“İnsanın düşdüyü qucaq önəmlidir” - Aktrisa Könül Yusifqızı ilə MÜSAHİBƏ
06 noyabr 2024 14:21 (UTC +04:00)

“İnsanın düşdüyü qucaq önəmlidir” - Aktrisa Könül Yusifqızı ilə MÜSAHİBƏ

Lent.az-ın müsahibi birçox seriallarda çəkilmiş tanınmış aktrisa Könül Yusifqızıdır


- Könül xanım, bir zamanlar efirə bir gecə proqramı ilə çıxırdınız. Bu proqram da 18+ mövzularına görə xeyli ajiotaj yaratmışdı. Sizi yeni layihədə görə biləcəyik?

- Bəli, yeni bir layihəm var, müəllif proqramım olacaq. Amma hələlik onun barəsində heç nə demək istəmirəm. Bu aralar “Əlvida xoşbəxtlik” serialında çəkilirəm. O ki, qaldı 18+ verilişə, əvvəl format başqa idi, onu o şəklə saldılar. Əslində gecələr 18+ verilişin olmasının ziyanı yoxdur. Burada cəmiyyəti narahat edən, düşündürən, lakin cavab ala bilmədikləri, danışmağa utandıqları, çəkindikləri mövzularda danışmaq olar. Saat 12-dən sonra uşağın televiziya qarısında nə işi var? O saatda aparıcı da sərbəst ola bilir, mövzu da. 

- Çox zaman bizdə ailələr müəyyən danışılmayan, amma boşanmalara səbəb olacaq hallar üzündən dağılır... 

- Siz bilirəm məni hara çəkmək istəyirsiniz. Yaxşı danışaq bunu. Bu elə qəliz məsələdir ki, mental düşüncələrimiz bu barədə sərbəst danışmağa imkan vermir.
Əslində hamı gizlində hər şeyi eləyir, amma dəyərlərimiz deyib qabağımıza bir şirma çəkmişik. Kişilərimiz “biri uşağımın anasıdır, biri də özüm üçün olsun” düşüncəsindən çıxmayınca normal cəmiyyət olmayacağıq. Arvadını bayıra çıxaranda maşının pərdələrini çəkir. Onu özü ilə restorana aparmır, uzaq başı qohum toylarında bəzəyib-düzəyib ortaya çıxarır, “özünün” dediyi qadınına isə hər imkanı yaradır. Uşaqlarının anası olmaq üçün kimisə alıb bədbəxt edir, bilir ki, vaxtı çatanda, ürəyi istəyəndə kənarda kimisə saxlayacaq.

- Bəlkə həyat yoldaşının üzərinə “ana” sözünü yapışdırıb, onu müqəddəsləşdirməklə yaranır ər-arvad münasibətlərində çat? 

-  Məncə, ümumilikdə qadın müqəddəsdir, yalnız ana yox. Mənəviyyat olaraq qadınlar güclüdür, fiziki güc baxımından kişilər. Tərəziyə qoyanda qadın-kişi elə eyni gücdədirlər. Qadın içindən yeni bir dünya yaradan varlıqdır. Doğumdan sonra o yeni bir obraza bürünür, mənən dəyişir. Kişilərimiz qadınlarımızı bir az əzməməyi öyrənməlidir. Bu da tərbiyə məsələsidir. Bilirsinizmi, insanın düşdüyü qucaq önəmlidir. Qadın doğub övladını nənəyə, babaya, dayəyə verə bilər. Uşağa tərbiyə verənin düşüncəsi, dünya görüşü çox önəmlidir. Niderland alimi Dik Savab araşdırmalardan sonra belə qənaətə gəlib ki, hətta 50 yaşında belə insanın etdiklərinə ana bətnində hiss etdiyi duyğular təsir edir. Yəni 40 yaşına qədər sağlam, nümunəvi ailə başçısı olan biri anidən dönüb olur manyak, təcavüzkar. Bunun kökü belə ana bətnindən gəlir. Ananın hamiləlik dövründə yaşadıqları, gördükləri hiss etdikləri, dölün gələcək həyatına təsir edir. Təəssüf ki, bizim cəmiyyətdə yeni evlənənlər, hamilələr, gənc analar üçün təbliğat, maarifləndirmə proqramları yoxdur. Ancaq ölüm, dava-dalaş ailə, münaqişələrini göstərirlər və belə proqramlara baxılır. Bizim insanlarımız sanki əzab çəkməyi sevirlər. Xoşları gəlir qəmli musiqidən, acılı həyat hekayələrindən, özlərini qurban rolunda görməkdən. Gülən adamı qəbul edə bilmirik. Mənim anam bir az konservativ qadın idi. Mən güləndə ucadan qəhqəhə çəkirəm. Həmişə deyirdi, yavaş gül, biabır olduq. Niyə? Gülüş niyə ayıb sayılsın axı? Xoşbəxt adamları dərhal cəzalandırmağa, adına qara bağlamağa həvəslənirlər. Uşağa “kəs səsini, sus,  böyüklər danışsın” deyirsənsə, o hamının dediyini qəbul edəcək, özünü yox. Ağıllı söhbətləri dinləmək istəmir bizimkilər, ağır gəlir. İndi bu müsahibəyə bir erotik başlıq qoysanız, oxuyacaqlar, yoxsa yox. Başlığı da görüb söyəcəklər.

