Oqtay Əliyev: “Bir müğənnini super avtomobildə gördüm, qınadım...” - MÜSAHİBƏ
05 yanvar 2010 16:00 (UTC +04:00)

Oqtay Əliyev: “Bir müğənnini super avtomobildə gördüm, qınadım...” - MÜSAHİBƏ

“SOY Production”ın prezidenti Oqtay Əliyevin Lent.az-a müsahibəsi

- Siz şou-biznesdə çəkisi və fəaliyyəti olan şəxslərdənsiniz. Neçə illərdir ki, münsif kürsüsündə əyləşirsiniz. Bəlkə bu dəfə “Yeni ulduz”lardan yox, “köhnə” ulduzların ötən il musiqi səhnəsində gördüyü işlərdən danışaq?

- Ötən il yadda qalan iqtisadi böhran bilmirəm hansı ölkələrdə olub, lakin onu deyə bilərəm ki, şou-biznesdə əməlli-başlı böhran olub. Barmaqla saymaq olar ki, neçə klip səkilib. Bu il İradənin, Sevdanın klipi yadımda qaldı, vəssalam. İl nə yeni mahnılar, yeni konsertlər, heç nə ilə yadda qalmadı. Əvvəlki illərlə müqayisədə heç kim heç bir iş görmədi, elə buna görə də deyirəm ki, əməlli-başlı böhran yaşandı. Ola bilər ki, bir nəfər hansısa ölkəyə getdi. Məsələn, Sevda Ələkbərzadə xaricdə disk buraxdırdı. Zülfiyyə xanimin da diski çıxdı, lakin bunlar çox xırda işlərdir. Əvvəlki illərdəki işlər, bir-birləri ilə yaxşı mənada mübarizə bu il olmadı.
Dünyanı iqtisadi böhran bürüdüsə, bizdə də şou-biznes böhranı yaşandı. Hamı fikirləşdi ki, konkret olaraq bizim öz bazarımız var, keçən il 20 toyum oldusa, bu il mənim 30 toya şansım yoxdur. Onların arzuladıqları bu idi. “Yeni Ulduz”da mənim üçün iki maraqlı iştirakçı yadda qaldı. Bunlardan biri Safurə Əlizadədir. Görürəm ki, nəsə olacaq. Lakin ola da bilər ki, möhtəşəm restoranlardan biri onları öz himayəsinə götürəcək, orada oxuyub, öz talelərini beləcə seçəcəklər.

- Bu, indi sənət aləminin ümumi düşüncə tərzidir - çoxlu pul qazanmaq…

- Qınayanda deyirlər ki, neyləyək? Nə ilə qazanaq? Bunu mən demirəm, bunu konsert təşkilatçıları da deyir Ki, Azərbaycanda heç kim barmağını qatlaya bilməz ki, salonu öz hesabıma doldurmuşam. Kim olur, olsun. O cür konsert də məlumdur ki, necə konsert necə olacaq.

- Amma bir şey də var. Sənətdə olan adamlar dünən etdiklərini bu gün də edirlər, disk çıxarırlar, konsert verirlər. Sadəcə, albom və konsertlər əvvəlki illərlə müqayisədə nə qədər təkmilləşmiş olsa da, əvvəlki effekti yaratmır.

- Çünki rəqabət yoxdur. Televiziyalar arasında rəqabət başlayan kimi, o dəqiqə hiss olunur. Müğənninin də rəqibi uğur əldə edən kimi istər-istəməz rəqabət, meyl yaranır. Nə isə etməyi artıq özünə borc bilir. Yoxsa, otururlar evlərində, disk buraxırlar. Hamısı da eyni işi görür.

- Axı sizin həsrətini çəkdiyiniz vaxtlarda da o hegemon müğənnilərin arasında rəqabət hiss olunmurdu.

- Var idi. O böyük dalğalardan kiçik ləpələr də təsirlənirdi. Gənclər də fəaliyyətə başlayırdı. Gündə biri klip çəkdirirdi. İndi klipmeykerlər istirahətdədir, hərəsinin bir yekə yastığı var…

- İndi də, məsələn, Aygün Kazımova və Röyanın arasındakı rəqabət, çəkişmə göz önündədir. Bəs niyə o inkişaf yoxdur?

