Azərbaycan şou-biznesində müğənnilərin illər öncə hansı peşə ilə məşğul olmaları daim müzakirə mövzusu olub. Əksər tanınmışlar ilk peşələrinin nə olduğunu dansa da, bəziləri bunu gizlətmirlər. Elə keçirdiyimiz sorğuda da elə müğənnilər oldu ki, ilk peşələrini nə olduğunu söyləməkdən boyun qaçırdılar.
Amma Lent.az olaraq müğənnilərin ilk peşəsini araşdırdıq. Və maraqlı məqamlarla üzləşdik.
Aygün Kazımova bir çoxlarının da bildiyi kimi, idmançı olub. Müğənni orta məktəbin 10-cu sinifdə oxuyarkən məşqçilərin razılığı ilə kapitanı olduğu qızlardan ibarət həndbol komandasından ayrılıb. İfaçılığa isə 1988- ci ildə “Bakı Payızı” müsabiqəsi ilə başlayıb.
“Samiraldo” kimi tanınan stilist Samir Əliyev deyir ki, ilk işi fəhləlik olub: “Mən 17 yaşımda un daşıyıb, pul qazanırdım. Daha sonra beş il dərzi işlədim. İndi də Azərbaycanda say seçmə stilistlərdən biriyəm.
Elariz Məmmədoğlunun ilk və son peşəsi müğənnilikdir. “Mən müğənnilikdən savayı başqa bir peşəm olmayıb. Deyərdim ki, bütün pullarımı elə oxumaqla qazanmışam. Bundan qabaq iş yerim olmayıb. Amma araşdırmamız nəticəsində məlum oldu ki, Elarizin ilk peşəsi bir çox müğənnilərdə olduğu kimi ifaçılıqdan öncə qarmon çalmaq olub.
Rəqsanə İsmayılova ailəli olduğu vaxt heç harada işləməyib: “O zaman məni işləməyə qoymurdular. Əslində mənim ixtisasım müəllimlikdir. Amma bir gün də müəllim işləməmişəm. Yoldaşımdan boşanandan sonra sənətə gəlmişəm. Çörək pulumu müğənnilik edərək qazanmışam.
Müğənni Emil Bədəlov deyir ki, 16 yaşına qədər ifaçılıqla məşğul olmayıb: “Mən ifaçılıqdan öncə skripka çalmışam. Daha sonra isə ifaçı olmağı qarşıma məqsəd qoydum. İlk olaraq Namiq Qafarovun rəhbərlik etdiyi “N-Brothers” qrupunda fəaliyyət göstərdim. Daha sonra solo oxumaq qərarına gəldim”.
Nadir Qafarzadə sənətə gələnə qədər haralarda işləməyib? Ofisiant, satıcı, aşpaz... Elə çalışdığı restoranda da ifaçılığa başlayıb.
Niyam Səlaminin isə ilk peşəsi aşpaz olub. İlk dəfə də televiziyaya dünyasını dəyişmiş aktrisamız Gülşən Qurbanovanın “Qaynar qazan” verilişinə aşpaz kimi çıxıb. Daha sonralar ifaçı olmaq qərarına gəlib.
Sevda Sanaliyeva isə şou-biznesə rəqqasə kimi qatılıb. Daha sonralar isə “Dönmək istəmirəm” mahnısı ilə müğənniliyə başlayıb.
Xatirə İslam ifaçılıqdan öncə xəstəxanada tibb bacısı kimi çalışıb.
Əvvəllər tibb sahəsində çalışmış daha bir tanınmış isə Oksana Rəsulovadır.
“Elit Star” ləqəbi ilə Cəmilə İsgəndərova ifaçılıqdan öncə Bakı Səyahət Bürosunda işləyib. “ Mən direktordan sonra ikinci bir məsul şəxs olmuşam. Amma orada bir müddət işlədikdən sonra öz biznesimi açmağı qərara aldım, turizm şirkəti yaratdım. Biznesimi davam etdirə-etdirə müğənnilikdə etmək qərarına gəldim. 2003-ci ildə isə yaratdığım turizm şirkətindəki işlərimə xitam verdim. Elə o ildən bəri yalnız toylardan pul qazanıram”.
Müğənni Roza Zərgərli ifaçılıqdan öncə prodüser kimi fəaliyyət göstərib.
Əməkdar artist Elza Seyidcahanın ifaçılıqdan öncə bəstəkarlıqla məşğul olması isə heç kimə sirr deyil. Elə indi də onun bəstələrini bir çox müğənnilərimiz ifa etməkdədir.
Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərli müğənnilikdən qabaq Biləcəri Dəmiryolu xəstəxanasında bufetçi işləyib. Daha sonralar Kəmalə Rəhimlinin köməyi ilə bəstəkar Eldar Mansurovla tanış olur. Bu tanışlıqdan sonra isə o, peşəkar səhnəyə ilk addımlarını atır.
Müğənni Rəhim Rəhimli isə elə ilk peşəsinin bəstəkarlıq və müğənnilik olduğunu söylədi: “Mən elə bu sənətlə məşğul olmuşam. Başqa peşəm də olmayıb. Yalnız bəstəkarlıq və müğənnilik”.
Xalq artisti Səməd Səmədov müğənnilikdən öncə Əli Mirəliyevin musiqi dəstəsində olub. Daha sonralar isə müğənni olmağı qarşısına məqsəd qoyub. Səhnəyə ilk dəfə duet şəkilində çıxıb. Ən çox müğənni Bəsti Bəkirova, daha sonralar isə Sevda Əliqızı ilə çıxış edib.
Əməkdar artist Zöhrə Abdullayeva bildirib ki, onun ilk peşəsinin nə olduğu hər zaman müzakirə mövzusudur: “Mənim barəmdə bir ara şayiə çıxmışdı ki, guya qatarda bələdçi işləmişəm. Amma bu yalan sözlərdir. Mənim ilk və son peşəm elə müğənnilikdir”.
Müğənni Elvin Abdullayev isə bildirib ki, ifaçılıqdan öncə pianino ilə məşğul olub.
Rəşad İlyasov kanon ifaçısı olub. “Xalq artisti Zeynəb Xanlarovanın təkidi ilə onun ansamblında kanonda ifa edirdim. Daha sonralar isə digər xalq artisti Nisə Qasımovanın ansamblında fəaliyyət göstərdim. Bunda sonra ifaçı olmaq qərarına gəldim”.
Əməkdar artist Cavanşir Məmmədov, habelə xalq artisti Mələkxanım Əyyubova da Qarmon ifaçısı olub.