-  Siz açıq-saçıq fotolar, bir qədər abırsız qadın rolları oynamaqdan çəkinməmisiniz. Heç söyülməkdən, qınanmaqdan qorxmusunuz?

- Mən çoxdan öz ayaqlarım üstündə dayanan adamam. Kifayət qədər sərbəst olmuşam.  1994-cü ildə atam şəhid olandan və anamla ikimiz tək qalandan sonra yaşamaq uğrunda mübarizəyə başladım. Mənim üçün bu gün kiminsə fikri önəmli deyil. Çox çətin günlərimiz olub. Yemək tapmamışam, elə olub universitetə geyinməyə ayaqqabım, avtobusa verməyə pulum olmayıb. O zaman kimsə gəlib qapımı döyüb 5 manat verməyib. Ehtiyacım olan vaxtlar mənə yardım etməyənin indi nə həddi var, mənə söz desin? O vaxt kim məni dəstəkləyibsə, onlar yanımdadır. Çoxları elə orada, keçmişdə qaldılar. Bəzən deyirlər bağışla, filan... Mən bunu bağışlaya bilmərəm, Allah deyiləm hər şeyi bağışlayım, o qədər rəhmli olum.

-  Bir dəfə demişdiniz, quyruğumu tapdalayanın başını tapdayaram. Yenə belə düşünürsünüz? 

-   Uzun illər mən insanların haqqımda dediklərinə susmuşam. Boş vermişəm, demişəm gec-tez yerini tutacaq. Amma sonra anladım ki, biri sənin üstünə tankla gəlirsə, sən ona raqatka atmamalısan, o dronla gəlirsə sən raketlə vurmalısan. Yəni hərəyə öz silahı ilə, hətta bir az artığı ilə cavab verməlisən. O vaxtdan boş buraxmadım, cavab verdim. Bəzən arada söz aparıb gətirənlər, ara qarışdıranlar olur. O zaman soruşmalısan ki, ay küsən, nə olub, nədən incimisən? Axı biz sevirik beynimizdə qurub quraşdırmağı, hekayə yaratmağı.

-  Heç sizdən küsənin qapısını döyüb niyə küsdüyünü soruşmusuz?

-  Əslində çox vaxt utanmışam. Adətən deyirlər, Könül filan rollara çəkilir,  o, utanmazdır. Ay balam, o obrazdır, o başqa şeydir, bir insan obrazla həyatı ayırd edə bilmirsə, onunla bu barədə danışmağa dəyməz. Təəssüf ki, obrazla həyatı ayırd edə bilməyən qanmazların sayı çoxdur, başı ora kimi işləyir, kütbeyindir. Çoxdur kütbeyinlər. Hətta qeyri-adekvat, ruhi-əsəb dispanserində yatmalı adamlar çoxluq təşkil edir cəmiyyətdə. Baxırsan 10 adamdan yeddisi belədir, onlar üçün xüsusi xəstəxanalar tikilməlidir. Çox vaxt adekvat insanlar qeyri-adekvatların içərisində özünü qəribə hiss edir. Ağıllı fikirləşincə dəli vurub çayı keçir.

-  Bir dəfə varlı qadın obrazında sizi görənlər, pul tələb eləmişdilər. Dediyiniz o cahil kütlədən sizə bəzi açıq-saçıq rollarınıza görə əxlaqsız təklif edənlər, sosial şəbəkədə yazanlar olub?