- Bir var rəqabət, bir də var kim kimin haqqında nə dedi... Bu, başqa şeydir. Belə inkişaf olmur.

- İlin uğuru nəyi hesab edirsiniz? Sizin kəşfiniz Safurə Əlizadədən ibarətdir?

- Yox, yox! Bu uğur deyil. Bu, sadəcə, maraqlı kəşfdir. Uğur başqa şeydir. Klip çəkdirmək uğur deyil. Kinoplyonkaya klip çəkmək də adi tamaşaçı üçün uğur deyil. Bir əsas məqam var: sənətin özündə də biznes olmalıdır. Zülfiyyə Xanbabayeva toylara getmir. Bu insan bu qədər tələbatları nə ilə ödəməlidir? Brilliant Dadaşova toylara gedir və sənətdə gördüyü işlərin maddi məsrəflərini ödəyir.

Bu il siz fikir verin, Heydər Əliyev adına Sarayda nə qədər konsert oldu? Barmaqla sayıla biləcək qədər…

- Buna Sarayın təmir olunması, icarə haqqının yüksək olması da səbəb kimi göstərilə bilər.

- Bu gün Aleksandr Rıbakı gətirsək, o salon dola bilər. Qeyd edək ki, bu böhran Türkiyədə də davam edir. Əvvəlki sevilən müğənnilər bu gün maraq dairəsindədir.

- Bu xaos nə ilə bağlıdır? Burada elə sizin təşkilatçılığınızla təqdim olunan “Yeni ulduz” fabrikinin rolu ola bilər? Müğənnilər çoxalır, axın gəlir…

- Mən bir şey deyim. Müğənnilər çoxalır. “Yeni Ulduz”ların arasında 200 nəfərə yaxın müğənni var. Onların hamısı uğurlu olmasa da, ümidverici gənclər var.

- Teleməkanda ifaçı təqdim edən musiqi layihələri ilə bağlı istedadlı pedaqoqlardan biri ilə söhbətimiz olmuşdu. Həmin pedaqoq bu müsabiqələrə dair maraqlı bir irad səsləndirmişdi: olmazmı bu ələkdən süzülmə prosesi ekrandan kənar olsun, sonra o ümidverən gənclər səhnəyə təqdim olunsun? Tamaşaçı pis ifaçını görməməlidir…

- Bu layihələr bütün dünyada həyata keçirilir. 1987-ci ilə qədər sənətkarlar rayon-rayon gəzib, istedad üzə çıxarırdı. “Qarabağ bülbülləri” də belə yarandı. Bunlardan biri Aybəniz Haşımovadır, biri Könül Kərimova, çox saymaq olar. Bu gün bu özfəaliyyəti biz efirə çıxarırıq. Pis ifaçı elə efirdəcə tənqid olunur və başqa sənət seçməsi məsləhət görülür. Musiqidən uzaq olan insanlar subtonla tanış olur. Bilir ki, subton ifa qadağa deyil, lakin oxunmasa, daha gözəl olar.

- Məqsədlər arasında kanala gəlir gətirmək məqsədi də istisna deyil. Bəlkə də əsas və vacib məqsəddir.

- Əlbəttə, “Yeni ulduz” yayımlanan vaxt, heç olmasa, 5 min manatlıq işıq yanır... Bu kimi tələbatlar ödənməlidir də... Belə bir kommersiya xarakterli verilişlərdə qazanılan uğur bizim də uğurumuzdu. “Xalq ulduzu”nda gördünüzmü nə qədər maraqlı ifaçılar üzə çıxdı?

- Maşallah, müəyyən büdcəniz var. Bu müsabiqədə iştirak edənlərə bundan sonra da kömək etmək olar. Misal üçün, onların arasında ən yaxşılarını seçib rayonlarda konsert təşkil etmək, yaradıcılıq fəaliyyətlərinə təkan vermək olar. Aydın məsələdir - onların pulu olmadığı üçün telemüsabiqə yolu ilə tanınmağı seçiblər. Həftələrlə efirdə görünmək, yarışma bitəndən sonra sönük fəaliyyət istər-istəməz depressiyaya yol açır.

- İstənilən iştirakçı ATV-də yayımlanan bütün verilişlərdə iştirak edə bilər.

- Təmənnasız?

