Firəngiz Əlizadə “Eurovision” mahnımızı tənqid etdi
17 mart 2009 12:00 (UTC +04:00)

Firəngiz Əlizadə “Eurovision” mahnımızı tənqid etdi

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti Firəngiz Əlizadə bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın duet şəklində ifa edəcəkləri “Always” (“Hər zaman”) mahnısını uğurlu seçim hesab etmir.

Bununla bağlı APA-ya açıqlama verən Firəngiz Əlizadə bəzi nüanslara da toxunub: “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etməsi üçün seçilən mahnı Avropa qəlibləri, standartları ilə yazılıb. Çox fantaziya işlətmədən bu, Avropada artıq dəfələrlə səslənən mahnıların bir ortalama nümunəsidir. “Eurovision” müsabiqəsində Azərbaycan daha qeyri-adi, milli koloriti, daha qabarıq, parlaq bir mahnı ilə təmsil oluna bilərdi”.

Bəstəkar “Titanik” filmini misal gətirərək, həmin filmindəki mahnıda musiqi aləti olaraq, tütəkdən istifadə olunduğunu vurğulayıb: “Bu filmdəki qeyd etdiyim mahnı çox məşhurdur. Bütün dünyada bu mahnının gözəlliyindən danışılır. Bütün dünyanı danışdıran isə tütəyin səsidir. Bu mahnı məhz tütəyin qeyri-adi tembrindən başlayır. Bizim diqqətimizi bu mahnıda cəlb edən o tütəyin səsidir. Mahnının bəstəkarı adi Avropa fleytasına müraciət etməyib, halbuki o eyni mövzunu bir fleyta ilə çala bilərdi və Avropaya bu daha normal gələrdi. Amma bu bəstəkar fikirləşib ki, mən burada qeyri-adi bir tembrdən, diqqəti cəlb edən bir musiqi alətindən istifadə etməliyəm və o qeyri-Avropa musiqi alətinə müraciət edib.

Ancaq biz qeyri-Avropa musiqi alətlərinin Vətəni olan Azərbaycandan adi bir mahnı göndəririk. Mən bu mahnının pis olduğunu iddia etmirəm, eyni zamanda heç ona qiymətdə vermək istəmirəm. Amma mənə elə gəlir ki, daha qeyri-adi, Avropanın tembrlərindən, mövcud olan alətlərindən daha uzaq olan bir mədəniyyəti biz təmsil edə bilərdik. Üç dəqiqə elə də az vaxt deyil. O üç dəqiqəyə gözəl mövzu, gözəl tembrlər, gözəl intonasiya daxil ola bilər”.

F. Əlizadə Azərbaycan təmsilçilərinin ifa edəcəyi “Always” mahnısını dinlədiyini və bu mahnının onda heç bir hiss oyatmadığını açıqlayıb: “Mahnını dinləyəndə mənə elə gəldi ki, bu ya Gürcüstandan, ya Rusiyadan, ya Böyük Britaniyadan gəlib. Əslində mənim üçün heç bir fərq etməz. Bəlkə də bu mahnı ilə uğur qazana bilərik. İndi o standartlar yüksək qiymətləndirilsə, hər şey ola bilər. Sadəcə, mən Azərbaycanda bu mahnının böyük populyarlığına inanmıram”.

“Eurovision” müsabiqəsinə çox da önəm vermədiyini diqqətə çatdıran bəstəkar, eyni zamanda sözügedən müsabiqəni ciddi qəbul etmədiyini də deyib: “Eurovision”da o qədər siyasi, musiqidən çox uzaq olan danışıqlar, mübahisələr baş verir ki, bu müsabiqəyə ciddi yanaşa bilmirəm. Elə bu səbəbdən də müsabiqənin nəticəsi barədə heç kim qabaqcadan heç nə deyə bilməz”.
# 1175

Oxşar yazılar