- Kimisə əxlaqsız təklif eləməsi üçün qarşısındakının belə obraz yaratmasına ehtiyac yoxdur. Beyni əxlaqsız olan kişi münbit şərait yaranan kimi istənilən qadına qarşı belə hərəkət eləyir. İstəyir bəzəkli-düzəkli, göz önündə xanım olsun, istərsə də şap-şuplarını geyinib həyətə çörək almağa düşən qadın olsun. Sadəcə, özgüvəni aşağı, şəxsiyyəti yarımçıq, natamamlıq kompleksi olan kişilər bunu edirlər, onlar məşhur biri ilə birlikdə olmağa can atırlar. Əslində məşhur qadını yox, onun məşhurluğunu, peşəsini sevir. Beyni şikəst olan adamlarımız çoxdur. Göz önündə olan qadınlara belə təkliflər daha çox olur. İnanın, Cennifer Lopes ulduz yox, süpürgəçi olsaydı üzünə baxmazdılar.

- Ancaq kişilərdən danışdıq. Qadınlarımızın hansı problemi var sizcə?

- Qadınlarımızın hamısının qaşının arasında qırış var. Gülümsəməyə qorxurlar ki, şər-böhtana düşərlər. Gülümsəyən qadına qara yaxıb başqa gözlə baxarlar deyə. Deyirlər, qız uşağı başı aşağı gəzər. Niyə? Nə ayıbı var, başı aşağı gəzsin? Başı aşağı gəzməkdən onurğası əyilib çoxunun. Bu nə qəribə məntiqdir axı?! Yuxarıda dediyim kimi anam çox konservativ qadın idi, mən ucadan güləndə deyirdi, biabır olduq. Niyə? Gülmək nədən  ayıb sayılsın axı. Başı aşağı, qaraqabaq oldun, qapqara geyindin namuslusan, güldün, danışdınsa əxlaqsız.

Bu düşüncəni bizə qıraqdan gəlib diktə eləmirlər. Problem cəmiyyətdədir. Natamamlıq kompleksi yaşayan kişilərin ucbatından bəzi qadınlarımız yuvasını dağıdır qaçır. Çünki kişi qadınına sevdiyini demir, xoş sözlər söyləmir. Biz bu dünyaya bir dəfə gəlirik də. Bəs nə zaman deyəcəksən o xoş sözləri?  “O nə dedi, bu nə dedilərdən” yaxa qurtara bilmirik. Kişi niyə halal arvadı haqqında danışanda “bağışlayın, üzr istəyirəm, uşaqlarımın anası, evdəki” deyir, xanımım demir. Halal arvadına demir, məşuqəsinə xanım deyir. Yoldaşını sevirsən sualını verəndə buna ayıb bir sual kimi baxır.  
Uşağını qoyub qaçan anaları qınayırlar. Amma çox zaman onlar bir kəlmə xoş sözə uyub gedirlər. İnsandır və hər insan kimi sevgiyə ehtiyacı var. Sən o sevgini evdə ver ki, kənarda axtarmasın. Hamı maska taxıb yaşayır, bizim cəmiyyət xoşbəxt gülümsəyən ruhu azad insanları sevmir.

Bir də bizim cəmiyyətdə danışa bilməmək problemi var. Bizimkilər başqalarının qeybətini qırmaqdan, içindəki zəhərini başqasına qusmaqdan bəslənirlər. Bir keçmiş qonşum var idi, məni güdürdü. Deyirdi dünən gecə “qlazok”dan baxırdım, gecə ikidə gəldiniz evə. Mən toy aparıcısıyam, evə neçədə gəlməliyəm? Öz-özümə düşünürdüm ki, bu qadın necədə xoşbəxtdir, xəbəri yoxdur. İşi, gücü, dərdi-səri yoxdur, mənimlə maraqlanır, dərd axtarır çəkməyə. 

- Kiminsə həyatınıza burun soxması qıcıqlandırmır sizi?

