Müğənni Elçin Cəfərov “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası ilə namizəd olduğu “Altın kelebek” mükafatından imtina edib.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb:
“Haqsızlığa heç zaman susmamışam, susmayacam da! Bu yarışda bizimlə ən başdan bəri laqeyd davranıldı. Öncə vaxtını dəyişdiniz, sonra isə yalnız xanımların gediş-gəlişini qarşılayacağınızı söylədiniz. Bu qədər tanınan bir yarışmanın 10 sənətçini Türkiyəyə aparmağa gücü yoxdur? Yoxsa, bilmədiyimiz nəsə baş verir?”
E.Cəfərov bildirib ki, təşkilatçılar qalibin əvvəlcədən bəlli olduğunu söyləyib:
“Ən son danışığımızda isə bu sözü eşitdik: "Qalib onsuz da xanımlardan olacaq, bəylərin Türkiyədə iştirakına ehtiyac yoxdur". Əgər qalib əvvəlcədən bilinirdisə, bizi niyə cəlb edirdiniz bu işə?! Hər zaman izləyicilərimə diqqət və hörmətlə yanaşmışam. Onlar vaxtlarını ayırıb, ümidlə mənə səs göndəriblər. Bu, onlara haqsızlıqdır. Bir şeyi bilməlisiniz ki, kim seçilsə, uğuruna sevinəcəm. Çünki bu ölkəmizin baş ucalığıdır. Əksinə, yanında olub dəstək olardıq. Onu da qeyd edim ki, yanlış anlaşılmasın, burada söhbət maddiyatdan getmir. Onun davasını aparası olsaydım, çox rahatlıqla təzminat davası açardım və haqlı olaraq qazanardım. Amma bu oyunların insanı deyiləm. Bu cür haqsızlıqlar etməyin! Sponsorunuz olan brendin reklamında da nə qədər xeyrimiz olubsa, halal xoşumuz olsun!”.
Qeyd edək ki, bu il həmin mükafata Azərbaycandan namizədlər arasında Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Azad Şabanov, rəqqasə Oksana Rəsulova və aktrisa Pərvin Abıyeva var.