Onlar daima efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışır. Bunun üçün min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı ayılıb idmana da vaxt ayıranlardan. Lent.az-ın “Ulduzların idman saatı” layihəsində sizi onlarla idman zallarında görüşdürəcəyik.
Budəfəki “idmançımız” isə başı qalmaqallardan ayılmayan müğənni Afaq Aslandır.
- Artıq bir ildir ki, idmanla mütəmadi məşğul oluram. Əslində idmana əvvəllər o qədər də maraq göstərmirdim. Amma məşqlərə başlayandan idmandan ayrıla bilmirəm. Çünki müsbət effektini görürəm. Vücudum daha da yaxşılaşıb. (gülür) Onu da deyim ki, müğənni olmasaydım, yaxşı fitnes model də ola bilərdim.
Qaçış cığırında məşq etməyə başlayır
- Bəs ən çox maraq göstərdiyiniz idman növü hansıdır?
- Elə hazırda ən çox sevdiyim idman növü ilə məşğulam. Bir də üzgüçülüyü bəyənirəm.
- İdmana başlayandan nələrdən imtina etmisiniz?
- Ürəyim istəyən yeməyi yeyirəm. Yəni qidalanmağımda özümə sərhəd qoymuram. Sadəcə saat 6-dan sonra yemək yox, meyvə yeyirəm. Bir də onu deyim ki, illərdir, çörək yemirəm.
Qaçış cığırından sonra əzələ yığır
- Həftədə neçə dəfə məşq edirsiniz?
- Həftədə 3 dəfə.
- Neçə saat məşq edirsiz?
- Əksər hallarda 2 saat. Amma bəzən 2 saatdan da çox olur.
Güzgünün qarşısında “qantel”lə məşq edir
- Hazırda neçə kilosunuz?
- Hər zaman 58 kilo olmuşam. Nə kökəlirəm, nə də arıqlayıram.
- Plastik əməliyyat keçirdiyiniz deyilir.
- Bəli, keçirmişəm. Burnumda və dodağımda əməliyyat etdirdim. Bu əməliyyatı da məcburən etdirdim. Çünki 5 il öncə dodaqlarıma vurdurduğum gellər pis görünürdü. Məcburən əməliyyatla bundan qurtuldum. Demək olar ki, əməliyyatdan sonra ilk dəfədir, kamera önünə keçirəm. Bir çoxları deyir ki, guya mənim bədənim də əməliyyatdır. Bu şayiələrə çox gülürəm. Allah mənim bədənimi belə gözəl yaradıb. Nə dəyişiklik edim ki?
- Ailə həyatı qurmağa hazırlaşırdınız. Hətta dekabrın 27-də toy olacaqdı. Bəs nə oldu?
- Düz qeyd etdiniz. Bəli, toya hazırlaşırdım. Amma toya 5-6 gün qalmış ailə qurmaqdan imtina etdim. İndi bu xəbərə sevinənlər də olacaq. Bu barədə ilk və son dəfə danışacağam. Həyatda ən nifrət etdiyim şey yalandır. Ailə qurmaq xətrinə yalanlara göz yumub, özümü bədbəxt edən deyildim. Hazırda bütün diqqətimi sənətə yönəltmişəm. Çünki yaradıcılığıma çox fasilə verdim. Bunun səbəbkarı olan insanı da həyatımdan sildim. İndi hər şey daha yaxşı olacaq. O, mənim çox işlərimin qarşısını almışdı.
- Hazırda həyatında heç kim yoxdur?
- Mən sevgisiz yaşaya bilmərəm. Məni sevən çoxdur. Amma etibarımı qazanan az insan ola bilər. Bəli, həyatımda yeni biri var, özümü çox xoşbəxt hiss edirəm. İndi ailə qurmaq üçün tələsmirəm.
- Bu günə qədər həyatınızda neçə kişi olub?
- (Düşünür...) Çox çətin sualdır... Dəqiq rəqəm deyə bilməyəcəyəm. Yəni sayını itirmişəm. (gülür) Amma onu deyə bilərəm ki, ən uzun münasibətim 2 il olub. Amma sevginin nə olduğunu 3 dəfə hiss etmişəm.
- Bir çox müğənnilərin sevgililəri onlara mal-mülk bağışlayır...
- (Sözümü yarımçıq kəsir) Keçmiş sevgilimdən mənə ev və maşın qalıb. Bunu çəkinmədən deyirəm. Çünki mənim həyatımda olan insan mənim tələblərimi də qarşılamalıdır.
- Şou-biznesdə bir çox müğənnilərlə qalmaqal yaşamısınız. Bunlar quramadır, yoxsa həqiqət?
- Bu günə qədər heç bir süni qalmaqalda iştirak etməmişəm. Kimə sözüm olubsa, açıq demişəm. Bu günə qədər 4-5 müğənni ilə qalmaqalım olub. Onların üçü ilə sevgili davası olub. Təsəvvür edin ki, mənim sevgilimin nömrəsini tapıb, ona sevgi mesajları yazan müğənnilərimiz var. Hətta bu yaxınlarda bir müğənni qabaqdan gəlmişlik edərək, mənə zəng edib dedi, sevgilimə niyə zəng etmisən? Həmin müğənninin kimliyini indi yox, gələn həftə açıqlayacağam. Telefonumda səs yazısı da var. Lazım olsa, onu da mediaya təqdim edəcəyəm.