- Əvvəllər qıcıqlanırdım, indi yox. Əvvəllər bir az çılğın idim, indi sakit. 44 günlük müharibədən sonra həyata baxışım dəyişdi. Ona qədər içimdə bir üsyan var idi, o yatışdı. Mən bəlkə də cəmiyyətə üsyan etdiyim üçün elə açıq-saçıq rollara girirdim. Torpaqlar alınıb, ata yurdundan atamın məzarına torpaq gətirəndən sonra içim soyudu. Kişiyə verdiyim sözü tutdum. Ümidim azalmışdı, çox şükür bu baş tutdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 44 gün mənim də həyatımı 2 yerə böldü. Əvvəl və sonra. İndi əvvəlki rollara çəkilərəmmi? Yəqin ki, yox. Çünki qalib vətəndaşam. İçimdəki o atasızlıq, atamdan sonra baş verənlər, cəmiyyətin şəhid ailəsinə soyuqluğu məndə üsyan yaratmışdı. Kimsə mənə “şəhid qızısan” deyib heç nə yardım etməmişdi. Görməmişdim. İndi şəhid ailələrinə diqqət yüksəkdir. Bizə çox deyənlər olub, “gedib döyüşməyəydi, ölməyəydi, mən istəmişdim bunu?”. Yalnız bir insandan şəhid adına hörmət görmüşəm, vəkil Muxtar Mustafayev. Ona minnətdarlığımı bildirmək istəyirəm.

Həyatdan küsdürmüşdülər məni. Dəyişdim. Ümumiyyətlə, baxıram ki, bəzi şeyləri dəyişə bilmirəm, dedim öz baxışlarımı dəyişməliyəm. Dünyanı dəyişə bilmərəm, özümə gücüm çatar.

-  İndi palaza bürünüb elnən sürünürsünüz?

- Qətiyyən. Heç vaxt palaza bürünüb elnən sürünməmişəm, heç vaxt başqalarının düşündükləri ilə həyatıma yön verməmişəm. Kim necə sürünür özü bilər. Mən heç vaxt çərçivələrə girməmişəm.

- Hansısa teatrda işləyirsiniz?

-  Yox. Əvvəllər çoxlu toylara gedirdim, aparıcı kimi. Teatrla alınmırdı. İndi gündəmdən uzaq dururam deyə, toylarım da azalıb.

 - Sevgi yoxsa pul?  Hansı önəmlidir?

- Hər bir münasibətdə hörmət çox önəmlidir. Bir az istək, bir az dəyər, bir az pul. Pulu gətir təpəsinə çırp, hörmət qoyma, belə də alınmır, amma pul da önəmlidir. Kişi qadınının dəyərini bilməli, problemini həll eləməlidir 

- Şəxsi həyatınız barədə danışmadıq heç. Dünyaya bu qədər fərqli baxan ağıllı bir qadın evlidir ya subay?

- Subayam bir qızım var. 10-cu sinifdə oxuyur.

- Könül xanımın ürəyini qazanmaq istəyən kişi hansı addımları atmalıdır?

- Bu aralar bu barədə heç düşünmürəm. Əvvəllər düşünürdüm. İndi özüm özümlə xoşbəxtəm, huzurluyam. Özümlə elə xoşdur ki, mənə. 

- Həyat yoldaşınızdan niyə ayrıldınız?

- Bizim birlikdə olmağımız real deyildi. Bunu ilk başdan anlamışdım. Mən onu çox sevirdim. Bu gün ailəlidir. Ailə qurmasına da şad oldum. Onun xoşbəxtliyi məni sevindirir. Axı o qızımın atasıdır. Mən sevinərəm ki, qızımın bacı-qardaşları olsun. Ayrılarkən uşaqdan istifadə etmək, uşağı ataya qarı doldurmaq səhvdir. Yaxşı, o kişi o qədər pis idi, ona niyə ərə gedirdin, ondan niyə doğurdun?

 - Bizim cəmiyyət  40-50 yaşdan sonra evliliyə də qəribə baxırlar. Deyirlər qızın var, oğlun var ərə getmə.

- Əksinə, elə qızına, oğluna görə ərə getməlisən. Gedib kənarda min hoqqadan çıxmaqdansa, ərə get də. O uşaq ailə qurana qədər sənin 10-15 sevgilin olmalıdır? Təklik Allaha məxsusdur. İnsana qulaq yoldaşı, həyan elə yaşlılıq zamanı lazımdır. İnsan hər yaşda sevə, evlənə bilər. Mənim uzaq bir qohumum 74 yaşında  70 yaşlı bir kişiyə ərə getdi. Bilirsiniz, tək qalan ana bütün diqqətini gəlinə, oğula verir, hirsini onlardan çıxır. Belə-belə söz söhbət yaranır. Dul kişi yenə gedib kənarda özünə birini tapır, qadınlar çox zaman bunu etmirlər. İnsan niyə öz ömrünü başdan sona qədər başqalarına həsr eləməlidir? Çox zaman da buna gərək olmadan belə edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6111
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar