Xalq artisti Aygün Kazımovanın yaradıcılıq işlərindən xəbər var. Müğənnin mətbuat xidmətindən Lent.az-a göndərilən məktubda A.Kazımova son işləri barədə bu sözləri deyib: “Bu gün mənim iki layihəm birdən reallaşdı. Onlardan biri söz və musiqisi Elif Nur İçden, aranjemanı isə Mert Eli İçdene aid mahnı, digəri isə əcnəbi duet ortağım Snup Doogla ifa etdiyim və ən əsası dünya layihəm “Coffee from Columbia”dır. Hələlik onların aşağı keyfiyyətdə bir hissəsi dinlənilə bilər. Albomun üzlüyü, ora daxil olan mikslər, DJlərin adları və sıralanmasını görə bilərsiniz.
Bir neçə dünya saytları ilə müqavilə bağlanılıb. İndi onlardan birini sizə təqdim edirik. Mahnının orijinal versiyaları yalnız o saytlardan yüklənilə bilər. Birazdan isə növbəti mərhələ başlanır. Mahnıları dinləyib istədiyinizi yükləyə biləcəksiz və ardınca klip təqdim olunacaq. Yalnız onu deyə bilərəm ki, çox xoşbəxtəm və sözümün ağasıyam”.