Xalq artisti Zülfyyə Xanbabayeva koronavirus barədə düşüncələrini sosial şəbəkədə yazıb. Lent.az-ın məlumatına görə, müğənni bu sözləri qeyd edib:
“Günlərdir düşünürəm. Baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən...
Bir birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə? Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq bəlkə?!
Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən... Hər şeydən düşünək. Tətildən yox, panikadan yox, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqdan düşünək. Daha dərindən düşünək.
İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil. Dualarımızı əksik etməyək”.