var, onu. Son vaxtlar mən heyvanlara, quşlara qarşı dözümsüz olmuşam. Sırf kitab almaq üçün cibimə pul qoyub getməmişəm. Mən Mərkəzi Kitabxananın üzvüyəm. Lazım olan kitabı oradan alıb oxuyuram. Teleaparıcıların kitab oxuması mütləqdir”.

 

Teleaparıcı  Kamran Həsənli: “Kitab oxuyuram. Əsasən də, tarixi kitablara üstünlük verirəm. İstər türk tarixi, istərsə də Roma tarixi ilə bağlı yazılan kitabları oxuyuram”.

 

“Sonuncu dəfə Marksı oxumuşam”

 

Əməkdar artist Sevda Ələkbərzadə: “Əvvəllər daha çox kitab oxuyurdum .Evdən deyirdilər ki, ay qız kor olacaqsan, bəsdir, bəsdir. Yemək yeyən zaman belə əlimdə kitab olurdu. Tez-tez kitabxanaya gedirəm. Ən çox fəlsəfi əsərləri oxuyuram. Onlar arasında Marks üstünlük təşkil edir. Elə sonuncu dəfə də oxuduğum Marks olub”.

 

Faytonçu Nazim: “Vaxtım olanda kitab oxumağa çalışıram. Ən son oxuduğum kitab Çinarə Vüqarın “Mənsiz qalanım” kitabı olub. Azərbaycan yazarlarını oxuyuram. Xaricilərdən isə heç kimi oxumuram. Pul verib kitab almıram. Lazım olanda internetdən oxuyuram” .

 

“”Ağlamalinski” kitablar oxuyuram”

 

Əməkdar İncəsənət xadimi: Fəxriyyə Xələfova:  “ Mən Azərbaycan, rus, ingilis, hətta yapon ədəbiyyatını da oxuyuram. İxtisasca psixoloq olduğum üçün sahəmə uyğun kitabları qaçırmıram”.

 

Müğənni Rəqsanə: “Mən ən çox “ağlamalinski” kitabları oxumağa üstünlük verirəm. Ən son oxuduğum kitab “Qara Volqa”dır. Onun filminə də baxıram. Hətta təyyarədə gedəndə də baxırdım. Prodüserim Səbinə də baxıb ağlayırdı. “Təhminə və Zaur” əsərini də sevirəm. Xüsusən orada bir cümlə var. Deyir: “Məndən gözəl xanımlar da olacaq, yaxşı xanımlar da, ancaq mənim kimisi olmayacaq”.

# 1402

Oxşar yazılar