Ötən gün "Bu şəhərdə” komandasının konsertinə qonaq qismində dəvət olunan müğənni Nadir Qafarzadə gecəni yarımçıq tərk edib. Bunu Lent.az-a açıqlamasında ifaçının özü deyib: “Ötən gün konserti yarımçıq tərk etdim. Bu da səbəbsiz deyil. Səhnəciklərin birində gözləmədiyim məqamda adım yersiz çəkildi. Əslində biz “Bu şəhərdə” komandası ilə dost idik. Lakin onların bu aidiyyətsiz hərəkəti məni məyus etdi. Bunlara baxmayaraq mən onlara növbəti işlərində uğurlar arzu edirəm".
N.Qafarzadənin bu narazılığına “Bu şəhərdə” komandasının prodüseri Müşfiq Abbasovun da cavabı gecikməyib. O, ifaçıya mesaj göndərərək, bir daha bu cür halların təkrarlanmayacağını bildirib: “Heç bir problem deyil. Günü sabahdan “Avropa oyunları” səhnəsindən də, o biri-iki səhnəcikdən də sizin adınızı çıxardacam. Bir də sizin adınızı çəkmərik, nə də ki siz yarımçıq getmərsiz”.
Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Elza Seyidcahan da “Bu şəhərdə” komandasından narazı olduğunu mediaya bildirmişdi.