- Yüz faiz! Təmənnasız! Əlbəttə. Atıq başqa kanallarda da onlar təmənnasız olaraq iştirak edirlər. Bəli, kölgədə qalanların özlərinin şikayət kitabları var artıq. Onlara demək istəyirəm ki, ən azından repertuarlarında müəyyən dəyişikliklər etməlidir. Söhbət istəkdən, çalışqanlıqdan gedir. Sən bunu etməyəndən sonra mənim yadımdadırmı ki sən varsan, nə vaxtsa müsabiqə iştirakçısı olmusan?

- Elementar misal çəkim. Bu gün səhnədə Faiq Ağayev də var, Zamiq də, Elnur da. Lakin Faiq Ağayev özünü toxunulmaz elan edib. Heç bir müğənni də cəsarət edib bu fikrə qarşı çıxmır. Kişi müğənnilər “hə, düzdü, o birincidir” deyib, sakit otururlar. Halbuki onları o qədər sevən kütlə var ki! Faiq Ağayev isə qısa izah verdi: “Mən onların vaxtında qazandığımı kapital artımına yox, yaradıcılığıma sərf edirdim...” Kişilərlə müqayisədə Röyanın cəsarəti daha aydın görünür...

- Yaradıcılığa sərmayə qoymaq hər bir müğənninin öhdəliyidir. Əvvəlki sərmayə ilə indikini də müqayisə etmək olmaz. Çox acı da olsa, belə bir söhbət eşitdim. O qədər də populyar olmayan bir müğənnini bir gün super avtomobildə gördüm və onu qınadım. Dedim, əşi, bu qədər maşına pul verənə qədər get kliplərinə, işinə pul xərclə. Dedi, bilirsiniz vəziyyət necədi? Ucuz maşınla harasa gedəndə mənim qonorarım də aşağı olur. Bunu ona görə edirəm ki, yaxşı qazancım olsun.

- Bu, bəhanə də ola bilər. Elə populyar müğənnilər var ki, maşını qat-qat ucuzdur.

- Onlar artıq özlərini təsdiq ediblər, ona görə. İndi özünü təsdiqləyən müğənnilər avtobusla da getsə, tələbat varsa, o yerdə görünəcək. Bəziləri üçün bu vacibdir. O müğənninin çəkisi yoxdur deyə, o yolla özünə çəki artırır.

- Məncə, qabardılmış səbəbdir.

- Mən bu səbəbə inanıram. Səhnədə olanın yaxşı imkanı olmalıdır. O ki qaldı sənətə pul xərcləməyə, bax, bu fikirlə razıyam. Özləri də gəncdirlər, özlərindən əvvəlki nəslin həyat şəraiti ilə uyğunlaşmaq istəyirlər.

- Məncə, əsl həqiqət onlarda iddianın olmamasıdır. Məsələn, Röya meydan oxuyur, bir şəkildə əmək kitabçasını doldurur. Bayaq rəqabətdən söz açdınız. Baxın, Aygün Kazımova ilə Brilliant Dadaşova arasında da yaş fərqi var. Amma onlar eyni nəsil müğənni kimi bir çəkidə tutulur. Aygünlə Röyanın arasında bəlkə ondan da az yaş fərqi var. Artıq Aygün Kazımova örtülmüş səhifə kimi təqdim olunur. Aygünün nə yaşı var ki? Bəlkə də onun yaradıcılığında görüləcək işlər hələ bundan sonradır.

- Aygün Kazımova ilə Brilliant Dadaşovanın respublikada tanınması arasında bir neçə ay fərq var. Təxminən eyni vaxtda onlar tanınmağa başladılar. O müğənni xoşbəxtdir ki, istənilən an boşluqdan yararlana bilir. İlqar Muradov da belələrindən idi. Lakin o anı o müğənni dəyərləndirə bilmədi. Bu da ondan irəli gəlirdi ki, o qədər səs-küy tappaturuplu mahnıların içində onun lirik, həzin səsi xüsusi seçilir. O oxuyanda hamı uzun-uzadı dinləməyə hazır idi.

- Nəhayət, il hansı hadisələrlə yadınızda qaldı?

- Brilliant Dadaşova, İradə İbrahimova yadımda qaldı. Zamiq yaxşı mahnılar ifa etdi… Belə…

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482

Oxşar yazılar